Məlikanda Urmiya gölü ilə bağlı yazılı parça asılıb
Urmiya gölünün getdikcə quruyaraq kiçilməsinə, bunun ətrafda yaşayan əhali üçün törətdiyi fəsadlara Tehran hakimiyyəti etinasız yanaşsa da, Güney Azərbaycan türkləri bu həyati məsələni davamlı olaraq gündəmdə saxlamaqdadır. Onlar bu torpaqlarda varlıqlarını sürdürmək üçün buna məcburdurlar.
Bildiyimiz kimi, bu problemin həlli ilə bağlı çoxsaylı etiraz aksiyaları keçirilib. Tutulanlar, yaralananlar olub. Bu gün də onların bir çoxu həbsxanalarda mənəvi və fiziki məşəqqət çəkirlər. İran mollakratiyasının bu antibəşəri zorakılığına baxmayaraq, soydaşlarımız bütün mümkün vasitələrlə Urmiya gölünü xilas etməyə qərarlıdırlar.
Güney azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, Məlikan şəhərində Urmiya gölü ilə bağlı şüar və tələblər parçalara yazılaraq, şəhərin bir neçə yerində divarlardan və körpülərdən asılıb… Hökumətin davranışlarından belə nəticə çıxarılır ki, Tehran bu ciddi məsələni həll etməkdənsə, onu «dondurmaqda» daha maraqlı görünür. Lakin duzlu göl axı donmur!
Sənaye və energetika naziri Məcid Namcunun açıqlamasından da bu hiss olunur. Nazir təmsil etdiyi hökumətin məsələyə dair qərarını bildirib: «Urmiya gölündə böhran aradan qalxana qədər yeni sədlərin tikilməsi ilə bağlı aparılan araşdırmalar dayandırılıb». O, əlavə edib ki, bu qərar yeni tikiləcək sədlərə aiddir, ancaq tikilməkdə olan sədlər təkmilləşdiriləcək və hazır olduğu vaxt istifadəyə veriləcək.
Namcunun sözlərinə görə, hazırda Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı heç bir yeni qərarın qəbulu nəzərdə tutulmur. Başqa sözlə, indiyə qədər deyilənlər quru sözdən başqa bir şey deyilmiş.