Muəllif:

İran niyə PKK-ya dəstək verir?

Bu həftənin əvvəlində İran parlamentinin sədri Əli Laricani Ankarada olduğu saatlarda Türkiyənin daxili işlər naziri İdris Naim Şahin şok açıqlama verib. Lent.az-ın verdiyi məlumata görə, milliyyətçi mövqeyi ilə seçilən İdris Naim Şahin TRT Haber telekanalına açıqlamasında deyib ki, İranın PKK terror təşkilatına dəstək verdiyini bilirlər.

İdris Naim Şahin bildirib ki, Şemdinlidə, Yüksekovada döyüşlərdə yaralanan PKK terror təşkilatının üzvlərinin İrandakı xəstəxanalarda müalicə aldıqları məlumdur: «Terrorçuların ifadələri də zatən bu məlumatları təsdiqləyir. İran hazırda ən azı PKK terror təşkilatının fəaliyyətinə göz yummaqla terror təşkilatını dəstəkləyir. İranla bərabər, Suriya, İraq və Ermənistan da PKK-nı dəstəkləyir».

İdris Naim Şahin ilk dəfə diplomatik tərzi bir kənara qoyaraq, açıq şəkildə PKK terror təşkilatını dəstəkləyən ölkələrin adlarını açıqlayıb və bu ölkələrin terror təşkilatını dəstəkləməsi barədə Türkiyədə dəqiq məlumatların olduğunu söyləyib…

İranın terrorçu kürdlərə yardımı ilə bağlı başqa xəbərdə isə bildirilib ki, Ərzurumda ikinci ağır cinayətlərə dair məhkəmədə terrorçu PKK-nın İrandakı qolu, PEJAK-ın keçmiş üzvü Əhməd Güreşin cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir. NTV telekanalının yaydığı xəbərə görə, bu terrorçu 1990-cı illərdə İranın PKK-ya göstərdiyi yardımlardan danışıb. Güreşin sözlərinə görə, həmin illərdə PKK-çılar İslam Respublikasına gedərkən qarşılanır, onlar üçün orada hazırlanmış qonaq evlərində qalırmışlar.

2005-ci ildə terrorçulardan ayrıldığını söyləyən Güreş deyib ki, bir çox hallarda İran terrorçu PKK-ya silah-sursatla da yardım edirdi.

Elə bu il də Türkiyə ilə sərhəd məntəqələrinin birində yaşayan soydaşlarımız Türkiyədən bu tərəfə keçən terrorçuların bəsic düşərgəsində qarşılandığı, arabir onları sərhəd istiqamətində, özü də gecə saatlarında müşayiət etdiklərini izləyiblər. Belə düşünmək olur ki, terrorçulara molla rejiminin bu dəstəyi bu gün də davam edir.

Bundan başqa, İran hakimiyyəti Güney Azərbaycana və onun türk xalqına qarşı şovinist siyasətini, Qərbi Azərbaycan əyalətində etnik kürdləri gücləndirmək yönündəki çalışmalarını davam etdirməkdədir. Tarixi Azərbaycan-Türk torpaqlarına göz dikən kürd çevrələrinin arxasında bugünkü İran rejiminin, onun sanballı maddi və mənəvi dəstəyinin dayandığı sirr deyildir.

Yayılan məlumata görə, «Fars» xəbər agentliyi Güney Azərbaycanın Xalxal şəhərinin bir çox kəndini «kürdlərin yaşadığı» ərazi kimi təqdim edib. Bu yazının başlığı Tasua gecəsi (Məhərrəm ayının 9-cu günü) ilə bağlı olub. Ancaq yazının mətnində Xalxal bölgəsinin «böyük bir hissəsi kürdlərin ana torpaqları» kimi göstərilib.

Nə səbəbə Türkiyə ilə sərhəd boyu kürdləri gücləndirmək istəyir? Bunlar spontan işlərmidir? Bizə görə, bütün bunlar təsadüfi hallar deyil, türklüyə qarşı fars şovinist çevrələrinin düşünülmüş siyasətinin ayrı-ayrı epizodlarıdır. Gözdən qaçmır ki, son aylarda bəsic təşkilatının (İran İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası-yarımsilahlı dəstələr) iclaslarında Azərbaycana qarşı şübhəli çıxışlar edilir.

Kürd terrorçularının təsir dairəsinə düşən bəsic təşkilatları Güney Azərbaycanın Urmiya şəhəri və bölgədəki kəndlərin yerli şurasında bu etnik qrupun sayının artırılmasını planlaşdırır. Məlumata görə, bəsic təşkilatları tərəfindən Urmiya şəhərinin müxtəlif məscidlərində keçirilən iclaslarda Urmiya şəhər Şurasına ən azı 4 kürd millətçisinin gətirilməsini vacib hesab edirlər. Onlar Azərbaycanın mədəni hüquqları uğrunda fəaliyyət göstərən soydaşlarımızı «pantürkist» adlandırıb və onların PKK, PEJAK və Kürdistan Demokrat Partiyası terrorçularından «daha təhlükəli» olduğunu düşünür və bunu açıq şəkildə ifadə edirlər.

Bu məkrli məsələdə İranın qonşularına və din qardaşlarına münasibətdə məkrli davranışı İraq, Suriya və Ermənistanın Türkiyə və Azərbaycana nifrəti ilə üst-üstə düşür və bizlər bundan yaxşı xəbərdarıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178