Muəllif:

«Gənclik» rahat nəfəs alacaq

Paytaxtın «Gənclik» metro stansiyası rayonu rahat nəfəs alacaq. Nə vaxtdan bəridir davam edən inşaat işləri başa çatıb və yeraltı tunel istifadəyə verildi. Dünən Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsindəki yeraltı avtomobil tunelinin istifadəyə verilməsi mərasimində prezident İlham Əliyev də iştirak etmişdir.
Bu layihə metronun «Gənclik» stansiyasının ətrafındakı «Qələbə meydanı» adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Layihə üzrə bu ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2470 metr olan 6 tunel tipli yol qovşağının, 10 piyada keçidinin inşası nəzərdə tutulub. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirir.
Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər «Gənclik» dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin avtomobilləri Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək, gələcəkdə tikintisi nəzərdə tutulan, ümumi sahəsi 280 min kvadratmetr, 400 avtomaşınlıq, üçmərtəbəli yeraltı avtomobil dayanacağından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.
Qeyd edildi ki, layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. Layihə tamamlandıqdan sonra «Qələbə meydanı» adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaq. Vaqif prospektində inşa edilən yol qovşağı metronun «Gənclik» stansiyasının mövcud tuneli üzərindən keçir.
Diqqətə çatdırıldı ki, beynəlxalq standartlara uyğun layihələndirilmiş tunellərin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb. Layihəyə uyğun olaraq ərazidə infrastruktur tamamilə yenilənib. Mövcud çoxsaylı kommunikasiya xətləri dəyişdirilib və daha müasirləri ilə əvəz edilib. Layihə üzrə qazma işləri 80 faiz, 5 tuneldə yeraltı qazmabetonlama işləri isə 100 faiz tamamlanıb. Layihəyə əsasən, metronun «Gənclik» stansiyasında əlavə iki yeni piyada çıxışının inşası planlaşdırılıb. İlk olaraq metronun «Gənclik» stansiyasının Atatürk prospektinə çıxışının «Qələbə meydanı»nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib.
Dövlət başçısı Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində istifadəyə verilən yeraltı avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib. Bu tunelin ümumi uzunluğu 546, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür. İnşaat işləri «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən həyata keçirilir. Tunelin daxili işıqlandırma sistemini isə İtaliyanın tanınmış dizayn şirkətləri ilə birlikdə Azərbaycanın «Proqres kommunikosion» şirkəti layihələndirib və icra edib. Buradakı işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləyib və yarımkeçirici diodlar əsasında işləyir. Sistem kompüter vasitəsilə idarə olunur.
Tunelin yan divarlarında kompüterlə idarə olunan yarımkeçirici diodlar əsasında işləyən işıqlar quraşdırılıb. Tunelin tavanında quraşdırılan projektor isə bir neçə rejimdə gündüz, gecə və qəza şəraitində çalışır. Hərəkət zolağında isə çoxlu sayda istiqamətverici işıqlar quraşdırılıb. Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə generatordan istifadə olunub. Burada istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperatura davamlı olan materiallardan hazırlanıb. Ərazidə tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326