Kim «dünyanın sonuna» inanır?
Mayyaların ikinci təqviminə inansaq, dekabrın 21-də dünyanın sonudur. Həmin təqvimə görə, bəşər sivilizasiyası məhv olacaq. Bu məsələ az qalsın bütün dünyada ajiotaja səbəb olub. Kimlərsə buna inanır, kimlərsə inanmır. Başda NASA olmaqla, təkzib təkzib ardınca gəlir. Lakin hər söylənənə inanan adamlar bu sarsaq xəbərə də inanır. İnanmaq o yana, hər yerdə olduğu kimi, bizim ölkədə də kimlərsə bu günə ciddi bir surətdə hazırlaşmaqdadır. Sanki xilas olmağı bu «hazırlıqdan» asılı imiş. Bu səbəbdən paytaxtın bazar və dükanlarında əsasən şam, kibrit və müəyyən qida məhsullarına tələbat çoxalıb.
Bu yerdə bizi daha çox indi müşahidə obyektimiz olan sənətçilər düşündürdü. Maraqlıdır, görəsən, bizim qəzet səhifələrindən düşməyən, ekranlardan çəkilməyən sənət əhli necə, dünyanın sonunun yaxınlaşması ilə bağlı şayiələrə inanırlarmı? Əgər inanırlarsa, bu günə necə hazırlaşırlar? Sənət adamları arasında aparılmış sorğu müəyyən qənaətə gəlməyə imkan verir.
Brilliant Dadaşova dünyanın sonunun gələcəyi ilə bağlı yayılan xəbərlərə inanmır:
«Mən optimist, insanları və həyatı, gözəlliyi sevən insanam. Dekabrın 21-də dünyanın sonu olacağına inanmıram. Hər şey Allahın əlindədir».
Səyyad Əlizadə də bunu şayiə adlandırdı: «Mənə elə gəlir ki, bu, növbəti bir yalandır. Dünyanın sonunu biz necə bilərik axı?! Ona görə də insanları belə söhbətlərə inanmamağa çağırıram».
Kərim də insanları dünyanın sonu ilə bağlı yayılan xəbərlərə inanmamağa səslədi: «Qurani-Kərimdə bu haqda bir cümlə də yazılmayıb. Hətta Məhəmməd peyğəmbər (s.ə.ə) bildirib ki, mən Allaha yaxın olan bir bəndə olsam da, axirətin nə zaman gələcəyini bilmirəm. Mən düşünürəm ki, bunlar hamısı özünün şamını, konservini və neftini satmaq üçün edir. Bu da normaldı, hansısa yolla dolanmaq, yaşamaq lazımdır, ya yox?!»
Səməd Səmədovun sözlərinə görə, dekabrın 21-də, sadəcə, günəş tutulacaq. O, buna görə qorxu keçirməyin əhəmiyyətsiz olduğunu deyib: «Bizim qonşular şam, konserv, böyük torbalarla un, düyü, şəkər tozu tədarük edirlər. Vallah, bunlar hamısı boş şeylərdi, inanmaq lazım deyil. Mən dekabrın 21-də ailəmlə, xanımım, övladlarım və nəvələrimlə bərabər olacağam».
Əli Mirəliyev də dünyanın sonu ilə bağlı deyilənləri cəfəngiyat adlandırıb. «Alimlər ancaq təbii kataklizmləri, zəlzələni öncədən müəyyən edə bilərlər. Amma dünyanın sonu ilə bağlı verilən proqnozlar yanlışdır, yalandır. Bu kainatın bir Yaradanı var, sonunu da O, bilir».
Alim Qasımova gəlincə, o, «dünyanın sonu»nda — dekabrın 21-də Kanadada konsert proqramı ilə çıxış edəcək.