Məhbus qeyri-insani davranışa məruz qalır və ölür
Bu fikir dünən RATİ-nin Media Mərkəzində son günlər həbsdə saxlama yerlərində artan işgəncə və ölüm faktları, həmçinin siyasi məhbuslara edilən təzyiqlərlə bağlı toplantıda səsləndi. Toplantını Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ), Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA), İnsan Hüquqları Klubu, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı keçirirdi. Tədbirdə təzyiqlərlə üzləşən, işgəncə faktlarından əziyyət çəkən məhbusların ailə üzvləri, hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vəkil Elçin Namazov bildirir ki, həbsxanada intiharların və səbəbsiz ölümlərin sayının artması əsaslı narahatlıq doğurur. Dekabrın 16-da 17 saylı cəzaçəkmə müəssisəsində məhbus Pərviz Mikayılovun intihar etməsi faktı üzrə cinayət işinin qaldırılması tələbi ilə prokurorluğa müraciət göndərilib. Vəkil Qobustan həbsxanasındakı durumu da mürəkkəb adlandırır. Onun sözlərinə görə, müxtəlif mənbələrdən ölkənin ən ciddi həbsxanasında amansız işgəncələr və ölümlər barədə informasiyalar daxil olur.
«Penitensiar Xidmətin xəstəxanasında da məhbuslar ölür. Bu cür hallar Murad Şükürov və digərləri ilə baş verib. Şükürovu orada müalicə etmək mümkün olmayıb, üç ay ərzində o ölüb. Bu cür hallar təkcə siyasi məhbuslara qarşı baş vermir. İctimaiyyət siyasi məhbuslarla baş verənlərdən daha tez xəbər tutur, nəinki adi dustaqlara qarşı», — deyə vəkil qeyd edib.
Tədbirdə hüquq müdafiəçisi Oqtay Gülalıyev də həmrəylik göstərərək özbaşınalığa qarşı birləşməyə çağırdı. «Əgər Penitensiar Xidmətdə kimsə ölürsə, buna görə dövlət məsuliyyət daşıyır», — deyə hüquqşünas Ənnağı Hacıbəyli bildirib. O hesab edir ki, bu faktlar üzrə beynəlxalq qurumlara və Avropa Məhkəməsinə müraciətləri canlandırmaq lazımdır.
Vəkil Əsabəli Mustafayev isə söylədi ki, ömürlük həbsə məhkum edilmiş beş nəfərin maraqlarını müdafiə edir. Onların ciddi müalicəyə ehtiyacı var, lakin bundan məhrumdurlar.
Vəkil Qurban Məmmədov N.Pənahlının və hüquqları müntəzəm pozulan digər məhbusların dəstəklənməsini vacib hesab edib.
«Həbsxanada işgəncə dövlətin siyasətidir, ayrı-ayrı məmurların özbaşınalığı deyil», — deyə tədbirdə AXCP sədri Əli Kərimli belə bir radikal mülahizə işlətdi. «Biz bu halların adi statistikaya çevrilməsinə yol verməməliyik», — deyə sözünün əlavəsində vurğuladı. «İnsanların sındırılması konveyeri hər yerdə işləyir: orduda, həbsxanalarda, siyasətdə. Hakimiyyətə ləyaqətli, qürurlu insanlar lazım deyil», Əli Kərimli bir müxalifətçi olaraq belə düşünür. Habelə o hesab edib ki, məhbusların hüquqlarının pozulması hallarını araşdıran daimi koalisiya olmalı, cəlladların, məhbuslara işgəncə verən adamların siyahısı hazırlanaraq müvafiq qurumlara verilməlidir.
İclasda dekabrın 16-da 17 saylı cəzaçəkmə müəssisəsində ölən məhbus Pərviz Mikayılovun anası da iştirak edib. «Mənim oğlum işgəncələrə məruz qalıb və öldürülüb. O intihar etməyib», — deyə məhbus anası qeyd edib.
«O, polisə müqavimət göstərmək ittihamı ilə 3 il 16 saylı koloniyada saxlanılıb. Dekabrın 9-da bacısına zəng edib və özünü pis hiss etdiyini bildirib. Biz sonradan bildik ki, möhkəm döyülüb. Dekabrın 13-də həyat yoldaşı Mirvari xanım müalicə müəssisəsində onunla görüşüb», — deyə ana bildirib.
Vəkil İradə Cavadova isə bildirib ki, dekabrın 15-də Pərviz müalicə müəssisəsindən 16 saylı cəzaçəkmə müəssisəsinə aparılıb. Lakin bu müəssisədə onu qəbul etməyərək bildiriblər ki, müalicə müəssisəsi onu normal vəziyyətdə göndərib. Odur ki, mərhum məhbusu 17 saylı cəzaçəkmə müəssisəsinə aparıblar və ertəsi gün orada ölüb.
Tədbirin yekunlarına əsasən iştirakçılar hakimiyyətə müraciət qəbul ediblər. Müraciətdə cəzaçəkmə müəssisələrində baş verən özbaşınalıqların araşdırılması, cəzaçəkmə yerlərində monitorinqlərin aparılması üçün şəraitin yaradılması tələb olunur.