Millimizdə yeni baş məşqçi
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Salih Bora vəzifəsindən uzaqlaşdırılıb. Azərbaycan Güləş Federasiyası rəhbərliyi türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddətini artırmaqdan imtina edib. Ötən ilin sentyabrında millimizdə Fərid Mansurovu əvəzləyən Bora ilə müqavilənin müddəti London Yay Olimpiya Oyunlarının sonunadək nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Boranın rəhbərliyi altında milli komandamız London olimpiadasında 1 gümüş, 1 bürünc medal qazanmışdı. Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının yeni baş məşqçisinin adı müəyyənləşib. Türkiyəli mütəxəssislə yeni müqavilə imzalamayan federasiya onun əvəzinə İran yığmasının çalışdırıcısı Cəmşid Xeyrabadini təyin edib.
Sina şəhərində doğulmuş C.Xeyrabadininin son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub. O, baş məşqçi Məhəmməd Bananın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. İran yığması isə London Olimpiadasında məhz bu mütəxəssislərin rəhbərliyi altında böyük uğura imza atıb. Belə ki, cənub qonşularımızın Böyük Britaniya paytaxtında qazandığı 4 qızıl medaldan üçü yunan-Roma güləşçilərinin payına düşüb. Hətta 55 kq çəki dərəcəsində azərbaycanlı pəhləvan Rövşən Bayramov da finalda bu məşqçilərin yetirməsi Məhəmməd Soryana uduzmuşdu.
Xeyrabadiyə Azərbaycan millisinə qədər bir çox yığmalar təklif göndərsə də, bununla razılaşmayıb. Çalışdırıcının ölkəmizi seçməsində yığmamızın potensialı və hədəfləri əsas rol oynayıb.
Məşqçinin yığmamızla Olimpiya tsikli — 4 illik müqaviləyə imza atacağı bildirilir. Əgər mütəxəssis özünü doğruldarsa, razılaşmanın müddətinin artırılması da istisna edilmir. Hazırda Azərbaycan çempionatını izləyən çalışdırıcı xüsusi qeydlərini apararaq, daha güclü komanda yaratmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Xeyrabadi İran komandasında çalışdığı vaxt yetirmələri dünya kuboku, dünya çempionatı, Asiya Oyunları və bir sıra turnirlərdə müxtəlif əyarlı medallar qazanıb.