Muəllif:

Kamran Həsənli: «Türklər kimi, bizi də seriallar xilas edə bilər»

Bu gün «ulduzu parlayan» bir qisim sənətçinin məşhurlaşmasında şoumen Kamran Həsənlinin rolu az deyil. Bəziləri bunu dansa da, tamaşaçının gözü, düşüncəsi buna əyani sübutdur. Televiziyada müxtəlif layihələri ilə şou-biznes adamlarının üzünə qapı açan Kamran Həsənli hətta onları efirə hazırladığını da deyir:
— Əslində, belə olub: 11 il əvvəl Space kanalında «Sizin saat» verilişini açdım. Çalışırdım ki, hər dəfə efirə yeni sima, istedad çıxarım. İradə İbrahimova, Qismət, Hüseyn Dərya, Namiq Qaraçuxurlu, Abbas Bağırov, Eyyub Yaqubov, Tünzalə Ağayeva, Ədalət Şükürov, Meyxanaçı Vüqar, Elnarə, Samira, Röya… Bunlar hamısı efirdə ilk debütünü «Sizin saat» verilişində edib. Bu, asan deyildi.
Röyanın ilk dəfə efirə çıxması üçün çox çalışdıq, onu efirə, haradasa, 3-4 aya hazırladıq. Bir sözlə, bu gün efirdə gördüyünüz çox ulduz «Sizin saat»dan çıxıb… İndi isə bu, mümkün deyil. Çünki şərtlər dəyişdi, bazarı çox böyütdülər. İnsanları çalıb-oxumaq, oynamaq bezdirdi. Onlar səhnəyə çıxanda tamaşaçı sənətə, səsə qiymət verirdi. İndi zövqümüz kirəcləşib, korlanıb. Bu kirəcləşmə də xüsusi ilə müsiqidə özünü göstərir. Bu gün adamlar daha çox müğənninin populyarlığı, kim tərəfindən himayə olunması, necə geyinməsi, şəhərdə hansı maşında gəzməsi ilə maraqlanır. Belə yanaşma qarşısında da ortaya yeni istedad çıxarmaq çox çətindir.
— Bu gün daha çox qalmaqal yaratmaq dəbdədir…
— Bu işdə də heç kim dərinə getmək istəmir. Qalmaqallar da üzdəndir, səthidir, yalançıdır, mətbəx səviyyəsində, qeybət zəminindədir. Əslində bizdə heç qalmaqal yoxdur. Heç vaxt da olmayıb. Nəyə görə də olsun? Sonu toy deyil? Hamısı toy üçündür. Yenə üz-üzə gələcəkləri yer toydur.
Qalmaqalla gəlmək istəyənlərə qalanda, hər dəfə yeni müğənni çıxanda düşünürdün ki, bu, artıq ara musiqisinin son həddidir. Ondan sonra gələn daha da aşağı səviyyədə olur. Sonda heyrətlənmirsən. Məsələn, bir vaxtlar Rəqsanənin mahnıları var idi: «Bivəfa», «Mən səni görmək istəsəm, hara gəlim». Hətta o mahnılar bugünkü mahnılarla müqayisədə uverturadır, əsərdir.
— Siz yerli kanalların baxımlı bir vaxtı «Sizin saat» verilişi ilə tez populyarlaşa bildiniz. Fikrinizcə, efirə «Toylar kralı» müsabiqəsi ilə gəlmiş olsaydınız, qəbul olunacaqdınız?
— Burada hər şey zamana görə dəyişir. Bu layihə eyniylə «Musiqili meydan»dır ki, bugünkü əsas müğənnilər hamısı «Musiqili meydan»dan çıxıb. «Toylar kralı» ilə «Musiqili meydan» formatına görə eyni proqramdır: iki tərəf, canlı musiqi və yarışma.
— Axı o, peşəkar musiqiçilərin səviyyəli musiqi ilə mübarizəsi idi…
— Dedim axı, o baxır zamana. Çünki «Musiqili meydan»da toplumun bizə musiqi sifarişi elə idi. İndi isə belədir. Eyyub Yaqubov niyə birdən-birə dəbə mindi? Çünki cəmiyyət daha çox Eyyubu qəbul edirdi. Mən o vaxt Eyyubu ona görə üzə çıxardım ki, adını söyləməyəcəyim bir məşhur xalq artistimiz var idi ki, meydanda tək idi. Bütün gənclər də onun yolu ilə gedirdi. Mən isə istəmirdim onun ardınca getsinlər. Ona görə də Eyyubu təqdim etdim və gənclər də onun yolu ilə getdi. Bu gün Amerikadan Rusiyaya kimi hansı azərbaycanlının evinə getsəniz, orada Eyyubun diski var. Eyyub Yaqubov və Brilyant Dadaşovadan başqa heç kimi dinləmirlər. Hər halda, mən başqa disk görməmişəm. Eyyub yenə oxuyur. Amma 2000-ci ildə necə sevilirdi, indi necə sevilir? Bu isə artıq Eyyubun günahı deyil…
— Gündəmdə necə qalmağı düşünürsünüz?
— Gündəmdə qalmaq istəyim yoxdur, heç vaxt da olmayıb. Olsa, evlilik proqramını aparardım. Olmadığı üçün də hərdən özümü danlayıram. Başqalarını evdə danlayırlar. (Gülür) Məni evdə çox sevirlər deyə, danlayan yoxdur, amma özüm-özümü danlayıram. İnsan öz əqidəsindən dönə bilməz. Bu gün insanlarda gündəmdə qalmaq sevgisi o qədər vüsət alıb ki, mən o insanlarla ayaqlaşa bilmərəm. Onlar məndən daha istedadlıdırlar. Mən onlara şou aparmağı, populyar olmağı, topluma şüuraltı, sətiraltı lazımlı ideyaları təbliğ etməyi öyrədə bilərəm. Amma gündəmdə qalmaq məsələsində mən onlarla rəqabət apara bilmərəm. Onlar məndən güclüdür. Mən heç vaxt ərə getməkdən danışmağı, aşağı səviyyənin xoşuna gələcək sözləri efirdən səsləndirməyi bacarmaram.
— Bu gün şou-biznesdə başqa bir dəb də var: övladlarını bu sahəyə cəlb etmək…
— Mənim sənətim üçün həyat təcrübəsi lazımdır. 21 yaşında şoumen olmaz. Dünyaca məşhur şoumenlərin hamısının 45-dən, 40-dan artıq yaşı var. Mənim oğullarım 17-18 yaşındadır. İndidən aparıcılığa buraxsam, məhv olacaqlar. Kameranın qarşısında ya kompleksli olacaq, ya da komplekslərini dağıtmaq üçün sırtıqlaşacaqlar. İstəyirəm ki, onlar universitet bitirsinlər, həyat təcrübəsi qazandıqca da öz sənətlərini seçsinlər. Mən özüm 14 sənət dəyişmişəm. Zərgərdən tutmuş universitet müəlliminə, musiqiçidən tutmuş qəzet jurnalistinə qədər çalışmışam. O üzdən də mən onlara nümunə göstərə bilmərəm. Əlimdən gələn odur ki, universitetdə oxumaları üçün şərait yaradım.
— Seriallarla aranız necədir? Həmkarlarınız seriala çəkilir. Sizə də belə təklif olub?
— Bir-iki təklif var. Amma çox bəsitdir. Sizə bir şey deyim ki, Rusiya və Türkiyə serialla öz millətini xilas etməyə qədər gəlib çıxdı. Türkiyədə 5-6 il öncə Braziliya və Argentina serialları çox vüsət almışdı. Türkiyə məhv olurdu, hər kəs özünü Neqrettoya, Peprettoya bənzətmək istəyirdi. «Kurtlar vadisi»nin ortaya gəlməyi isə bütün Türkiyəni Polada çevirdi. Onlar seriallarında qadınların da, kişilərin də müsbət tərəflərini daha çox təbliğ etməklə Türkiyəni xilas etdilər. Peprettodan Polad Alemdara çevrilmək özü bir uğurdur. Eləcə də Rusiya: «Brat 1», «Brat 2», «Opera», «Likvidatsiya»… Bütün bunlar çox ciddi mövzular olduğu üçün baxılır…
— Bizi də serial xilas edə bilər?
— Əlbəttə. Biz, istedaddan kənar xalq deyilik. Çəkərik də, oynayarıq da. Amma ssenariyə gəlincə… Mən belə ssenarilərdə çəkilmək istəmirəm. Bizim seriallarda gülməli, komik hadisələr, çox səviyyəsiz, olduqca düşüncəsiz, təfəkkürsüz həyat modelləri təqdim olunur. Baxanda görünən ilk mənzərə ürəyi bulandırır. Axı biz elə deyilik…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 884