Muəllif:

Elşad Abdullayevdən daha bir video

Fransada yaşayan Elşad Abdullayev sosial şəbəkələrdə öz «rejissorluğu» ilə çəkilmiş «video-serial»ın daha bir «bölüm»ünü yayımladı və siyasət adamlarından gözlənilən reaksiyalar özünü çox gözlətmədi. Məlum serialın gizli lentə alınmış bu «bölüm»ündə parlament mandatı üçün çox çirkin bir alverin şahidi oluruq. Beynəlxalq Universitetin keçmiş rektoru gizli kamera ilə çəkilmiş və parlamentdə deputat yeri uğrunda alveri əks etdirən bir neçə süjeti artıq Youtube-da yerləşdirib. Bu seriyada mərkəzi personaj Sabir adına kitabxananın sabiq direktoru Sevinc Babayevadır. O, pulların Elşad Abdullayevdən alınıb sonradan «hakimiyyətə çatdırılmasında» vasitəçi funksiyasını yerinə yetirir və danışıq bu barədə gedir. «Turan» agentliyinin şərhi:
Yeni videoada E.Abdullayevlə S.Babayeva arasında dialoq gedir. Onlar «işgüzar məsələləri» müzakirə edirlər. S.Babayeva deyir ki, G.Əhmədova seçkiləri başqa namizədə uduzub, ona görə də axşam saat 11:00-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə zəng vurub. Bundan sonra bütün seçki məntəqələrindəki protokollar yenidən yazılıb, Namazovun tərəfdarları isə öz hüquqlarını müdafiə edərkən qovulublar.
S.Babayeva bildirir ki, pullar ($1 mln.) Ramiz Mehdiyevə verilib və onlar G.Əhmədova ilə birlikdə pulları kabinetdə sayıblar. O, buna inanmayan E.Abdullayevə məhrəmanə şəkildə deyir ki, «Gülər Əhmədova ölkənin ikinci adamının xüsusi tapşırıqlarını yerinə yetirir». G.Əhmədovaya tapşırılıb ki, ölkə daxilində hakimiyyəti söyən, xarici konfranslarda isə keçid dövrünün ağırlığından danışan müxalifətin bir hissəsini «yedirtsin».
Onlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadədir. Ona tapşırılıb ki, müxalifətçi namizəd Arzu Səmədbəylini razı salsın və o da müəyyən haqqın müqabilində deputat mandatından imtina etsin.
A.Səmədbəyli E.Abdullayevin dairəsində onun rəqibi olub və S.Babayeva deyir ki, əgər dövlət başçısı A.Səmədbəylinin namizədliyini tövsiyə edirsə, E.Abdullayevin verdiyi bir milyonun əvəzində onun qardaşlarından birini Binəqədi rayonuna icra başçısı qoymaq olar, onun özünü isə Sumqayıt şəhərinə hakim.
Lakin E.Abdullayev bu təklifdən imtina edir və deyir ki, o, məhz deputat kreslosu üçün pul verir və parlamentin Hüquq siyasəti komitəsinin rəhbəri olmaq istəyir. Sonra S.Babayeva Ramiz Mehdiyevin maraqlı xarakteristikasını verir. Onun sözlərinə görə, G.Əhmədova ilə birlikdə onun kabinetində pulları sayandan sonra R.Mehdiyev onlara heç olmasa 50 min də verməyib. «O, simicdir», — deyə S.Babayeva vurğulayır.
Videoda adı çəkilən Eldar Namazovun reaksiyası özünü çox gözlətmədi. O düşünür ki, Elşad Abdullayevin İnternetdə yerləşdirdiyi yeni videogörüntülər dərhal bir sıra cinayət növləri üzrə bir neçə cinayət işinin qaldırılmasına əsas verir. Bunlar korrupsiya, seçki prosesinə qanunsuz müdaxilə, seçkilərin saxtalaşdırılması, adamların döyülməsi və s.-dir. Həmin cinayətlərdə əsas fiqurlardan biri, sözsüz ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmalıdır. Bu barədə «Turan»a politoloq Eldar Namazov bildirib.
Namazov bildirib ki, 2005-ci il seçkilərində o, həqiqətən 15 saylı Yasamal birinci seçki dairəsində qalib gəlib. «Lakin hakimiyyət yalnız 4 məntəqədə protokolları saxtalaşdıra bilib. Qalan 25 məntəqədə möhürlə təsdiqlənmiş protokolları götürə bildik və mən parlamentə düşürdüm. Bundan sonra MSK vasitəsilə daha 6 məntəqədə nəticələr ləğv edildi ki, bu məntəqələr üzrə mən qalib idim», — deyə Namazov xatırladır. Nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin Namazova 15 min avro həcmində kompensasiya ödənilməsi barədə qərar çıxardığı məlum faktdır.
«Hakimiyyət yaxşı biznes fikirləşib: deputat mandatını 1 milyona satmaq, vətəndaşlara isə yalnız 15 min ödəyirlər. Heç bir biznes sahəsində bu cür mənfəət yoxdur», — deyə Namazov qeyd edib. O deyib ki, hüquqşünaslarla məsləhətləşmələr apararaq gələcək addımların taktikasını müəyyən edəcək.
Öz növbəsində, İqbal Ağazadə «Turan» agentliyinə bildirib ki, videoda adı çəkilən İqbal o deyil.
Hazırda Avropada E.Abdullayevlə birgə olan siyasi fəal Elnur Məcidli isə adı çəkilən şəxsin məhz İqbal Ağazadə olduğunu iddia edir. Buna baxmayaraq, deputat bu iddianı birmənalı şəkildə rədd edib. Ağazadə videoda göstərilən Sevinc Babayevanı tanımadığını bildirir. Gülər Əhmədova ilə yalnız deputat münasibətinin olduğunu söyləyib. İ.Ağazadə «deputatlıq alveri» ilə bağlı nə G.Əhmədova, nə S.Babayeva, nə Arzu Səmədbəyli, nə də digər heç bir şəxslə danışmadığını bildirib. «Əgər E.Abdullayevin əlində mənimlə bağlı hər hansı faktı varsa, ortaya qoysun», — deyə münasibətini bildirir.
Deputat Arzu Səmədbəyli barəsində deyilənlər də onun tərəfindən təkzib olundu.
Xatırladaq ki, Ramiz Mehdiyev bundan əvvəlki videoya reaksiyasını çox kəskin şəkildə bildirmiş və onun ünvanına deyilənləri rədd etmişdi. Son günlər mətbuatda Sevinc Babayevanın adı keçmiş zamanda müxtəlif şəxslərlə bağlılıqda çəkilirsə də, təkziblər də özünü çox gözlətmir. Videoda bu qədər ağır cinayət əməlləri göz önündə olsa da, bu qalmaqallı məsələdə başlıca personajlardan olan Gülər Əhmədova heç bir şey olmamış kimi arabir ictimaiyyət arasında görünür, BDU-da tədris fəaliyyətini davam etdirir. Ən təəccüblüsü budur ki, hüquq-mühafizə orqanları isə hələ ki bu çirkin faktların qarşılığında passivlik nümayiş etdirir, seyrçi mövqelərini dəyişmirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158