Muəllif:

Messi, İnyesta və Ronaldo

FİFA 2012-ci ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi olmağa son 3 namizədin adını açıqlayıb. Məlumata görə, argentinalı Lionel Messi, ispaniyalı Andres İnyesta (hər ikisi «Barselona») və portuqaliyalı Kriştianu Ronaldo («Real») «Qızıl top»a iddiaçıdır. Bu futbolçulardan 2008-ci ildə Ronaldo, sonrakı 3 ildə Messi həmin mükafatı qazanıbsa, bu il keçirilən Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İnyesta hələ buna nail ola bilməyib.

Maraqlıdır, sorğuda iştirak edən millimizin kapitanı Rəşad Sadıqov da məhz bu üçlüyə səs verib. O, ardıcıllıqda Messi, Ronaldo və İnyestanı göstərib ki, sonda sıralamanın belə olacağı gözlənilir.

Məşqçilər arasında 10 namizəddən mükafata iddiaçı qalanlar Pireney təmsilçiləri — İspaniyadan Visente Del Boske ilə Xosep Qvardiola və portuqaliyalı Joze Mourinyodur. Roberto Di Matteo («Çelsi»), Aleks Ferqyusson («Mançester Yunayted»), Yupp Haynkes («Bavariya»), Yurgen Klopp («Borussiya» Dortmund) , Yohaim Löv (Almaniya yığması), Roberto Mançini («Mançester Siti») və Çezare Prandelli (İtaliya yığması) ilin məşqçisi uğrunda mübarizəni dayandırmalı olub.

Qvardiola yarım ilə yaxındır işsiz olsa da, hətta ötən mövsümdə nə çempionluq, nə də Çempionlar Liqasını qazansa da, adı yenə iddiaçılar sırasına düşüb. O, ötən mövsüm yollarını ayırdığı «Barselona» ilə İspaniya kuboku və klublararası dünya çempionluğunu qazanıb. Qvardiolanı çempionluq uğrunda mübarizədə Madrid «Real»ının baş məşqçisi olan Mourinyo qabaqlayıb.

Ancaq ən real namizəd Del Boskeni saymaq olar. Belə ki, o, 2010-cu ildə İspaniya yığmasının baş məçqçisi kimi dünya çempionluğundan sonra 2012-ci ildə Avropada da analoji uğura imza atıb. Ötən il dünyanın ən yaxşı məşqçisi Qvardiola seçilib.

Qeyd edək ki, FİFA qaliblərin adlarını gələn il yanvarın 7-də mənzil-qərargahının yerləşdiyi İsveçrənin Sürix şəhərində mükafatlandırmada açıqlayacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 345