MEA-da kadr problemi çox mürəkkəbdir
Milli Elmlər Akademiyasında kadr problemi mürəkkəb şəkil almışdır. Bu acı gerçəkliyi MEA vitseprezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə etiraf etmişdir. Geologiya İnstitutunun cümə axşamı keçirilən illik hesabat yığıncağında çıxış edərkən Əlizadə bildirib ki, hazırda Geologiya İnstitutunda, eləcə də MEA-nın digər qurumlarında ən məhsuldar 35-50 yaşlı alimlər yox dərəcəsindədir:
«Elm bayrağını qəbul etməyə qadir olan çox az sayda gənclər var. Bu gün MEA-da gənc kadrların vəziyyəti çox mürəkkəbdir».
Əlizadə vəziyyətdən çıxış yolunu elmlə təhsilin yaxınlaşmasında görür:
«Ali məktəblərin AMEA elmi müəssisələrində baza kafedralarının yaradılması qanunvericilik səviyyəsində həll olunmalıdır. Tələbə tədqiqatçılarla ən azı 3 il müddətinə müqavilə bağlanmalı və onların tədqiqatlarına maliyyə vəsaiti ayrılmalıdır. Yalnız bu yolla gənc alimləri elmə cəlb etmək olar».
Əlizadə qeyd edib ki, hazırda Geologiya İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) «Neft və qazın geologiyası» adlı baza kafedrası yaradılıb. Yeni baza kafedrası gələn ildən fəaliyyətə başlayacaq.
Təbii ki, bu kimi kosmetik addımlarla ölkədə elmin inkişafını təmin etmək mümkün olmayacaq və bu inandırıcı görünmür. Yaranmış durum ən azı bunun nəticəsidir ki, ölkədə elm siyasəti düzgün qurulmayıb, elmin sabit inkişafını təmin etmiş ölkələrin təşkilati modellərinin Azərbaycanda tətbiqinə ən müxtəlif bəhanələrlə qarşı çıxanlar var. Ən azı, bu kimi təşəbbüslərin qanunvericilik qaydasında həllinə maneələr yaradılacaqdır. Əlizadənin bu etirafı belə bir həqiqəti bir daha aydın göstərir ki, MEA sistemi yenidən qurulmalı, elmi-tədqiqat institutları universitetlərin nəzdində fəaliyyət göstərməlidir. Lakin dövlət köklü addımlara getməyə hazırdırmı? Dövlət, vites-prezidentin dediyi kimi, elmlə təhsli yaxınlaşdırmağı optimal çıxış yolu kimi görürmü? Bu suallara bu qurum daxilində cəsəarətsiz cavablar eşitdik.