Muəllif:

İtaliya bizim investorları əməkdaşlığa dəvət edir

Son iki gündə Bakıda Azərbaycan-İtaliya biznes əlaqələri ətrafında ciddi müzakirələr getdi. Biznes-forum da keçirildi və bu forumda 37 şirkət İtaliyadan olmaqla, ümumilikdə 100-dən artıq şirkət və təşkilatın təmsilçiləri iştirak edirdilər. İtalyanlar azərbaycanlı investorları əməkdaşlığa dəvət edirlər. Bunun iqtisadi səbəbləri az deyil.
Açıqlanan rəqəmlərə görə, bu ilin yekunlarına görə, İtaliya ilə ticarət dövriyyəsi 9,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 35%-nə bərabərdir. Qeyd edək ki, bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycan ilə İtaliya arasında aparılan ticarət əməliyyatlarının həcmi 4,146 mlrd. dollar olub ki, bunun da 3,971 mlrd. dolları Azərbaycandan ixrac, 175 mln. dolları isə Azərbaycana idxalın payına düşür. Statistikaya əsasən, Azərbaycanın İtaliyaya ixrac etdiyi məhsulların əsas hissəsini (90%-dən artıq) neft təşkil edir, Azərbaycan isə qeyri-neft sektoruna aid malların ixracını artırmaq istəyir.
Bəli, bu gün İtaliya Azərbaycanın strateji tərəfdaşı və ən iri ticarət tərəfdaşıdır. İtaliya neft müqabilində Azərbaycana ödədiyi pulun bir hissəsini investisiya kimi öz iqtisadiyyatına cəlb etmək istərdi. İtaliyanın Azərbaycan səfiri Mario Baldini Azərbaycan sahibkarlarını İtaliyaya investisiya yatırmağa dəvət edir və vurğulayır ki, Azərbaycan investisiyalarının İtaliyaya cəlb edilməsi və artırılması vacib bir məqsəddir. Səfir İtaliyada biznes qurmağın üstünlüklərini qeyd edir. Vəd edilir ki, Azərbaycan sahibkarları və turistləri üçün İtaliyaya viza alınmasında bəzi hallarda problemlərin həll edilməsində işlər gücləndiriləcək və bürokratik hallar kimi əngəllər aradan qaldırılacaq.
Öz növbəsində bizim İtaliya səfirimiz Vaqif Sadıqov da vurğulayır ki, Azərbaycan İtaliyaya qeyri-neft ixracının artırılmasında maraqlıdır. Qeyd edək ki, Bundan əlavə V.Sadıqovun sözlərinə görə, Azərbaycan şirkətlərinin İtaliyaya sərmayə yatırması üçün də böyük potensial var ki, biznes-forum kimi tədbirlər bu işlərə böyük dəstək ola bilər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov məlumat verir ki, bu gün Azərbaycanda İtaliyanın 28 şirkəti fəaliyyət göstərir və investisiya yatırır. Bu investisiyaların həcmi 47 mln. dollara bərabərdir ki, bu da böyük göstərici deyil və onun artırılması üçün potensial mövcuddur. R.Məmmədov həmçinin vurğulayıb ki, indiyədək Azərbaycan və İtaliya arasında 16 hökumətlərarası sənəd imzalanıb ki, bunlardan investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmadan azad edilməyə dair sazişlər ən vacibləridir.
Müzakirələrdə hər kəs qarşılıqlı olaraq investisiyaların və ticarətin artırılması, ümumilikdə iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğundan danışırlar. Görünən odur ki, italyan tərəf bizi ciddi tərəfdaş kimi qəbul edir. Ötən ayda İtaliya-Azərbaycan Ticarət İnstitutu da yaradılıb və bu qurumun rəhbəri xanım Manuela Traldini də Bakıya gəlib. Onunla birlikdə Roma və onun yerləşdiyi Latsio regionunun 15-20 şirkətini təmsil edən 25-30 nəfərlik heyət də Bakıdadır.
Xanım Traldini Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə də görüşüb. Musayev bildirib ki, Azərbaycanda son illər neft sektoru ilə yanaşı qeyri-neft sektoru da sürətlə inkişaf edir, kənd təsərrüfatı, toxuculuq, qida sənayesinin inkişaf etdirilməsi əsas istiqamətdir. Musayev xeyli sayda xarici şirkətlərin bu sahələrə investisiya yatırdığını deyib və İtaliya şirkətlərini də fəal tərəfdaşlığa dəvət edib.
Xanım Traldini qeyd edir ki, İtaliya iş adamları tərəfindən Azərbaycana böyük maraq var. Bildirib ki, səfərin əsas məqsədi təkcə Azərbaycan iqtisadiyyatına italyan şirkətlərinin investisiya yatırması deyil, Azərbaycan şirkətlərinin də İtaliya bazarına çıxışına imkan yaratmaqdır. İtaliyada 4,5 mln-dan çox müəssisə və şirkətin fəaliyyət göstərdiyini deyən M.Tralda ölkələrinin maliyyə böhranı ilə üzləşməsini əsas gətirərək «yeni bazar axtardıqlarını» asıq şəkildə dilə gətirib. İki ölkə arasında ticarət dövriyyəsinin 315 mln. dollar olması İtaliya hökumətini qane etmədiyini deyən M.Tralda gələcəkdə qarşılıqlı əməkdaşlıq sahəsində bu rəqəmin daha da artacağına ümid edir.
Forum çərçivəsində Azpromo ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, habelə Azərbaycanın «ASPI Holding»i ilə İtaliyanın «Usque ad Finem» şirkəti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166