İpoteka krediti 100 min manat həcmində veriləcək
Mərkəzi Bank (MB) 2013-cü ildə ölkədə ipoteka kreditləşməsinin həcmini artırmaq üçün Nazirlər Kabinetinə müraciət edib. MB hazırda ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən əhəmiyyətli həcmdə vəsait ayrıldığini və sosial ipotekanın maliyyələşdirilməsində ildən-ilə artımın olmasıni təqdir edir, bununla yanaşı, ümumilikdə ipoteka bazarının inkişaf etdirilməsi üçün əlavə mənbələrin diversifikasiyasını da məqsədəuyğun sayır. Baş bankir Elman Rüstəmov bildirib ki, Azərbaycanda 2013-cü ildə ipoteka məqsədləri üçün dövlət xəttilə təqribən 100 milyon manat yönəldiləcək. Həmin vəsaitin təxminən 40 milyon manatı sosial iptekaya, yarısından çoxu isə kommersiya banklarına istehlak ipotekası üçün ayrılacaq. Yəni, ümumi ipoteka portfelinin əsas hissəsi güzəştli ipoteka kreditlərindən deyil, kommersiya xarakterli ipoteka kreditlərindən ibarət olacaq.
MB baş direktoru Rəşad Orucovun sözlərinə görə, 2013-cü ildən ipoteka kreditləri sahəsində bəzi dəyişikliklər nəzərdə tutulub. İlk növbədə, AİF xətti ilə sosial ipotekadan istifadə imkanı əldə edən şəxslərin siyahısı genişlənəcək. Gələn il gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsinə dair təkliflərin yaxın vaxtlarda qəbul edilməsi mümkündür. Sosial ipoteka kreditinin maksimum məbləğinin artırılması ilə yanaşı illik faiz dərəcələrinin aşağı salınması da nəzərdən keçirilir. Bundan başqa, AİF yanında Zəmanət Fondundan ipoteka kreditlərini ilkin ödəniş etmədən almaq mümkün olacaq.
«Ata-Bank» ASC-nin departament rəhbəri Teymur Axundov hesab edir ki, kommersiya banklarına dövlətin maliyyə resursları hesabına birbaşa kreditlərin verilməsi mənzil tikintisinin səmərəliliyini atrıracaq, ölkə əhalisinin mənzil-yaşayış şəraitini yaxşılaşdırmağa kömək edəcək amil sayıla bilər. Hökumət ipoteka maliyyələşdirməsini daha da gücləndirmək, bu sahədə səmərəli mexanizm yaratmaq məqsədilə ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək niyyətindədir və bu addım mənzil krediləşməsinin əhatəsini genişləndirə bilər. Eyni zamanda, hökumətin hazırda üzərində işlədiyi bir mexanizmin — kommersiya ipoteka kreditinin məbləğinin 50 min manatdan 100 min manata çatdırılması da mühüm faktor ola bilər.
Onu da qeyd edək ki, 2013-cü ildə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan əlavə vəsaitlərin bir mənbəyi də Neft Fondunun vəsaitləri ola bilər. İpoteka Fondu bununla əlaqədər hökumətə müraciət edib və hazırda bu istiqamətdə danışıqlar aparılır. İpoteka Fondundan verilən məlumata görə, bir sıra neft ölkələrində belə bir mexanizm var. Hökumət vətəndaşlara mənzil kreditlərini ehtiyat neft fondlarının maliyyəsi hesabına formalaşdırır. Bu elementin ölkəmizdə də tətbiqi üçün MB və Maliyyə Nazirliyi ilə bir neçə dəfə məsləhətləşmələr aparılıb. Hər iki qurum mənzil kreditləşməsində Dövlət Neft Fondunun vəsaitlərinin istifadəsini istisna etmir.
İpoteka Fondu ipoteka üçün əlavə vəsaitlərin digər mənbələr hesabına, hökumətin ehtiyat fondlarından verilməsini də mümkün sayır. Bundan başqa, maliyyələşdirilmə istiqamətində qiymətli kağızların buraxılması, kredit və qrantların cəlb olunması da nəzərdə tutulur. Bu məqsədlə maliyyə və istiqraz bazarlarında faiz dərəcələrinə yenidən baxılması, təkrar maliyyələşdirmədə daha səmərəli variantların tətbiqi də başlıca məsələlərdəndir.