Güney Azərbaycanda yeni həbslər
Bu ölkədə müstəqil düşüncə sahibi olan, mənsub olduğu millətin mədəni haqlarını istəyən ziyalılara qarşı təzyiqlər davam etməkdədir. Aldığımız xəbərlərə görə, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyənlərdən biri kimi tanınan Həsən Ərk tutulub. Mənbənin bildirdiyinə əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları onu iş yerində həbs ediblər. Bu azərbaycanlı ziyalıya qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verilməyib. Həsən Ərk həbsdən bir neçə ay öncə azad edilmişdi…
Digər bir xəbərə görə, tanınmış azərbaycanlı fəallardan olan Mehdi Həmidi-Şəfiq dekabrın 8-də ETTELAAT) əməkdaşları tərəfindən Təbrizdəki evində həbs edilib. Bu soydaşımız ötən il sentyabrın 2-də Urmiya gölünün fəlakətli durumu ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilmişdi. Onu hakimiyyət əleyhinə fəaliyyətdə və ölkənin təhlükəsizliyini pozmaqda ittiham edirdilər.
Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən Mehdi Həmidi-Şəfiq 21 ay azadlıqdan məhrum edilmişdi. Belə düşünmək olar ki, Mehdi Həmidi-Şəfiq məhkəmə qərarının icrası üçün yenidən həbs edilmişdir. Onun hazırda Təbriz həbsxanasında olduğu bildirilir.
Bu günlərdə Bakıda Beynəlxalq İnsan Haqları günü münasibətilə «Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü» mövzusunda dəyirmi masada belə bir fikir səsləndirilmişdi ki, Güney Azərbaycanda ifadə azadlığına görə həbslər adi şəkil almışdır. Lakin Güney Azərbaycanda yaşanan hüquq problemi artıq beynəlxalq təşkilatların gündəminə gəlmişdir və dünya oradakı duruma biganə deyildir.