İri əskinaslar bankdankənar yığıma gətirib çıxarır
Mərkəzi Bank dövriyəyə 200 və 500 nominallı əskinaslar, eyni zamanda, 1 və 2 manatlıq sikkələr buraxmağa hazırlaşır. Daha böyük nominalda əskinasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədini güdür. Belə ki, dövriyyədə olan pul kütləsi, xüsusən də iri nominallı əskinaslar — 50 və 100 manatlığın xüsusi çəkisi 65 faizi ötüb. Bu isə beynəlxalq təcrübəyə zidd hesab olunur. Belə şəraitdə dünya praktikasındakı kimi əlavə olaraq böyük nominalda əskinaslar buraxılmalıdır ki, yuxarı nominallı əsginaslara düşən yük aradan qalxsın. Məsələni həll etmək məqsədilə 200 və 500-lük əskinasların istehsalına başlamaq məqsədəuyğun sayılır.
Artıq bununla bağlı hazırlıqlara başlanılıb. Qərar yaxın 5 ildə qüvvəyə minəcək. Sikkələrin dövriyyədən çıxarılmasına isə yol verilməyəcək. Yaxın vaxtlarda dövriyyəyə 1 və 2 manatlıq sikkələr buraxılacaq.
İqtisadçı ekspert Nazim Məmmədov hesab edir ki, nağdsız ödənişləri daha çox stimullaşdırmaq lazımdır. Ekspertin sözlərinə görə, Mərkəzi Bankın planlaşdırdığı 200 və 500 manatlıq əskinaslar heç də məxsusi hesablaşmaları stimullaşdırmayacaq. Əksinə, bu, xəlvəti iqtisadiyyata xidmət edən amillərdir:
«Demək olar ki, əksər ölkələrdə ən böyük əskinas 100 dollarlıqdır. İstənilən halda böyük nominallı əskinaslar ilk növbədə inflyasiyaya təsir edir. Həm də xəlvəti iqtisadiyyatına bankdan kənar yığımların stimullaşdırılmasına gətirib çıxarır. Eyni zamanda, pul kütləsinin artmasına da səbəb olur. Burda pul kütləsinin ümumi iqtisadiyyatda faiz nisbətini mütləq nəzərə almaq lazımdır. Mərkəzi Bank dəqiq şəkildə pul kütləsinin nə qədər olduğunu qeyd eləmir. Təxmini hesablamalara görə, 6 milyarda yaxındır. İnsanların böyük hissəsi öz vəsaitlərini banklara etibar etmir. Onlar bankdan daha çox, öz əllərində pul yığırlar. Vətəndaş üçün bankların çox olmasının heç bir ziyanı yoxdur. Bankların sayının çox olması rəqabət mühitini gücləndirir, amma onların göstərdiyi xidmətlər əlçatan olmalıdır. Güclü bank o demək deyil ki, onun nizamnamə kapitalı daha çox olsun».
İqtisadçı hesab edir ki, pul dövriyyəsinə iri nominallı əskinasların buraxılması üçün real iqtisadi zəmin yoxdur. Onun sözlərinə görə, Azərbaycanda orta aylıq əməkhaqqı bu əskinasların hazırlanmasına imkan vermir.