«Neftçi» qrup sonuncusu oldu
Avropa Liqası qrup mərhələsinə yekun vurulub. Bu yarışda mübarizə aparan yeganə təmsilçimiz «Neftçi» üçün avrokubok mövsümü başa çatıb.
Qitə arenasında mübarizə aparan «Neftçi» qrupda son oyununu İtaliyada «İnter»ə qarşı keçirib. «Cüzeppe Meattsa» stadionundakı oyunda «ağ-qaralar» meydan sahiblərindən bir xal almağı bacarıb.
Belə ki, Marko Livayanın erkən vurduğu qolla fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Bakı klubu, ikinci hissənin 52-ci dəqiqəsində Rəşad Sadiqovla hesaba tarazlıq gətirib. Lakin «Flaqman»nın qol sevinci çox çəkməyib. 54-cü dəqiqədə Marko Livaya yenidən komandasını hesabda önə çıxarıb. Amma buna baxmayaraq, Böyükağa Hacıyevin komandası sona qədər mübarizə apararaq istəyinə nail olub. Matçın 89-cu dəqiqəsində Bruno Bertuççinin vurduğu top komandamıza səfərdə bir xal qazandırıb.
Qrupumuzun digər oyununda isə «Partizan»la «Rubin» Belqradda münasibətlərinə aydınıq gətirib. Bu qarşılaşmada da bərabərlik qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən tərəflər görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Beləliklə, növbəti mərhələyə adlayan «Rubin» «H» qrupunda 15 xal toplayıb. 12 xala malik olan «İnter» ikinci olub. «Partizan» 3 xalla 3-cü, eyni xala malik olan «Neftçi» isə sonuncu yerdə qərarlaşıb. Matçdan sonra «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərlə görüşündə bunları deyib: «Bu gün çox sevindiricidir ki, komandamız İtaliyada, Milanda «İnter»lə heç-heçə oynadı və yaxşı oyun göstərdi.
Bir şey reallıqdırsa, niyə inanmayaq? Vobay Flavinyonu, İmamverdiyev Kanalesi vaxtında «oxuya bilsəydi», nəticə başqa olardı. Futbolu yorğanın altında gizlətmək olmaz. Bir gün üzə çıxacaqdı».
İtaliyanın «İnter» klubunun baş məşqçisi Andrea Stramaççoni UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu «Neftçi»yə qarşı keçirdikləri oyunu şərh edib:
«Biz oyuna normal hazırlaşmışdıq. Birinci hissədə diqqətli oynadıq. İkinci yarıda isə bir qədər arxayınlaşdıq. Şou göstərməyi bacardıq. Amma daha üç qol vurmaq əvəzinə özümüz ikisini buraxdıq. Komandamı təbrik edirəm. Çünki, meydanda çoxlu gənc futbolçularımız var idi.
Birinci oyunda «Neftçi» yaxşı oyun sərgiləmişdi və qələbəyə də layiq idi. Bu gün isə «İnter» qələbə qazanmalı idi. Sadəcə, qonaqlar sona kimi mübarizə apardılar. Fikrimcə, «Neftçi»də nəticə qazanmaq üçün motivasiya və istək komandamızla müqayisədə daha çox idi. Onlar qələbə qazanmağa da yaxın idilər».