Muəllif:

Misir Mərdanov: Elmi dərəcələr almaq üçün prosedur sadələşdirilsin

Bu gün ölkədə elmi dərəcələrin alınması üçün qarşıya çoxlu əsaslandırılmayan əngəllərin çıxarıldığı, bundan dolayı narazılıqlar təzə söhbət deyil. Budur, məsələyə ən yüksək ranqlı rəsmilər də münasibət bildirirlər. Yeni hazırlanan müvafiq qanunda bunların əks etdirilməsi, yoxsa yenə də üstündən keçilməsi müzakirə mövzusu olaraq gündəmə daşınmışdır.
Təhsil naziri Misir Mərdanov məsul olduğu sahəni nəzərdə tutaraq deyir:
«Hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onlardan 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir». Təhsil naziri Misir Mərdanov Doktorantların və gənc tədqiqatçıların XVII Respublika Elmi Konfransında çıxışı zamanı deyib (APA).
Onun sözlərinə görə, elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurlar sadələşdirilməlidir: «Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər də problemlərlə rastlaşmırlar. Biz nə ediriksə, onların hamısı elmin inkişafına yönəlməli, süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək».
M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır: «Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə az olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir».
MEA -dan reaksiya özünü çox gözlətmədi. Bu qurum gənclərə elmi dərəcələrin verilmə prosedurunu sadələşdirməklə bağlı Misir Mərdanovun təklifini dəstəklədiyini açıqladı. MEA prezidenti Mahmud Kərimov bunu jurnalistlərə açıqlamasında bəyan edib. Prezident bildirib ki, bunun üçün Qərb universitetlərinin praktikasından istifadə etmək olar:
«Qərbdə Ali Attestasiya Komissiyasına sənədlərin təqdim edilməsi proseduru yoxdur. Sadəcə, hansısa elmi tədqiqat müəssisəsinin Elmi Şurası işi dinləyir, müraciət edənə fəlsəfə elmlər doktoru və digər elmi dərəcələrin verilməsi barədə qərar qəbul edir. Əslində bu, sadələşdirilmiş prosedurdur. Bunun da öz üstünlükləri var. Ancaq o şərtlə ki, Elmi şuralar həqiqətən də obyektiv olacaqlar. Əgər bu prinsipiallıq, obyektivlik təmin olunmayacaqsa, onda hesab edirəm ki, Ali Attestasiya Komissiyasının mövcudluğu zəruridir».
AMEA prezidenti Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğunu da açıqlayıb: «Çətinlik ondan ibarətdir ki, hər bir müdafiə şurasına ay ərzində müdafiə oluna bilən dissertasiyaların sayını özündə əks etdirən hansısa plan təqdim olunur. Ancaq faktiki olaraq bəzən iddiaçıların sayı bundan qat-qat çox olur. Nəticədə növbə yaranır. Bəzən bu, illərlə davam edir. İşin özünün müdafiə olunması, rəylərin verilməsi tez həll olunur, o qədər də vaxt aparmır. Hər bir iddiaçı öz növbəsini gözləməlidir. Bu da bir qədər maneə yaradır».
AMEA prezidenti «Elm siyasəti haqqında» qanunda alimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəaların yer almasını da istəyir. Prezident Mahmud Kərimovun sözlərinə görə, layihə yeni hazırlananda MEA öz təkliflərini bildirib:
«Ancaq layihənin yeni variantı MEA-ya göndərilməyib. Layihədə alimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələsinin həllini tapmasını istərdik. Çox yaxşı olardı ki, gənc alimlər üçün xüsusi «Mənzil proqramı» qəbul olunsun. Bu proqram üçün hər il 1-2 milyon manat vəsait ayrılsın. Bunun hesabına biz gənc alimlərin mənzil problemini qısa zamanda həll edə bilərik. Hesab edirəm ki, bu, gənc alimlərə çox böyük kömək ola bilərdi. Layihədə alimlərin əməkhaqqının artırılması, elmi dərəcəyə görə əməkhaqqına əlavələrin edilməsi əksini tapsa, yaxşı olardı».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 830