Liviyada Türkiyə pasportlu İran casusları tutulub
İranın daha bir casus projesi iflasa uğrayıb. Yenicə Müəmməd Qəddafi zülmündən xilas olmuş bu ölkənin təhlükəsizlik yetkililəri vaxtında duyuq düşüb və «islam dünyasının lideri» iddiasında olan ölkədən gəlmiş, fitnə-fəsad törətmək təlimatı almış casusları yaxalamışlar. Tutulanlar 6 nəfərdir. Ən maraqlısı isə odur ki, tutulan casusların əllərində Türkiyə pasportları olub. Onların ikisinin «Səkinə» və «Saniyə» kimi arvad adları daşıdığı açıqlanıb. Araşdırma zamanı onların Liviyada Türkiyə vətəndaşları adı altında iğtişaş törətmək niyyətləri də ortaya çıxıb.
İranlı casusların üzə çıxmasına məhz «Səkinə» və»Saniyə»nin özünü şübhəli aparması səbəb olub. Şübhəliləri sorğuya alan kimi İran səfirliyi məsələyə qarışıb və agentlərin iranlı olduğunu Liviya rəsmilərinə çatdırıb.
Öz növbəsində, Türkiyənin Liviya Böyükelçiliyi və Xarici İşlər Naziliyinin vasitəçiliyi ilə bu məsələ barədə dərhal Milli Təhlükəsizlik Nazirliyinə təcili kodlu xəbərdarlıq göndərilib.
Məlumatlara görə, Liviya təhlükəsizlik gücləri altı nəfəri sorğuya alıb və bəlli olub ki, altı nəfərin hamısı İran hakimiyyətinin agentdir. Türkiyənin Liviyada qazandığı hörmət-izzət və bu ölkədə türklərin sərbəst dolaşa bilmə imkanından dolayı iranlı casuslar bundan istifadə ediblər. Onlar şəkillərini dəyişərək özlərini Türkiyə vətəndaşı kimi qələmə veriblər.
İstintaq zamanı onların qanunsuz təşkilatlarla birgə Liviyada sensasiyalı iğtişaşlar törətmək niyyətləri üzə çıxıb. Məqsəd özlüyündə aydındır: bu ölkələrdə aləm qarışsın, Qərb dövlətlərinin diqqəti İrandan oralara yönəlsin… Eynilə Fələstində, İraqda, Suriyada olduğu kimi…
Məlumata əsasən, mövcud məsələ üzərində Türkiyə Təhlükəsizlik Nazirliyi ilə Liviya Təhlükəsizlik Nazirliyi birgə işləyir. Liviya rəsmiləri isə agentlərin daha çox olduğunu və onların «ovlanması» ilə bağlı araşdırmalar aparıldığını deyiblər.