Muəllif:

İran səfirliyi DAK-a hücum etdi

İranın Azərbaycan səfirliyi Dünya Azərbaycanlıları Konqresinə hücum etdi. Başqa sözlə, DAK-ın təşəbbüsü ilə «Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz» mövzusunda keçirilən konfransla bağlı dünən geniş bir bəyanatla çıxış etdi.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda DAK-ın konfransı pislənir, İranla Azərbaycan arasında dostluq əlaqələrini zəiflətməyə yönələn bir addım kimi dəyərləndirilir:
«Tehranla Bakı arasındakı mehriban münasibətlərə xələl gətirmək məqsədilə bir daha provokativ addım atılıb və sözdə «Dünya Azərbaycanlıları Konqresi» adlanan separatçı qrup beynəlxalq sionizmi və dünya imperializminin niyyətlərini gerçəkləşdirmək naminə Bakıda fəaliyyətə keçib. Konfransda uzun illər İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmətlərinə görə tanınmış şəxslər cəfəngiyat söyləməklə və İranı təhqir etməklə, eləcə də qıcıqlandırıcı çıxışlarla beynəlxalq sionizmin nəzərdə tutduğu separatizm təfəkkürünün təbliğatına başlayıblar».
Bəyanatda o da qeyd olunub ki, bu qruplaşma Azərbaycan xalqının diqqətini Qarabağ münaqişəsindən yayındırmaq məqsədilə antiiran separatçılığı meyillərini qızışdırmaq niyyətindədir: «Bu konfransda İranın ərazi bütövlüyü sual altına alınıb. Antiiran və separatçı qrupların sərbəst fəaliyyəti İran-Azərbaycan münasibətlərinin müsbət inkişaf istiqaməti ilə daban-dabana ziddir. Ümid edirik ki, Azərbaycan hakimiyyəti də belə qruplara qarşı lazımi səviyyədə həssaslıq nümayiş etdirəcəkdir».
Bəyanatda DAK rəhbərliyinin ünvanına kəskin fikirlər səsləndirilib: «DAK adlanan qruplaşmanın konfransı dekabrın 5-də keçirilib və separatçı kimi tanınan Sabir Rüstəmxanlı və İrandan qaçmış əks-inqilabçılardan olan Əjdər Tağızadə «Cənubi və Şimali Azərbaycan» kimi saxta və əsası olmayan terminlər işlədərək, Stalin və Sovet dönəmində olduğu kimi İranın tarixini saxtalaşdırmağa çalışıb və İran İslam Respublikası əleyhinə təhqiramiz ifadələr səsləndiriblər».
DAK həmsədri Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında bəyanatda yer alan fikirləri əhəmiyyətsiz hesab edərək, təmsil etdiyi qurumun Azərbaycan dövləti ilə heç bir bağlılığı olmadığını diqqətə çatdırıb:
«Bu, yeni məsələ deyil. İran illər uzunu Güney Azərbaycanın adını çəkən, oradakı 35 milyon soydaşlarımızın taleyi ilə maraqlanan, onların haqlarını dilə gətirən hər bir adama düşmən gözü ilə baxır. Yeni təyin olunan səfir isə özünü ərksöyün uşaq kimi aparır. Azərbaycan gələndən çox yerə «burnunu soxur». Ona məsləhət görərdim ki, səfir səlahiyyətindən kənara çıxmasın. Mən bu ölkənin deputatıyam, yazaram, dünyanın onlarla ölkəsinə səpələnmiş soydaşlarımızın qurultayında seçilən bir şəxsəm. Bu DAK QHT olsa da, azərbaycanlıların adından danışa bilən rəsmi təşkilatdır. Bu qurumun başçısına həqarət etməyə heç bir ölkə səfirinin haqqı yoxdur. Xaricdə qurulan və fəaliyyət göstərən təşkilatın fəaliyyəti haqqında səfirin belə danışmağa haqqı çatmır».
Rüstəmxanlı qeyd edib ki, İran özünü İslam hüququnun müdafiəçisi kimi göstərsə də, ölkəsində yaşayan 35 milyon türk-müsəlmanın haqlarını tapdalayır: «Səfirliyin verdiyi bəyanatın mənim üçün heç bir mənası yoxdur».
Maraqlıdır, görəsən, cənab səfir İranda yaşayan 30 milyon türkün ana dilində təhsil almaq, qəzet-dərgi buraxmaq, övladlarına türk adları qoymaq, işlətdiyi dükana türkcə ad qoymaq hüququnun yasaqlandığını necə izah edərdi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166