Muəllif:

Parlamentdə «tarix» qalmaqalı

Milli Məclisin dünənki iclasında «Mədəniyyət haqqında» qanunun müzakirəsi deputatların bir-birlərini ittiham etməsi ilə müşayət olundu. İlk olaraq qanun layihəsi barədə danışan Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov bildirirdi ki, 3-cü oxunuşa çıxarılan bu sənəd çox əhəməiyyətlidir. «Bu qanun ölkənin mədəni həyatının müəyyənləşməsində mühüm rol oynayır», — deyə Cəfərov ayrıca vurğuladı.
Elə gəlirdi ki, müzakirə normal ahəngdə kedəcək. Lakin belə olmadı. Qanun layihəsi ilə bağlı ilk tənqid «atəşini» YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açdı. Aram-aram danışmaqla çıxışına başlayan Novruzov Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatları «topa» tutdu. Qeyd etdi ki, yaradıcılıq təşkilatlarındakı mühit 1960-cı illərdəki mühiti xatırladır. Novruzov bu qurumlarda ciddi islatahlara ehtiyac olduğunu vurğuladı.
«Milli Elmlər Akademiyası da daxil olmaqla bütün təşkilatları nəzərdə tutaraq deyə bilərəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, bu cür dövlət qurumları olsun. Məgər Cek London Yazıçılar İttifaqının üzvü olub?», — deyə deputat məclis əhlinə xitab etdi.
Deyəsən, əsaslandırılmış xitab idi. Deputat bu fikirdədir ki, dövlətin maliyyələşdirdiyi yaradıcı təşkilatlar ortaya müsbət heç nə qoya bilmirlər. «Kinematoqrafçılar İttifaqı vardı, 20 il ərzində dövlət tərəfindən maliyyələşdi. Bu təşkilat nə Qarabağla bağlı, nə də dövlətlə bağlı ortaya bir film qoya bildi. Amma bir balaca üstlərinə gedən kimi, qışqırıqları başdan aşdı. Bu baxımdan ciddi islahatlar vacibdir».
Daha sonra Yazıçılar İttifaqınına «üz tutan» deputat onları yaradıcılıq böhranı keçirməkdə ittiham etdi: «Bizim yazıçılarımızın biri bibisindən yazır, biri xalasından yazır, adını da qoyur «ziyalı», başlayır çıxış eləməyə», — deyə deputat narazı-narazı vurğuladı.
Millət vəkilinin fikrincə, dünyada özəl yaradıcılıq təşkilatları var və istənilən şəxs bu təşkilatlara üzv ola bilər. «Mədəniyyət təşkilatları ilə bağlı yeni yanaşma tapılmalıdır. Mədəniyyətin, incəsənətin inkişaf etməsi üçün bu vacibdir», — deyə Novruzov bildirdi.
Bu hələ hamısı deyildi. Daha sonra tarixçilərə keçən deputat vurğuladı ki, elmlə məşğul olmaq üçün yeni nəsil bu təşkilatlara gəlmir. Elmi araşdırmaları tənqid edən deputatın sözlərinə görə, elmi titullarını sovet dövründə alan şəxslər hara gedirlərsə, SSRİ-də ali məktəb, konservatoriya bitirdiklərini vurğulayırlar. «SSRİ qutardı da, indi ortaya yeni bir şey qoymaq lazımdır. Elm adamlarına stimul vermək lazımdır» — deyə deputat çıxışını daha da kəskinləşdirdi: «Onlar hansı nailiyyətlər əldə ediblər? Son dövrdə dünyaya çıxacaq hansı nailiyyətləri var? Hesabat olmalıdır, biz bilməliyik ki, bu pullar hara xərclənir. Ortada nə var? Bununla bağlı dövlət pul ayırır. Elmin bu səviyyədə olması ciddi problemlər yaradır. Bu adamlar millətin kökünü belə, tapa bilmirlər. Biri deyir türkdü, biri deyir farsdır. Bunu ortaya çıxarmaq lazımdır».
Onun çıxışından sonra söz alan Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov alovun üstünə su tökmək təşəbbüsündə bulundu. Siyavuş Novruzovun fikirləri ilə razı olduğunu vurğulamaqla, komitə sədri onu da əlavə etdi ki, həmkarının dedikləri yalnız ideal vəziyyət üçün düzgündür. Yəni bizdə hələ ideal vəziyyət yoxmuş. Niyə görəsən, dünya təcrübəsi varkən bunun hüquqi əsasları indiyə qədər niyə yaradılmayıb. Nədir mane olan. Hər halda, Nizami Cəfərov bu vəziyyətə rəğmən islahatların da vacib olduğunu söylədi. N.Cəfərovun fikrincə, hər hansı dəyişiklik birdən-birə mümkün deyil. «Sovet dövründə yazıbyaratmış nəsillərə birdən «çəkil» demək mümkün deyil», — deyən deputat elmin dövlət dəstəyinə böyük ehtiyacı olduğunu vurğuladı. Bu məntiq də anlaşılmır.
Təbii ki, bu ittihamlara reaksiya olmalı idi. Bu missiyanı deputat, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva öz üzərinə götürdü. Siyavuş Novruzovun Azərbaycan tarixi barədə dediyi ifadələri sərt etirazla qarşılayan Baxşəliyeva həmkarının Azərbaycan tarixi və mədəniyyəti barədə dediklərinə etiraz edərək, YAP-çı deputatı «diletant» və «naşı» adlandırdı.
Xanım deputatın sözlərinə görə, S.Novruzovun yaradıcı təşkilatlar barədə tənqidi şərhləri Milli Məclisdə səsləndirməsinə təəssüf edir və bildirir ki, deputat belə danışmamalıdır (!?)… Əlavə etdi:
«Milli Elmlər Akademiyasında verilən cüzi maaş müqabilində yaradıcı adamlar son dərəcə əhəmiyyətli işlər görürlər. Məhz akademiya institutlarının gördüyü işlər nəticəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında ciddi və sanballı hesabatlar ortadadır. Onların yazdığı yazılar nəticəsində Azərbaycan tarixi barədə müəyyən təsəvvür yaranıbdır».
Daha sonra millət vəkili qeyd edib ki, tarix barəsində diletant fikirlərin səsləndirilməsi çox yersizdir. «Xəbərləri olmamaq o demək deyil ki, vəziyyət pisdir. Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir».
Daha sonra G.Baxşəliyeva bildirdi ki, elm adamları tərəfindən Azərbaycan mədəniyyəti, tarixi barədə çox gözəl araşdırmalar var. «Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlər çox həvəs və fədakarlıqla öz işləri ilə məşğul olurlar. Hər halda, elm adamları partiya funksionerlərindən daha çox xeyir verir» — deyə sancdı. G. Baxşəliyeva vurğuladı ki, Tarix İnstitutunun fəaliyyətinin istənilən sahəsində irəliləyiş var.
Lakin Siyavuş Novruzovun Şərqşünaslıq İnstitutunun direktoru, deputat Gövhər Baxşəliyevaya cavabı çox gecikmədi. Bir qədər sonra söz alan S.Novruzov bildirdi ki, Gövhər Baxşəliyeva Azərbaycan məktəblərində tarix kitablarının nə səviyyədə olduğunu görəndən sonra bu suallara cavab tapmalıdır. Siyavuş Novruzov Gövhər Baxşəliyevanın onun ünvanına səsləndirdiyi «elm adamları partiya funksionerlərindən daha çox xeyir verir» ifadəsinə etiraz edərək bildirib ki, YAP-ın funksioneri olmaqdan qürur duyur.
«Partiya funksioneri olmağı özümə şərəf hesab edirəm. Heydər Əliyevin çörəyini yeyənlər, atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər. Gövhər Baxşəliyevanın çıxışına etirazımı bildirirəm. Yeni Azərbaycan Partiyasının sıralarında çox sanballı elm adamları olub. Elə Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, mərhum Ziya Bünyadov məhz belə adamlardan olub».
Siyavuş Novruzovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının sıralarında çoxlu adlı-sanlı alimlər var. «Abel Məhərrəmovun elmi işlərini yüksək qiymətləndirmişik və hakim partiya onu Nobel mükafatının təqdiminə irəli sürmüşdü». S. Novzurov bildirdi ki, hər hansı fikri deyərkən onun əsaslandırılması vacibdir. Deputatların çıxışları ilə bağlı belə əsassız ifadələrin işlədilməsi yolverilməzdir.
«Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq. Azərbaycanın şərəfli və tarixi elmi keçmişi var. Qara Qarayev, Üzeyir Hacıbəyov, Ziya Bünyadov və digərləri var. Gəlin görək Şərqşünaslıq İnstitutu Ziya Bünyadovdan başqa kimi yetişdirib ortaya qoyub? İnternetə baxdıqda Qafqazda Albaniya, Atropatena, Nizami ilə bağlı çox araşdırmaların ortaya qoyulduğunun şahidi ola bilərik. Bəs siz hansı əsərləri yazıb ortaya qoymusunuz? Bunun hesabatı hardadır? Kimsə Firdovsidən müdafiə edib alim adı alıbsa, bu yanaşma deyil axı», — deyə S.Novruzov vurğulayıb.
YAP-çı deputat qeyd edib ki, istənilən adamla onun öz sahəsində polemika aparmağa hazırdır.
«Əgər indi bu adam direktordursa, sabah başqası ola bilər. Kimsə bu vəzifədə əbədi deyil. Bu gün biridirsə, sabah başqası ola bilər. Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən 3 ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır. Kimsə çıxış edirsə, öz fikrini desin. Deputatın fikirlərini diletantlıq ifadələri saymaq yolverilməzdir. İstənilən adamla onun sahəsində müzakirə etməyə hazıram», — deyə S.Novruzov əsəbi şəkildə çıxışını yekunlaşdırdı.
Bundan sonra Milli Məclis «Mədəniyyət haqqında» qanunu, nəhayət, sonuncu — üçüncü oxunuşda qəbul etdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 257