Muəllif:

Narkotik daşıyan da cəzalanır, onu əkib-becərən də

Bu şirnikdirici əməlin həvəsinə düşənlər bilməlidir: narkotiki daşıyan da, onu satan da, onu əkib-becərən də qanunla təqib olunur və ailələrə fəlakət gətirən bu cinayət əməlinin ağır cəzası var. Cəmiyyətdə birdəfəlik hörmətdən düşmək kimi daha ağır olan mənəvi cəzanı da bunun üstünə gələk. Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Azərbaycan vətəndaşları — Ramiz Bağırov, İmran Quliyev bu cəzanı həyatlarında yaşayacaqlar. Onlar İran vətəndaşı Noşəhr Nəsirzadə ilə birlikdə bu cinayət əməlinə baş vurublar. Bu cinayət işi üzrə məhkəmə başa çatdı və onlar layiq olduqları cəzanı aldılar.
Bu şəxslər adları istintaqa məlum olmayan bir qrup İran vətəndaşı ilə əvvəlcədən əlbir olaraq, satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına külli miqdarda narkotik vasitə sifariş verib. Narkotikin qaçaq yolla ölkəmizə gətirilməsini, qrupun digər üzvü İmran Quliyevə tapşırıb, Noşəhr Nəsirzadənin sürücüsü olduğu avtobusla isə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub.
Bundan sonra, Noşəhr Nəsirzadə idarə etdiyi avtobusda içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd laminat taxta hissələrini Azərbaycana gətirib və Lənkəran şəhəri yaxınlığında İmran Quliyevə təhvil verib. Lakin qrupun bütün üzvləri yaxalanıb və onlardan 500 qram heroin aşkar edilərək götürülüb.
Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə səsləndirlən hökm sarsıdıcı oldu: Ramiz Bağırov 10 il 6 ay, İmran Quliyev 9 il 6 ay, Noşəhr Nəsirzadə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İndi gələk onu əkib-becərənlərə. Lənkəran Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirməkdə ittiham olunan Sabirabad rayon sakini Ələkbər Əliyevin cinayət işinə də baxılırdı. Bu «fermer» Sabirabad polisinin əməliyyat tədbirləri zamanı yaxalanıb. Minbaşı kənd sakini Ələkbər Əliyevin həyətyanı sahəsinə baxış keçiriləndə oradan 6 ədəd çətənə kolu aşkar edilib… Onu da əlavə edək ki, Ələkbər Əliyev əvvələr də narkotik satışı ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb. Lakin bu ona dərs olmayıb. Dımrığı ikinci dəfə basıb. Hakim Rəşid Hüseynov ona bu dəfə 6 il iş kəsdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bu iş isə təəccüb doğurmaya bilmir. Bu da narkotik məsələsidir. Bir məhkuma narkotik gətirib, və bu narkotik məhkumun kamerasında tutulub. İttihama görə, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1972-ci il təvəllüdlü məhkum Vaqif Bağırova məxsus, mətbəx otağında yerləşən ərzaq dolabçacsından «Nescafe klassik» kofe qutusunun içərisindən qara coraba bükülmüş 34,743 qr çəkidə heroin aşkar edilib.
Vaqif Bağırov CM-nin quldurluq (181.2.1; 181.2.2; 181.2.3; 181.2.4; 181.2.5), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.2.1) və azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma ( 304.1) maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Araşdırmalar zamanı ona narkotik vasitəni gətirən şəxs də müəyyən edilib.
Həmin şəxs — onun qohumu Zaur Teymurov imiş. Zaur Teymurov da həbs edilib. Vaqif Bağırov 9 il, Zaur Teymurov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236