MM İranla sazişi ləğv etdi
|
Ötən gün Milli Məclis sərhəd rayonlarında yaşayan Azərbaycan və İran vətəndaşlarının sərhəddi sadələşdirilmiş qaydada keçməsi barədə sazişi ləğv edən qərar qəbul edib.
Əsasən Naxçıvan rayonunda sərhəddin keçilməsi ilə bağlı sadələşdirlimiş rejimə dair və sərhəddin 45 km.-də yaşayan hər iki ölkə vətəndaşlarını əhatə edən 2005 və 2006-cı illər hökumətlərarası memorandumları ləğv edilib.
İki il əvvəl İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.
Odur ki, Azərbaycanın dünənki qərarı yalnız sərhəd rayonlarında yaşayan İran vətəndaşları üçün qadağanın tətbiqi deməkdir.
Azərbaycan hökuməti memorandumların ləğvini onunla əsaslandırır ki, sərhəd regionlarının sakinləri üçün xüsusi rejim Sovet İttifaqının “qalığıdır”, həm də vahid qanunvericiliyin yaradılmasının vacibliyindən irəli gəlir.
Lakin İranla sərhəd Azərbaycan rayonlarının, xüsusilə Naxçıvan əhalisi ehtiyat edir ki, Tehran adekvat tədbirlərə əl ataraq viza rejimini bərpa edə bilər.
Bu, naxçıvanlıların avtobusla və ya avtomobillə İran ərazisilə Bakıya gəlişini çətinləşdirəcək.
İqtisadi məsrəf özünü onda göstərir ki, iranlılar Naxçıvanda işgüzar fəallığı dəstəkləyiblər. “Onlar istirahət və bayram günləri gəlirlər, mehmanxanaları doldururlar, pul xərcləyirlər, turizm obyektlərində olurlar, alış-veriş edirllər. Naxçıvanda mal, əsasən elektrik və məişət cihazları alanların çoxu iranlılardır”, -Naxçıvan sakinlərindən biri bildirib.
İran səfirliyi hələlik Azərbaycan parlamentinin qərarını şərh etmir.
Azərbaycan vətəndaşlarına gəlincə, onların çoxu İrana müalicəyə və ya alış-verişə gedir.