Klublar Türkiyə yolunda
Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsi başlanıb. İlin son matçında VII turdan təxirə salınan 1 oyun keçirilib. «İnter» öz meydanında cari mövsümdə hələ üzləşmədiyi «Neftçi» ilə qarşılaşıb. Fasiləyə «qış çempionu» kimi çıxması üçün «İnter»ə 1 xal kifayət idi. Hər şey meydan sahiblərinin istədiyi kimi də olub. Hesabı «Neftçi»nin çilili hücumçusu Nikolas Kanales açıb. Oyunun birinci hissəsində Samir Zərgərovun Asif Məmmədovla əvəzlənməsindən sonra «bankirlər» aktivləşsə də, «İnter» çoxsaylı qol imkanlarından yalnız birindən yararlana bilib. Seneqallı yarımmüdafiəçi İbrahima Niassenin qolu ilə hesab bərabərləşib — 1:1. Nəticədə «İnter» istirahətə «qış çempionu» kimi yollanıb.
Güclülər dəstəsi komandalarını təxminən ayyarımlıq fasilə gözləyir. Çünki XIX tura gələn il fevralın 9-da start veriləcək. Komandalar fasilə dönəmində yalnız istirahət etməyəcək, vaxtlarının böyük qismini mövsümün qalan bölümünə hazırlığa sərf edəcəklər. «Sumqayıt» və «Kəpəz» istisna olmaqla, digər komandaların təlim-məşq toplanışı ilə bağlı planları məlumdur. Ötən illərdə olduğu kimi Azərbaycan klubları qış hazırlığı üçün yenə Türkiyəni seçiblər. Güclülər dəstəsində çıxış edən 12 komandadan 9-nun Antalya bölgəsinə yollanacağı dəqiqləşib.
Çempionatın hazırkı lideri «İnter»in Türkiyədəki təlim-məşq toplanışı yanvarın 11-dən fevralın 4-dək çəkəcək. Paytaxt komandasının yoxlama oyunlarında görüşəcəyi komandalardan birinin adı bəllidir. Belə ki, «İnter» Almaniyanın aşağı dəstə təmsilçisi «Aalen»lə qüvvəsini sınayacaq.
Turnir cədvəlində liderdən cəmi 1 xal geri qalan «Simurq»un isə Antalyadakı hazırlıq prosesi yanvarın 10-dan fevralın 1-dək müddəti əhatə edəcək. Zaqatala klubu orada 2-3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərə isə yanvarda aydınlıq gələcək.
Qış fasiləsinə üçüncü pillədə çıxan «Qarabağ» futbolçuları yanvarın 9-u toplaşacaq və təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaqlar. Fevralın 3-nə qədər davam edəcək hazırlıq zamanı komanda Bələkdə «İC Santai» otelində məskunlaşacaq. «Qarabağ»ın Türkiyədə keçirəcəyi yoxlama matçlarının sayı dəqiq bilinməsə də, baş məşqçi Qurban Qurbanov yanvarın 29-da və fevralın ilk günlərində qarşılaşacaqları rəqiblərin zəif olmasını istəyir. Çünki komandanın əsas üzvləri yanvarın 29-dan fevralın 6-dək Dubayda millinin toplanışında iştirak edəcəklər.
Son çempion «Neftçi» də Antalyaya üz tutacaq. Paytaxt klubu Türkiyəyə yanvarın 10-u və ya 11-i gedəcək. İki mərhələdən ibarət olacaq toplanış fevralın 3-də tamamlanacaq. Birinci toplanış müddətində komanda «Mardan Palace» otelində qalacaq. «Ağ-qaralar»ın hazırlıq prosesi dönəmində yoxlama oyunu keçirəcəyi 2 komandanın adı bəllidir. Bunlar Xorvatiyanın «Hayduk» və Polşanın «Poloniya» (Varşava) klublarıdır. Oyunların vaxtı isə hələ dəqiqləşməyib.
İlk «altılıq»da yer alan «Qəbələ»nin ölkə xaricində keçirəcəyi təlim-məşq toplanışının vaxtı bəllidir. Yanvarın 9-da Qəbələdə bir araya gələcək əyalət klubu təmsilçiləri ayın 20-dən fevralın 3-dək Antalyada hazırlıq keçəcəklər. Komanda 15 günlük toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Rəqiblərin adları bilinməsə də, qarşılaşmaların vaxtı məlumdur. Belə ki, matçlar yanvarın 22-si, 25-i, 28-i və fevralın 1-nə nəzərdə tutulub.
«Xəzər Lənkəran»ın da hazırlıq planlarına gəlincə, Lənkəran komandası qış fasiləsindəki təlim-məşq toplanışını da Türkiyədə keçirəcək. Antalyada təxminən 20 günlük toplanış keçirəcək «Xəzər Lənkəran» bu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırıb. Artıq komandanın rəqiblərindən 3-ü müəyyəndir. İspan mütəxəssis Karles Bakesin rəhbərlik etdiyi kollektiv yanvarın 19-da Rumıniyanın «Rapid» klubunu sınağa çəkəcək. 3 gün sonra Ukraynanın «Krivbass» klubu ilə üz-üzə gələcək lənkəranlılar yanvarın 26-da Çexiya «Prişbram»ı ilə qarşılaşacaqlar.
AZALda qış fasiləsindən maksimum faydalanmaq niyyətindədir. Yanvarın 7-8-də düşərgəyə toplaşacaq futbolçular əvvəlcə paytaxtda tibbi müayinədən keçəcəklər. «Təyyarəçilər» təlim-məşq toplanışının 2-ci mərhələsini ölkə xaricində keçirəcəklər. AZAL da əksər klublarımız kimi hazırlıq üçün Antalya bölgəsini seçib. Vaqif Sadıqovun başçılıq etdiyi komanda yanvarın 15-dən fevralın 2-dək Türkiyədə hazırlıq keçməklə yanaşı, orada 4 yoxlama oyununda qüvvəsini sınayacağı gözlənilir.
«Turan» da ölkə xaricinə yollanmağı planlaşdırır. Ancaq Tovuz klubu ölkə xaricinə bir qədər gec gedəcək. Komanda Antalyaya yanvarın 25-də yollanacaq.
Batumi ilə Antalya arasında seçim edən Tovuz klubu digər komandalarımız kimi Türkiyə variantına üstünlük verib. Sonuncu dəfə Naci Şensoyun ilk baş məşqçiliyi dönəmində Türkiyəyə gedən «Turan» son dövrlər fasilə dönəmində yaxın Gürcüstana səfər edirdi. Komanda yoxlama oyunlarını orada keçirirdi.
Komanda yanvarın 5-8-də Tovuzda bir araya gələcək. Əvvəlcə oyunçulardan test götürüləcək və həkim müayinəsi olacaq. Komanda yanvarın 15-dən ölkə xaricinə çıxacaq. Xarici ölkədəki hazırlıq 14 günlük olacaq. Komanda fevralın 1-də Tovuza gəlib uyğunlaşma prosesi keçəcək.
Bu mövsüm gözləniləndən zəif nəticə göstərən «Bakı» yanvarın 15-dən 30-dək Antalyada təlim-məşq toplanışında komandadakı əskiklikləri aradan qaldırmağa çalışacaq. Komanda Türkiyədə olduğu müddətdə «Rixos Premium» otelində qalacaq. Komandanın baş məşqçisi Bojidar Bandoviç 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Paytaxtın daha bir klubu — «Rəvan»nın isə hazırlığı ölkə daxilində, yaxud xaricdə keçirəcəyi dəqiqləşməyib. Bu, yaxın günlərdə bilinəcək. Lakin plan tərtib olunub, məşq proqramı hazırdı. Yanvarın 9-da yerli futbolçular həkim müayinəsindən keçəcək, ertəsi məşqlər başlayacaq. Ayın 14-də isə legionerlər düşərgəyə gələcək.
Gəncə təmsilçisi «Kəpəz»in qış fasiləsindəki hazırlıq planına hələ aydınlıq gəlməyib. Lakin sonuncu pillədə qərarlaşan «Kəpəz»in ölkə xaricinə çıxmayacağı gözlənilir. Komanda ən yaxşı halda, ötən il olduğu kimi, yoxlama oyunu keçirmək üçün Gürcüstana yollana bilər.