Muəllif:

Hərbçiləri bu il nə gözləyir?

Qarşıdan gələn ildə Azərbaycan hərbçilərini məvacib artımı gözləyir. Bu barədə hərbi mənbələrdən AYNAya məlumat verilib. Bildirilir ki, məvaciblərin iyunda 20-30 faiz artırılmasına dair fikirlər var.
Bu arada hərbçilərə kirayə haqlarının ödənilməsi üçün verilən pul kompensasiyasının məbləğinin artırılacağı bildirilir. «AzeriDefence.com» saytına eksklüziv olaraq Nazirlər Kabinetindən verilən məlumat görə, kirayə haqlarının artırılması ilə bağlı təkliflərə hazırda baxılır. Gələn ilin əvvəlinə gözlənilən artımın əhəmiyyətli olacağı qeyd olunsa da, məbləği barədə bir söz deyilmir.
Hökumətdən bildirilib ki, Silahlı Qüvvələrdə əmək haqqı və pensiya sisteminin təkmilləşdirilməsi, eləcə də digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün gələn il 38 milyon 458.3 min manat vəsait ayırmaq planlaşdırılır. Ümumilikdə 2013-cü ilin büdcəsində bu məqsədlər üçün sərf olunması planlaşdırılan vəsaitin həcmi 2012-ci ildəkindən 249.3% çox olacaq.
Arayış üçün: bu gün kirayə üçün verilən pul kompensasiyasının məbləği Bakı şəhəri üzrə hərbi qulluqçuya 47 manat, onun hər bir ailə üzvünə qeyd olunan vəsaitin 50%-i, rayonlar üzrə müvafiq olaraq 27 manat və onun 50%-i məbləğindədir.
Bundan başqa gələn il bir sıra hərbçilərə mənzillər veriləcək. Dekabrın 24-də «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Prezident Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası idi.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışaraq bildirib ki, artıq müvafiq meyarlara uyğun olan və SQ-də 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılıb. Qeyd olunmuşdur ki, komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə, döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.
İclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların yeni siyahısına baxılmış, mənzil almağa namizəd olan hərbi qulluqçuların siyahısı üzrə dəqiqləşdirilmələr aparılaraq 337 nəfər hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.
Bununla da, bu günə qədər Komissiya tərəfindən 411 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər hərbi qulluqçunun mülkiyyətinə verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 810