Muəllif:

«Moody’s» reytinq agentliyi:

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını 50 mln. manata çatdırmalıdır. Hazırda məcmu kapitalla bağlı minimal tələb 10 mln. manat təşkil edir. Mərkəzi Bank İH sədri Elman Rüstəmovun açıqlamasına görə, Azərbaycanda fəaliyyət göstərən bankların 87%-i məcmu kapitalla bağlı minimal tələbə cavab verir. Yalnız 13%-də bununla bağlı problem var. Rüstəmov bildirib ki, bu banklar məcmu kapital çatışmazlığı ilə bağlı problemini həll etməlidir. Onlara aktivlərin konsolidasiyası tövsiyə olunur. Bununla bağlı artıq dünəndən MB ilə həmin banklar arasında müvafiq danışıqlar başlanıb.
Hazırda 1 bankın məcmu kapitalının həcmi 3,5 milyon manatdır. Məcmu kapitalı 5 mln. manatdan 10 mln. manata qədər olan bankların sayı isə 2-dir. Qeyd edək ki, bu kimi bankların ümumi bank kapitalında xüsusi çəkisi 0,7 faizdir. 39 bankın məcmu kapitalı 10 mln manatdan yuxarıdır. Bu arada statistika göstərir ki, ilin əvvəli ilə müqayisədə bəzi bankların məcmu kapitallarının həcmi azalıb. İlin əvvəlində 42 bankın məcmu kapitlının həcmi 10 mln. manatdan yuxarı idisə, 9-cu ayda bu rəqəm 39-a düşüb.
«Moody’s» beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, fəaliyyətdə olan 43 bankdan yalnız 11-i yeni tələblərə uyğun gələn kapitala malikdir. Həmin banklar toplam bank sektoru aktivlərinin 70%-nə sahibdir. «Moody’s»in fikrincə, məcmu kapitalları 50 mln. manatdan az olan 32 bankdan yalnız 13 bank məcmu kapitalını yeni tələblər səviyyəsinə çıxara bilər. Bunun üçün daxili vəsaitlərdən və kənar səhmdarların maliyyə axınlarından istifadə, ya da birləşərək kapitallarını yeni tələb səviyyəsinə qədər qaldıra bilərlər. Agentliyin hesablamasına görə, həmin banklar bank sektorunda 21% paya malikdirlər. «Moody’s» düşünür ki, bank sektorunun yalnız 6%-nə sahib olan 19 kiçik bankın bağlanmaqdan yaxa qurtarması çox çətin olacaq. Bu bankların daha böyük banklar tərəfindən satın alınmayacağı halda onların bağlanmısı da gözlənilən sayılır.
Bəzi mütəxəssislər düşünür ki, istər mənfəətlə işləsin, istər də zərərlə Azərbaycanda bankların sayı onsuz da çoxdur. Baxmayaraq ki, dünyada bankların sayı ilə bağlı standartlar yoxdur. Adətən bankların sayı əhalinin sayından, iqtisadi gücündən asılı olaraq müəyyənləşmir.
İqtisadçı-ekspert Samir Əliyev qlobal maliyyə böhranından sonra bankların kapitallaşması məsələsinin gündəmə gəldiyini deyir. Digər MDB ölkələrində də bu istiqamətdə hazırda proses gedir və bankların nizamnamə kapitalının həcminin artırılacağı gözlənir:
«MDB ölkələri içərisində bankların sayına görə Azərbaycan yalnız Rusiya və Tacikistandan geri qalır. Ancaq bunun heç bir müsbət rolu yoxdur. Çünki, ölkədə cəmi 20 bank normal fəaliyyət göstərir. Qalan 23 bankın payı heç 10 faiz də deyil. Onlar daha çox kassa rolunu oynamaqla məşğuldur, insanlara normal xidmət göstərə bilmirlər. Ona görə də iqtisadi baxımdan bankların sayının azaldılması müsbət haldır. Bu, bankların güclənməsinə imkan verəcək».
Ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanda bankların sayının çox olduğunu söyləmək düzgün deyil. Lakin digər ölkələrlə müqayisə apardıqda, iqtisadiyyatın, eləcə də, bank sektorunun miqyasını nəzərə aldıqda bizdə bankların sayının doğurdan da çox olduğunu görürük. Məsələn, Qazaxıstanla müqayisədə Azərbaycanda bankların sayı çoxdur. Halbuki, Qazaxıstan istər əhalisinin sayına, istərsə də ərazisinə görə böyükdür. O cümlədən, Qazaxıstanın ümumi daxili məhsulu Azərbaycanla müqayisədə 3 dəfə çoxdur».
Bayramov deyir ki, bankların sayının azaldılması onların likvidliyinə, təklif olunan xidmətlərin keyfiyyətinə, rəqabətin artmasına müsbət təsir edəcək. Bununla belə bankların sayının azaldılmasının onların müflisləşdirilməsi yolu ilə həyata keçirilməsini düzgün hesab etmir:
«İndiki halda bankların sayının azaldılması onların birləşdirilməsi formatında olmalıdır. Mərkəzi Bank çalışmalıdır ki, bankların sayının azaldılması onların müflisləşdirilməsi yolu ilə baş verməsin».
İqtisadçı bildirir ki, 2009-cu ildə bankların mənfəəti 414 milyon manat olmuşdusa, 2011-ci ilin yekununa bu rəqəm 296 milyon manata qədər azalıb:
«Digər diqqət çəkən məqam odur ki, 2009-cu ilin yekunlarında vergi və başqa məcburi ödənişlərdən sonra bankların sərəncamında 281 milyon manat mənfəət qalmışdısa, 2011-ci ilin sonunda vergi və başqa məcburi ödənişlərdən sonra bankların sərəncamında 152 milyon manat zərər qalıb. Deməli, bank sektorunda zərərlə işləyən bankların sayı artıb».
Bundan başqa, bankların nizamnamə kapitallarının həcmində azalmalar var: «2011-ci ilin sonunda minimum nizamnamə kapitalı 3,5 milyon manatdan az olan bank yox idisə, hazırda bir bankın minimum nizamnamə kapitalı 3,5 milyon manatdan aşağıdır. Bu o deməkdir ki, həmin bank minimum nizamnamə kapitalı ilə bağlı tələbi yerinə yetirmək üçün 1 ildə nizamnamə kapitalını 14 dəfə artırmalıdır. Bu da praktiki mümkün deyil».
Bayramov bildirir ki, 4 bank Mərkəzi Bankın minimum nizamnamə kapitalı ilə bağlı mövcud öhdəliyini belə yerinə yetirə bilmir. Qanunvericilik isə bu bankların lisenziyasının geri alınmasını mümkün edir.
Ekspert deyir ki, digər bankların nizamnamə kapitalı 10 milyon manatdan yuxarı olsa da bu həmin bankların 50 milyon manatla bağlı öhdəliyi yerinə yetirəcəyi demək deyil:
«Qiymətləndirmələrimizə əsasən, 2014-cü ilə qədər 43 bankdan cəmi 30-u qalacaq. Lakin bu son olmayacaq. Növbəti mərhələdə də bankların sayının azalması davam edəcək. Beyənlxalq maliyyə qurumlarının tədqiqatları da göstərir ki, yaxın illərdə bankların sayı 43-dən 25-ə enəcək. Yəni ölkədə 18 bankın müflis olması və ya birləşməsi baş verəcək.
Bayramovun fikrincə, banklar məcburi birləşdirilməməlidir. Eyni zamanda, birləşmə sektorda inhisara gətirib çıxarmamalıdır: «Bank sektorunda yalnız himayə olunanlar qala bilər. Bu da qorxuludur. Azərbaycanda bank islahatları inzibati yolla və ya qisa zamanda nizamnamə kapitalına tələbin kəskin artrılması ilə deyil, sektorun liberallaşması yolu ilə baş verməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 303