Muəllif:

«Məndən qisas alırlar»

Bu adam — «Əsgəroğlu-K» MMC-nin direktoru Kazım Kazımov şoular mühitində ad çıxarmış Aygün Kazımovanın qardaşıdır, dələduzluqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb. Özü də tək yox — şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentina ilə birlikdə. Söhbət növbəti mənzil-tikinti fırıldağından gedir. Vətəndaşlar vicdansızcasına aldadılıb. Bu səs-küylü cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nemət Əvəzov ittiham aktını elan edərək bildirdi ki, Kazım Kazımov qeyri-rəsmi olaraq təsis etdiyi «Əsgəroğlu-K» MMC adı altında bina tikintisi ilə məşğul olub. İstintaq müəyyən edib ki, Kazım Kazımov şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentina ilə birlikdə cinayət əlaqəsinə girib. Onlar televiziya və qəzetlərdə «sərfəli reklam» adı altında vətəndaşların etibarını qazana biliblər.
Bina inşaatından əlavə, fərdi yaşayış evlərinin də tikintisi adı ilə vətəndaşların pullarını alaraq mənimsəyiblər. Bunlar hələ hamısı deyil, təqsirləndirilən şəxslər eyni evi bir neçə nəfərə satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq ediblər.
Onları bir qrup vətəndaşın şikayəti əsasında həbs ediblər. İşə baxın ki, Kazım Kazımov məhəkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Guya həbs olunmasaymış vətəndaşlara dəymiş ziyanı ödəyəcəkmiş. Görək nə deyir:
«Vətəndaşları qınamıram, lakin həbs olunmasaydım onların bütün pullarını ödəyəcəkdim. Bu gün məhkəmədə 50 nəfər zərərçəkmiş şəxs tanınıb. Həbsxanada özüm mübarizə aparmasaydım, burada 350 nəfər olacaqdı. Bütün zərərçəkmişlərin pullarını ödəyəcəkdim. Lakin 11 aydır həbsdəyəm, həbsdə olduğum müddətdə imkan verilməyib ki, vətəndaşların pullarını ödəyim».
Müstəntiqin gəldiyi qənaətə görə, Kazım Kazımov 2006-cı ildə bu şirkəti «tamahkarlıq niyyəti ilə» yaradıb (başqa sözlə, adamları soymaq üçün plan düşünübmüş). Kazım Kazımov bunu yaxın qoymur:
«Tamahkarlıq niyyətim olmayıb, tikinti biznesi qurub, normal mənzil satışı ilə məşğul olmağa başlamışıq. Biz tikinti sektorunda müştərilərə yaxşılıq etmişik, onlara faizsiz kreditlə mənzillər vermişik. Bu illər ərzində küllü miqdarda borc yaransa da, qiymətləri qaldırmamışıq. Bundan istifadə edən bəzi müştərilərimiz yararlanmağa başladılar. Faizsiz kredit olduğu üçün bəzi müştərilər aylarla pulları ödəmədilər, belə olan halda da vətəndaşlarla aramızda da küllü miqdarda borc yarandı. Ölkədə iqtisadi böhran yarandı, bundan sonra iclas etdik. Müştərilərə dedik ki, pulları gecikdirməsinlər, vaxtında ödəsinlər, biz də binaların inşasını başa çatdıra bilək. Həmin iclasda iştirak edən bəzi müştərilər pulları ödəməyənləri tikintidə payı olmaqdan kənarlaşdırmağı təklif etdilər. Bu təklifə qarşı çıxdım, dedim ki, özünüzdən ibarət komissiya yaradın və pullarını ödəməyən müştərilərin işinə baxın. Həmçinin iclasda bildirilib ki, pulları ödəyin, pulların ödənilməməsi ziyanımıza işləyir».
Təqsirləndirilən şəxs bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı səslənən ittihamlara da aydınlıq gətirdi: «Heç bir mənzil bir neçə nəfərə satılmayıb. Düzdü, bəzi mənzillərin iki nəfərə satılması ilə bağlı müqavilələr var. Lakin bu o demək deyil ki, dələduzluq edilib, bir mənzil bir neçə nəfərə satılıb. Bəzi müştərilərimiz pullarını qəsdən ödəmirdilər. Belə olan halda da təkrar satış olub. İxtiyarımız olub ki, pulunu ödəməyən müştərilərlə birtərəfli qaydada əlaqəni kəsək və mənzili başqasına ödəyək».
Ümumi sözlərlə məhkəmədə çıxış edən təqsirləndirilən şəxsin qarşısına, eyni mənzili bir neçə nəfərə satması barədə faktlar qoyuldu. Kazım Kazımov «yadımda deyil», «şifahi heç nə deyə bilmərəm» sözləri ilə ittihamlardan yayınmağa çalışdı. Lakin ona cinayət işinin materialları arasında olan faktlar təqdim edildikdən sonra çıxılmaz vəziyyətdə qaldı. O, yenə də bəhanələr gətirməyə başladı. Bu zaman təqdim olunan zərərçəkmiş İlhamə Məmmədova ilə bağlanmış müqavilə təqdim edilsə də, o, həmin mənzilin ikinci «sahibi» olan Cabir Şəbiyevin müqaviləsini tələb etdi. Dedi ki, Cabir Şəbiyevin müqaviləsi olmadan heç bir söz deyə bilməz.
Kazım Kazımov müqaviləsi ləğv olunan müştərilərin pullarının geri qaytarılmamasını həmin illər ərzində yaranan iqtisadi böhranla əlaqələndirdi. Bildirdi ki, iqtisadi böhran yaransa da, müştərilərə yazığı gəlib və mənzillərin qiymətində artım etməyib:
«Savadsız bir qohumum mənə dedi ki, dünyada iqtisadi böhran yaranıb, evlərin qiymətini artır. Müştərilərə yazığım gəldi, onların kirayədə qaldıqlarını xatırlayaraq mənzillərin qiymətində artım etmədim. Mənə dedilər ki, vaxt gələcək həmin insanların sənə yazığı gəlməyəcək, sənin də onlara yazığın gəlməsin. Baxın, həmin gün gəlib çatıb. Mən burda dəmir barmaqlıq arxasındayam, hər kəs də məndən qisas alır».
Kazım Kazımov dedi ki, burada oturan zərərçəkmişlərin çoxu haqsızdır. Bir-iki zərərçəkənin haqlı olduğunu deyən Kazım Kazımov öz günahını başqalarında görməyə çalışdı.
Daha sonra ifadə verən Yaqub Kiyasov elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Dedi ki, cinayət işində 4 epizod üzrə ona ittiham irəli sürülür və həmin ittihamları qəbul edir. Sonra prosesdə ifadə verən Etibar Əkbərov və Olqa Valentina elan olunmuş ittihamlar üzrə təqsirkar olmadıqlarını iddia etdilər. Məhkəmə davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 369