Keiko Matsui Bakını da fəth etməyə gəlir
Dünyaca məşhur ifaçı Keiko Matsui öz bənzərsiz sənəti ilə dünyanı fəth etmiş sayıla bilir. Yaponiyada dünyaya göz açmış bu pianoçu, bəstəkar və prodüser bu gün özünü artıq dünya vətəndaşı sayır. Çünki ölkə-ölkə gəzir, insanlara zövq bəxş edir, onların qəlbini ovsunlayır. İndi onun Bakını da fəth etməyə gələcəyi xəbəri yayıldı. Bakıda «Buta» İncəsənət Mərkəzinin təşkilatçılığı ilə martın 15-də Heydər Əliyev adına Sarayda konserti olacaq.
Sənətşünasların təfsirinə görə, onun sənəti beynəlmiləl məzmun daşıyır, ifaları müxtəlif musiqi təsirlərinin nadir qarışığını yaradır. Bakıda ona Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konsert proqramı təklif ediləcək. Konsertə biletləri şəhərin bütün kassalarından almaq olar. Biletlərin qiyməti 20-100 manat arasındadır.
Keiko Matsui öz musiqisini dünyanın hər bucağında tanıdıb. Dərindən inanır ki, musiqi insanları bir araya gətirən ecazkar qüvvəyə malikdir və ümid edir ki, onun musiqisi dünyanı ahəngə gətirməyə kömək edəcək.
Təbiətən fəal insan olan Keiko (Key-Koe kimi tələffüz edilir və yapon dilində «xoşbəxt uşaq, uşaq-bayram» mənasını daşıyır) dünya ilə danışmaq üçün təkcə öz musiqisindən istifadə etmir, həm də öz səsini müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən aksiyaların xeyrinə istifadə edib, məsələn, BMT Ərzaq Proqramı…
Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarca konsertləri ilə tanınan Keiko Matsui instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Keiko Matsuinin azad ruhu və yaradıcılıq dühası ona Stiv Uander, Maylz Devis, Hyu Masakela, Bob Ceyms və Deyv Koz kimi istedadlı sənət adamları ilə eyni səhnədə çıxış etməkdən zövq almaq imkanı verib. «Billboard» jurnalının üçüncü nömrəsində Matsui «Ən Yaxşı Müasir Caz Artisti» adına layiq görülüb və elə həmin il «Billboard» jurnalının «Ən Yaxşı On Müasir Hind Caz Albomları»nın siyahısında yer tutub. O, Nyu-Yorkdan Moskvaya kimi dünyanın ən məşhur səhnələrində çıxış edib.