Müxalifət MM qarşısında aksiyada israrlıdır
«Bakı polisi dekabrın 10-da İctimai Palatanın aksiya keçirməsinə imkan verməyəcək». Bunu APA-ya açıqlamasında Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov deyib.
Rəis müavini bunu Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya icazə vermədiyi ilə əsaslandırılıb: «Razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir. Biz lazımı tədbirləri görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq»
İctimai Palatdan «Azadlıq» radiosuna planlaşdırılan aksiyanı keçirməkdə israrlı olduqlarını deyiblər.
Aksiya ilə bağlı bir neçə gün əvvəlki müraciəti Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 6-da cavablandırıb. Məktubda Milli Məclis qarşısında aksiya keçirmək məqsədəuyğun hesab edilmir.
İctimai Palata eyni tələblə parlament qarşısında və Bakının mərkəzində bir neçə dəfə etiraz aksiyasına cəhd edib.
Müxalifətçilər Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı qalmaqallı video görüntülərdə səslənən faktlara görə parlamentin buraxılmağını tələb edirlər. Habelə bu aksiyanın 10 dekabr Ümümdünya insan haqları günü ilə bağlı keçirilməsi qərara alınıb. Belə ki, sentyabrın 25-də internetdə fəaliyyəti qadağan olunmuş ABU-nun eksrektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı videomaterial yayılıb. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıldığı, istintaq getdiyi bildirilir.