Muəllif:

Ölkədə BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir

Bu gün Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 260 milyon ABŞ dollarından çox birbaşa investisiyalar yatırılıb. Azərbaycan şirkətləri də BƏƏ-də uğurla fəaliyyət göstərirlər. «SOCAR TRADİNG S.A» şirkəti tərəfindən «SOCAR Aurora Fujairah Terminal FZE» terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə 33 milyon ABŞ dolları yatırılıb. Bu məlumatı Dubayda iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə hökumətlərarası komissiyasının 4-cü iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev səsləndirib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi heyət təmsil edib. BƏƏ tərəfdən iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi komissiyada bu ölkənin müvafiq dövlət qurumlarının təmsilçiləri vardı.
Sultan Bin Səid Əl Mansoori ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Bildirilib ki, son illər BƏƏ Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilib. İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də turizm, nəqliyyat, təhsil, səhiyyə, tikinti və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq müşahidə edilir. Sultan Bin Səid Əl Mansoori BƏƏ və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində özəl sektorun da əhəmiyyətli rol oynadığını vurğulayıb.
Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulayıb: «Beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bir-birinin mövqeyini daim dəstəkləyir».
Qeyd edilib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-dən çox sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, ölkələrimiz arasında ticarət əlaqələri ildən-ilə genişlənir, ticarət dövriyyəsi 2010-cu illə müqayisədə ötən il 52%, bu ilin yanvar-oktyabr aylarında isə 29% artıb. Mustafayev qeyd edib ki, ötən ay Bakıda açılmış Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyi qurumun xaricdə ilk nümayəndəliyi olmaqla, bütün MDB məkanını əhatə edəcək. Palatanın ilk ofisinin məhz Azərbaycanda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin daha bir göstəricisidir.
Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının 3-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, sənaye, maliyyə əməkdaşlığı, sərnişin və yük daşımaları, turizm və s. sahələrdə əməkdaşlıq uğurla davam etdirilib, bu sahələrdə bir sıra işlər görülüb.
Hökumətlərarası komissiyanın iclasında iki ölkə arasında ticari-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
«Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında» anlaşma memorandumu imzalanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 488