O, qonur gözlü nəhəng idi
Bu ilin əvvəlində “Buta” İncəsənət Mərkəzi “He Was a Giant with Brown Eyes” (“O, qonur gözlü nəhəng idi”) adlı Azərbaycan haqda filmin yaradıcısı, isveçrəli rejissor Eylin Hoferə dəstək vermişdi. Bu film Rusiyada keçirilən irimiqyaslı “ARTDOKFEST” sənədli film festivalı çərçivəsində uğur qazanıb. “O, qonur gözlü nəhəng idi” filmi 11 dekabrda “Xudojestvennıy” kinoteatrında uğurla nümayiş etdirilmişdir.
Film indiyədək Avropa, Asiyavə Latın Amerikasının bir çox şəhərlərində nümayiş etdirilmiş, ən nüfuzlu kinofestivalların iştirakçısı olmuşdur. O cümlədən, Beynəlxalq Rotterdam kinofestivalı, Havana kinofestivalı, Visions du Reel Sənədli film festivalı (Nion, İsveçrə), Amyen (Fransa) Beynəlxalq kinofestivalı, IndieLisboa Beynəlxalq müstəqil film festivalı (Lissabon, Portuqaliya), Boqota kino festivalı (Kolumbiya), Seul kino festivalı (Cənubi Koreya), “Listopad” (Xəzan) beynəlxalq kinofestivalı (Minsk, Belorusiya) və s.) və Braziliyanın Rio-de-Janeyro şəhərində Beynəlxalq qadın kinofestivalında (Femina Film Festival) ən yaxşı rejissorluğa görə mükafat almışdır. Mətbuatın, tənqidçilərin və adi tamaşaçıların çoxsaylı müsbət rəylərini qazanmış bu film növbəti meydanı Moskvaya idi.
Eylin Hofer (1976-cı il, Sürix doğumlu) bu gün iri kino festivallarından birində mətbuat attaşesi işləyir. Rejissor karyerasına başlamazdan əvvəl Eylin bir neçə il İsveçrədə nəşr olunan jurnalların birində jurnalist və baş redaktor vəzifələrində işləyib. 2004-cü ildə Eylin bütün dünya üzrə yüzlərlə perspektivli kino istehsalçılarını birləşdirən “Berlinale Talent Campus” adlı yaradıcılıq akademiyasında iştirak etmişdir. Eylin bir neçə qısametrajlı filmin müəllifidir. Bu filmlərin hamısı onlarla nüfuzlu kinofestivallarda sərgilənmiş (o cümlədən, Lokarno, Klermon-Ferrane, Palm-Sprinqs, Rotterdam, Bruklin, Aspen, Vila-de-Konde, Namur və s. şəhərlərdə keçirilmiş kino festivallarında) və onlarca mükafata, o cümlədən, İsveçrə kinosunun əsas festivalında təqdim olunan mükafata – “Suissimage/Solothurn Film Festival New Generation Prize” mükafatına layiq görülmüşdür.
“He Was a Giant with Brown Eyes” – Eylinin çəkdiyi ilk tammetrajlı sənədli filmdir. Bu filmdə adi azərbaycanlı ailəsindən olan iki bacının həyatında valideynlərinin ayrılması və ananın bacılardan biri ilə İsveçrəyə köçüb getməsi ilə əlaqədar olaraq baş verən dəyişikliklərdən bəhs olunur. Sadə və eyni zamanda təsirli və ibrətamiz olan bu hekayə Bakının və Azərbaycanın dağ rayonlarında yerləşən kəndlərinin gözəl və canlı mənzərələri fonunda göstərilmişdir. İsveçrəli rejissorun indiyə kimi ona heç tanış olmayan bir xalqın mentalitetini bu qədər dərinliyinə kimi dərk edə bilməsi və bu xalqın həyat prinsiplərinin sadə və eyni zamanda müdrik gerçəkliklərini əks etdirməyi bacarması heyrət doğurur. Bəlkə də, bu, Eylinin damarlarında həm də türk qanının axması ilə bağlıdır.