Muəllif:

Paytaxt boşaldılmalıdır. Lakin necə?

Bakı maksimum 1,5 milyon əhali üçün nəzərdə tutulub, hazırda isə paytaxtda 3 milyondan çox adam yaşayır. Rəsmi statistikaya əsasən, ölkə əhalisinin təxminən 25 faizi Bakıdadır. Lakin kommunal xidmətlərin istehlakı ilə bağlı göstəricilərə baxanda görünür ki, Bakıda yaşayanların sayı daha çoxdur. Bu baxımdan ən azı əhalinin 35-40 faizinin paytaxtda cəmləşdiyini söyləmək mümkündür.

Bakının 2 min kvadrat km ərazisi var, bunun isə təxminən yarısı aktiv yaşayış zonasıdır. Bakıda müşahidə edilən acınacaqlı vəziyyətin səbəblərindən birinin əhalinin çoxluğu olması faktdır. Gerçəkdən də, yollar maşınla dolu və təbii ki, hər maşında minimum 1-2 adam var, küçələrdə insan əlindən yerimək mümkün deyil, metroda vaqonlara minmək üçün gərək supermenlik qabiliyyətin olsun, yollarda saatlarla tıxac — hərdən adamı vahimə basır: axı nə baş verib?

Digər paytaxtlarla müqayisə etsək, Avstriyanın paytaxtı Vyanada ölkə əhalisinin ən çox 15 faizi yerləşib. Niderlandın paytaxtı Amsterdamda ölkə əhalisinin 5 faizi məskunlaşıb. Bu cür misalları çox çəkmək olar. Bəs Bakı niyə bu gündədir?

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, şəhərdə yaranmış sıxlığın, xüsusilə tıxacların səbəbi yalnız əhalinin çoxluğu ilə bağlı deyil. Onun sözlərinə görə, şəhərsalma normalarının pozulması da digər bir səbəbdir:

«Məsələn, Bakının mərkəzində «Nizami» metrosu yaxınlığında Cəfər Cabbarlı küçəsində 3 iri biznes mərkəzi tikilib. Buna yol vermək olmazdı. Lap əvvəldən paytaxtın əsasən darlığı ilə seçilən mərkəzi küçələrində kütləvi obyektlərin tikilməsinə icazə verilmirdi. Bakıda geniş küçələrin olmaması daha bir səbəbdir. Məsələn, Mətbuat prospektində tıxac olması gözlənilən deyil, çünki, bu prospekt kifayət qədər genişdir. Bu baxımdan, tıxacların ciddi səbəblərindən biri küçələrin dar olmasıdır».

Ekspert bildirir ki, paytaxtdakı maşınların çoxluğu ilə yanaşı, ölçücə böyük olmaları da problemin bir səbəbidir.

Onun şərhi:

«Bizdə böyük ölçülü xarici avtomobillərdən həddən artıq çox istifadə edilir. Hətta beynəlxalq müşahidəçilər belə bunu dəfələrlə vurğulayıblar ki, paytaxt şəhərlərinin, meqapolislərin heç birində Bakıdakı qədər böyük həcmli avtomobillərdən istifadə olunmur. Daha bir səbəb isə infrastruktur planlaşdırmasının olmamasıdır. Bilirsiniz ki, infrastruktur planlaşdırmasının tıxaclara həddən artıq böyük təsiri var. Tutaq ki, bir yol çəkilir və standartlara görə, 6-7 il o yol istismar edilməlidir. Belə olanda vətəndaş bilir ki, müəyyən müddət burdan istifadə ediləcək və orda tıxac yaranma ehtimalı azdır. Amma bizdə yol çəkilir, uzağı bir-iki ildən sonra, hətta bir-iki aydan, həftədən sonra belə, ya dağılır, ya da baş infrastruktur təmiri ilə bağlı sökülür. Sizə tipik bir misal deyim: bildiyiniz kimi, hazırda Şərifzadə küçəsi yenilənir. Bu yaxınlarda küçənin «İnşaatçılar» metrosuna yaxın hissəsində iş təzə başa çatmışdı ki, orda tıxac yaranmağa başladı. Məlum oldu ki, yol çəkilib, amma yolaltı infrastrukturda nəsə yaddan çıxıb. Oranı yenidən qazdılar, təmir apardılar. Daha bir çətin durum Heydər Əliyev prospektində yaranacaq, çünki, artıq anons veriblər ki, prospekt boyu yeraltı və yerüstü keçidlər tikiləcək. Bu isə təbii ki, o yolda tıxacların yaranması, yolun bir sıra yerlərinin dağılması ilə nəticələnəcək. Yəni problem ondadır ki, düzgün planlaşdırma yoxdur».

Ağayevin sözlərinə görə, digər səbəblərdən biri parklanma üçün şəraitin olmamasıdır:

«Yenə sizə Şərifzadədən misal çəkə bilərəm, hər gün o yolu gedirəm və müşahidə edirəm ki, qanunsuz parklanma gedir. Təsəvvür edin ki, 3 zolaqlı, həm də sıx gəliş-gedişli yolda bir zolağı parklanma tutur, birini marşrutlar tutur, qalan maşınlar isə yüklənir bir zolağa. Bu zaman istər-istəməz tıxac yaranır. Eyni vəziyyəti «Azərsu» ASC-nin ətrafındakı yollarda da görmək olar və aydın məsələdir ki, Bakının bir çox yolu bu vəziyyətdədir. Hökumət indi-indi başlayır təşkil olunmuş yerlərdə dayanacaqlar tikilməsinə. Doğrudur, buna hələ bir neçə il əvvəl başlanmalı idi, amma yenə də gec deyil».

Ekspert bildirir ki, bütün bu problemlərə rəğmən, ən ciddi səbəb əhalinin çoxluğudur və bu baxımdan da paytaxt boşaldılmalıdır:

«Bunun üçün inzibati binalar şəhərətrafına köçürülməlidir. Təkcə Bakı Dövlət Universitetini çıxmaq şərtilə bütün ali məktəblər, universitetlər regionlara, digər şəhərlərə köçürülməlidir. Eyni zamanda, böyük şirkətlərə hətta müəyyən güzəştlər etməklə stimullaşdırıb regionlara köçürmək lazımdır. Bu üsuldan məsələn, Cənubi Koreyada istifadə edilib və yaxşı nəticə əldə edilib».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 560