Muəllif:

Nağdsız ödəmələr xəlvəti iqtisadiyyata zərbədir

İnkişaf etmiş ölkələrdə nağdsız ödəmələr əsas ödəniş vasitəsidir. 1661-ci ildə dünyada ilk dəfə bankomatlardan istifadə edən İsveç hazırda nağdsız pul dövriyyəsinə görə də ilk yerdə dayanıb. Bu ölkədə nağd pul dövriyyəsi cəmi 3%dir. Yaponyada isə nağd pulla aparılan əməliyyatlar ümumi dövriyyənin 5%-ni təşkil edir. Avropa Birliyində analoji göstərici 9%-dir.
Cəmiyyətimizdə nağdsız ödəmələrə laqeydlik mövcuddur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı sorğu göstərir ki, əhalinin böyük bir qismi ümumiyyətlə ödəmənin bu növündən xəbərsizdir. Hətta bəzi hallarda POS terminal quraşdırılmış obyekt sahibləri belə bu qurğunun nə məqsədlə istifadə oluduğunu və necə istifadə edildiyini bilmir. Çünki, dəfələrlə şahid olursan ki, alıcı ödəməni kart vasitəsi ilə həyata keçirmək istəyir lakin, bu əməliyyatı icra edə biləcək kimsə olmur. Digər tərəfdən, POS terminallar vasitəsi ilə edilən dövriyyə vəsaiti realizə edildiyi zaman komisiyon xərci ilə üzləşir ki, bu da əlavə məsrəfə səbəb olur. Həmçinin, bu vəsaitlər heç bir çətinlik olmadan vergiyə cəlb edilir ki, bu da faktiki olaraq Azərbaycanlı sahibkar üçün arzuedilən deyil.
İqtisadcı eksperti Rəşad Həsənovun fikrincə, problemin digər tərəfi satıcının bank komisyonu və ödəyəcəyi vergini alıcının vəsaiti hesabına kompensasiya etmək cəhdidir. Və yaxud da satıcı bunu edə bilmədikdə bir çox hallarda müştərini yaxınlıqdakı bankomata yönləndirir ki, ödəniş məbləgini nağd formada əldə etsin. Bəzən isə ödənişin bu formasında alıcı daha çox vaxt itirir. Həmçinin POS terminalların quraşdırılıb başa çatmaması və sosial-iqtisadi sferanı tamamilə əhatə etməməsi səbəbindən adamlar nağd pullar olmadıqda cətinliklə üzləşir ki, nəticədə nağd pul həyatın bütün sahələrində hələ də əvəzedilməzdir.
Ekspertin sözlərinə görə, problemin aradan qaldırılması üçün ilk əvvəl əlaqədar qurumlar və banklar (banklar göstərdikləri xidmətə görə komisyon faizləri qazanır ki, bu da sektor gəlirlərini böyük həcmdə kredit faizlərindən asılılığını azalda bilər) kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğat kampaniyaları aparmalı və bu zaman sadə vətəndaşı razı salacaq arqumentlərə üstünlük verilməlidir. Vətəndaş inanmalıdır ki, kredit kartları nağd puldan daha etibarlıdır. O bilməlidir ki, üzərində nağd pul olmadıqda onu itirmək və ya soyulmaq qorxusu da olmayacaq. Kartı itirmək isə heç də pulu itirmək deyil. Bu zaman müvəkkil banka zəng etməklə hesabı bağlada və yeni karta köçürə bilirsən.
R.Həsənov deyib ki, banklar gəlirlərinin bir qismini bonuslar şəklində vətəndaşa qaytarmaqla nağdsız ödənişləri təşviq etməlidir. Hazırda bu sahədə müəyyən addımlar atılsa da, tamamilə sektoru əhatə etmir və ən əsası reklam rolikləri məsələdən məlumatı olmayan adamları cəlb edəcək qədər aydın olmur. Ümumiyyətlə bu sahədə vətəndaş informasiya azlığından əziyyət çəkir. Bu sahədə irəliləyiş əldə etmək üçün atılacaq vacib addımlardan biri isə dövriyyənin bu növünə vergi güzəştlərinin tətbiq edilməsidir. Təklif edilir ki, ikili vergi bəyannamələri tətbiq edilsin. Nağd və nağdsız dövriyyələr fərqli dərəcələrlə daha dəqiq desək nağdsız dövriyyə 50% az vergiyə cəlb edilsin. Bu zaman itirilən vəsait bu növ dövriyyənin coxalması və itkisiz vergiyə cəlb edilməsi nəticəsində kompensasiya ediləcək. Vergi güzəştlərinin tətbiqi həmçinin, nağd vəsaitlərin azalması və yaxud da olmaması nəticədə oğurluq, soyğun, saxta əskinasların dövriyyəsi və yaxud da qalıq pulun qaytarılmasında səhvlik kimi bir cox gündəlik qayğılar aradan qalxacaq. Bu kimi üstünlüklər sahibkarları özünə cəlb edəcək.
Doğrudur, Vergilər Nazirliyi vergi imtiyazlarını da nəzərdə tutan təkliflər paketini Nazirlər Kabinetinə təqdim edib, lakin hələlik bu sahədə hər hansı rəsmi addım atılmayıb. Ekspert əlavə edib ki, nağdsız hesablaşmaların artması xəlvəti iqtisadiyyat üçün ciddi zərbədir. Məhz məsələnin bu tərəfi vətəndaşa aydın izah edilməlidir. Vətəndaş bilməlidir ki, onun kartla ödədiyi vəsait avtomatlaşdırılmış sistem vasitəsi ilə vergiyə cəlb edilir ki, bu zaman vergidən yayınma mümkün olmur. Tutulan vergi alıcının hesabından deyil, satıcı tərəfin hesabına ödənilir. Sahibkar da bilməlidir ki, onun biznesi leqallaşdıqca inzibati orqanlar tərəfindən tələb edilən qeyri-rəsmi ödənişlər (rüşvət) aradan qalxır, sahibkarlıq fəaliyyətinə kənar müdaxilə azalır və nəticədə stressiz fəaliyyət mümkün olar. Nağdsız ödəniş sisteminin təşəkkül tapması sonda qeyri-qanuni fəaliyyət sferasını sıxışdıracaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 355