İvanişvili Bakı-Kars layihəsindən geri çəkilir?
Kars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol magistralının tikintisindən imtina Gürcüstanı Avropadan uzaqlaşdıra və Rusiyadan asılı vəziyyətə sala bilər. Bunu dekabrın 21-də ölkə prezidenti Mixail Saakaşvili bildirib. Bununla da prezident sözügedən layihə ilə bağlı baş nazir Bidzina İvanişvilinin son bəyanatını şərh edib («Turan»).
Baş nazir «Rezonansi» qəzetinin 21 dekabr sayındakı müsahibəsində deyib ki, Kars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol magistralının tikintisi bir sıra suallar doğurur. «Ola bilsin ki, Azərbaycana səfərim zamanı bu məsələləri qaldırdım və bizə dost ölkəyə yumşaqcasına bildirdim ki, hansısa mərhələdə bu, bizim üçün faydalı olmayacaq və bu məsələnin nizamlanması lazımdır», — deyə Bidzina İvanişvili son dərəcə anlaşılmaz və müəmmalı bir mülahizə söyləmişdir.
«Mən Kars-Axalkalaki dəmiryol layihəsinə yenidən baxılması və dayandırılmasının mümkünlüyü barədə baş nazirin bəyanatından narazıyam. Bu, müstəqil Gürcüstan üçün mühüm layihədir, nəzərə alsaq ki, Gürcüstan Avropa Birliyinə inteqrasiyaya can atır, bu, Rusiyadan yan keçməklə Avropa ilə əlaqə qurmağa imkan yaradır. Baş nazirin bəyanatı bizi Avropadan uzaqlaşdırar və Rusiya ilə asılı vəziyyətə salar», — Saakaşvili vurğulayıb.
Prezident qeyd edib ki, «Kars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol magistralının tikintisindən imtina Gürcüstanın strateji maraqlarına daxil deyil». «Əgər doğrudan da bunu etməyə hazırlaşırlarsa, ötən gün Putinin (RF prezidenti) Gürcüstan hökumətindən daxil olan müsbət siqnalları alqışlamasının səbəbi aydındır. Mən tələb edirəm ki, bu məsələ ilə bağlı cəmiyyətdə müzakirələr aparılsın və hökumət təkbaşına bu istiqamətdə qərar qəbul etməsin», — M.Saakaşvili vurğulayıb.
Xatırladaq ki, dekabrın 26-da B.İvanişvili Bakıya gələcək. Onun layihə ilə bağlı mövqeyinin Bakıda nə cür qarşılanacağını təsəvvür etmək çətin deyil, axı indiyə qədər bu qədər pullar xərclənib və işin sona yaxınlaşdığı bir zamanda, özü də bizneslə bağlı bir adamın belə bir fikrə gəldiyi ən azından təəccüb doğurmaya bilmir. Doğrudanmı, bu yol Gürcüstan üçün maraqlı olmaya bilər? İvanişvili, görəsən, bunu Bakı və Ankara qarşısında nə şəkildə əsaslandıracaq? O da yaddan çıxmayıb ki, seçkilərdəki qələbəsindən az sonra Abxaziyadan keçən dəmiryol xəttinin açılmasını istədiyini demişdi, az sonra sərt reallığı görüb fikrini geri götürdü. Heç də hər şey cənab İvanişvilinin düşündüyü qədər də bəsit deyildir. Bu layihədən geri çəkilmək onun tək Moskva qarşısında deyil, İrəvan qarşısında da təslim olması, Gürcüstanın maraqlarını tapdaması və Azərbaycana düşmən mövqe tutması demək olacaqdır. Bunu başqa cür anlamaq bizə çox çətin olacaqdır.