Nigar Yaqublunun həbsi: bu, siyasi sifarişmi?
Bu məsələ barəsində dünən gənc müsavatçı Nigar Yaqublunun vəkilləri və hüquqlarını Müdafiə Komitəsinin üzvləri RATİ-nin Media Mərkəzində təşkil etdikləri dəyirmi masada söz açdılar. Bəlli olduğu kimi, yol qəzasına görə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. «Turan» agentliyinin xəbərinə istinadən, Müdafiə Komitəsinin sədri Mehriban Vəzir Nigar Yaqublu barəsində həbs qərarını ictimai fəala qarşı qərəz, ədalətsizlik, əxlaq və mənəviyyata sığmayan çirkin addım adlandırıb. Dedi:
«Əgər Nigar ictimai fəal olmasaydı, həbsdə olmazdı. Bu həbsin siyasi sifariş olmamasına artıq heç kəsi inandırmaq olmaz», — bu qənaəti isə N.Yaqublunun vəkili Adil İsmayılov bölüşdü.
Beləliklə, N.Yaqublunun barəsində istintaq zamanı həbs qətimkan tədbirinin seçilməsi ictimai fəal olması ilə əlaqələndirilir. N.Yaqublunun cəzasını məntəqə tipli cəza müəssisəsində çəkəcəyinə də toxunulub. Burada cəzaçəkmənin daha yüngül olması, 12 saat müddətinə məntəqəni tərk edə bilməsi halları qeyd edilir. Azərbaycan gerçəkiliyində bu tipli yerlərdə qalmır, insanlar evlərində olur. Amma bunun Nigara tətbiq edilib-edilməyəcəyi bir ayrı məsələdir. A.İsmayılov N.Yaqubluya «əlahiddə münasibət»in ola biləcəyini istisna etmir.
Digər vəkil Elton Quliyev N.Yaqublunun həbsini yol qəzasına görə Azərbaycanda ilk qadın məhbus «yeniliyi» yaranması adlandırıb. N.Yaqublunun barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsindən məhkəmənin 2 il 6 ay həbs qərarı çıxarmasına kimi bütün proses hüququn pozulması kimi dəyərləndirilib. «Bu işdə bir vərəq belə prosessual sənəd sayıla bilməz», — E.Quliyev məhkəməni başdan-ayağa hüquqpozmalarda ittiham edir.
«Əvvəl gündən bilinirdi ki, bu həbs siyasi sifarişdir», — Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli N.Yaqbulunun həbsinə münasibətini bildirib. Bu həbs ictimai fəallığına görə N.Yaqubluya, siyasi əqidəsinə görə atası, Müsavat Partiyasının funksioneri Tofiq Yaqubluya təzyiq kimi dəyərləndirilib. Bu həbs həm də T.Yaqubluya mənəvi işgəncə kimi xarakterizə edilib.
Tarixçi-professor Cəmil Həsənli isə N.Yaqublunun həbsini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sanksiyalaşdırdığını iddia edir. Müdafiə Komitəsi N.Yaqublunun həbsdən azad olunması üçün mübarizəni davam etdirəcəyini bildirir.