Hansı komanda «Qış çempionu» olacaq?
Ötən gün futbol üzrə Azərbaycan çempionatında ilin son turunun 4 oyunu keçirildi. Tur maraqlı qarşılaşmalarla yadda qaldı. Zaqatalanın «Simurq» komandası səfərdə «Rəvan»a minimal hesabla qalib gəlməklə, xallarının sayını 33-ə çatdırıb. Bu qələbədən sonra «Simurq» turnir cədvəlində birinci pilləyə yüksəlib. Bu gün keçiriləcək «İnter» — «Bakı» matçında birincilər qalib gəlsələr, turnir cədvəlində lider dəyişə bilər.
«Qarabağ» isə turun mərkəzi oyununda «Xəzər Lənkəran»a qalib gələrək, 2-ci pilləyə yüksəlib.
«Qəbələ» də qələbə qazandığı oyunun taleyini sonuna az qalmış həll etsə də, rəqiblərindən fərqli 2 qol vura bilib. Komanda 4-cü pilləyə yüksəlsə də, ən yaxın izləyicisi «Neftçi»nin AZAL-la bu gün keçiriləcək matçının nəticəsini gözləməlidir.
«Sumqayıt» isə son pillənin sahibi «Kəpəz»lə matçda əzmkar qələbə qazanıb. Özü də qələbənin əsasını ötən mövsüm «Kəpəz»də oynayan Sabir Allahquliyev vurduğu qolla qoyub.
20 dekabr
«Turan» — «Qəbələ» — 0:2
QOLLAR: : Bruno da Silva, 79 (p.), Dodo, 89
«Simurq» — «Rəvan» — 1:0
QOL: Mario Bojiç, 88
«Sumqayıt» — «Kəpəz» — 2:1
QOLLAR: Sabir Allahquliyev, 89, Məhəmməd Mirzəbəyov, 90+1 — Emin
İmaməliyev, 47
«Qarabağ» — «Xəzər Lənkəran» — 1:0
QOL: Vüqar Nadirov, 74.
Bugünkü «Neftçi» — AZAL və «İnter» — «Bakı» matçları ilə ölkə çempionatının bu il üçün oyunlarına yekun vurulacaq və komandalar iki aylıq fasiləyə yollanacaqlar. Bununla da hansı komandanın fasiləyə «qış çempionu» kimi çıxacağı bəlli olacaq.