Muəllif:

Narko-situasiya: Düz bağırsağa xeyli mal «yükləyə» bilirlər

Xeyli sayda ifşa faktına, bu halların ictimailəşməsinə baxmayaraq narkotik alverçiləri İrandan ölkəmizə daxili orqanında (söhbət düz bağırsaqdan gedir) narkotik keçirmək cəhdlərindən əl çəkmirlər. Bu əcaib üsul barədə son günlər daha iki fakt açıqlandı.
Dövlət Gömrük Komitəsindən «Trend»ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Aslan Məmməd oğlunun üzərində şəxsi yoxlama keçirilib. Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 11 ədəd bükümdə xalis çəkisi 160,129 qram olan tiryək aşkar olunaraq götürülüb.
«Qoşa Təpə» gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı Kamil Paşayevin də üzərində şəxsi yoxlama zamanı 1 ədəd bükümdə, xalis çəkisi 0,276 qram olan tiryək aşkarlanıb.
Başqa bir fakta görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan ölkəyə gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan heroin aşkar edilib.
Bu faktlarla bağlı cinayət işinin başlandığı xəbər verilir. Bəli, bunlar İranın tərifli mənəvi mühitindən «mömin müsəlmanların» vətəndaşlarımıza gətirdikləri və polisin ələ keçirdiyi «sovqatlardır». Ələ keçirilməyən, ən ağlagəlməz yollar və üsullarla ölkəyə sızdırılan uyuşdurucu partiyaları isə öz dağıdıcı işlərini görməkdədir. Polisin ölkə daxilində bu parazit alverçilərdən tutduğu uyuşdurucuların həcmi narko-situasiyanın hələ də qorxulu həddə qaldığını göstərir.
DİN saytına istinadən, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Şəki şəhərində yaşayan, əvvəllər məhkum olunmuş İlham Sadıqovu 2 kiloqram 375 qram marixuananı 3800 dollara satarkən cinayət başında tutmuşlar. Zaqatala polisi isə, Fındıqlı kənd sakini Əlişir Artilovun (1974) həyətyanı sahəsində yerləşən mal tövləsinin çardağından 2 kq 185 qram qurudulmuş marixuana aşkar etmişdir. İlkin dindirmə zamanı Əlişir Artilov marixuananı şəxsi istifadəsi üçün saxladığını iddia edib (narkotik alverçilərinin köhnə bayatısı!).
Paytaxtın Suraxanı rayonunda isə polisin ovu uğurlu olub. Onlar 5 ildir axtarışda olan narkotik istehsalçısı ilə bərabər, xeyli «mal» da ələ keçirmişlər. DİN-dən verilən xəbərə görə, polisin Suraxanıda gecə saatlarında keçirdiyi xüsusi əməliyyatın gedişində narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan İsgəndər Nuru oğlu Səfərov saxlanılmışdır.
Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülüb. Hazırda polis ifşa olunan şəbəkədə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin olub-olmadığını araşdırır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 237