Genetik modifikasiya olunmuş bitki gətirilənlərə böyük cərimə
Genetik modifikasiya olunmuş bitkiləri ölkəyə gətirənləri böyük cərimə gözləyir. MM Aqrar Siyasət Komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub və MM-in plenar iclasına tövsiyə edilib .
APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov sənədin ölkə prezidentinin imzası ilə MM-ə daxil olduğunu bildirib. Qeyd olunub ki, məcəlləyə 120-1 maddəsi əlavə edilir. Bu da mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması ilə bağlıdır.
Dəyişikliyə əsasən, qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüququ şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması təklif edilir.