Elmlər Akademiyası necə olmalıdır?
Belə bir fikir doğulub ki, əgər Azərbaycan elminin gerçəkdən inkişafını istəyiriksə, bizim ölkədə bir elmi təsisat olaraq yeni bir Elmlər Akademiyasının və yeni bir tərzdə şəkillənməsinə, onda əsaslı funksional islahatlar aparılmasına böyük bir ehtiyac var. Bunun zamanı gəlmişdir və gecikmək ölkənin intellektual inkişafına ziyan gətirə bilər. Bir qurum olaraq mövcud MEA sovet sisteminin məhsulu olaraq həddən artıq qollu-budaqlıdır. İnkişafın indiki dönəmində belə bir qollu-budaqlı struktur özünü doğrultmur, inkişaf etmiş ölkələrin heç birində bir «qollu-budaqlı» elmi struktur yoxdur. Bir sözlə, bu elmi qurumun mövcud forması köhnəlib, zamanın tələbinə cavab vermir, özünü doğrultmuş olan dünya təcrübəsi ilə uyuşmur.
Belə bir fikrə gəlinib ki, Akademiya yığcam olmalı, balacalaşmalı, onun struktur tərkibi kimi görünən ayrı-ayrı elmi-tədqiqat institutları isə universitetlərin tabeliyində fəaliyyət göstərməlidir — dünyanın sanballı universitetlərində olduğu kimi.
Azərbaycan kimi kiçik bir ölkə üçün belə bir elmi ideyanın beşiyi başında 5 tanınmış alim dayanır: bunlar Halil İnalcıq, Lütfi Zadə («bulanıq məntiq» nəzəriyyəsinin yaradıcısı, ABŞ vətəndaşı), Mahmud Qazi Yaşargil (ABŞ vətəndaşı), sənətşünas-alim Arif Məlikov və riyaziyyatçı-alim Hamlet İsaxanlıdır. Onlardan Lütfi Zadə, Arif Məlikov və Hamlet İsaxanlı Azərbaycanda kifayət qədər tanınmış isimlərdir. Hamlet İsaxanlı Xəzər Universitetinin yaradıcısı, çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri, ensiklopedik alim və sənət adamı, Arif Məlikov isə dünyada tanınan bəstəkar və sənətşünasdır. Halil İnalcıq (1960) Türkiyə vətəndaşıdır, Osmanlı tarixi üzrə dünya çapında tanınan və qəbul edilən qocaman tarixçi alimdir. Mahmud Qazi Yaşargil (1925) isə tibb sahəsində dünya çapında tanınan, bir çox universitetlərin fəxri doktoru seçilmiş bir alimdir. Bu görkəmli alim mikroneyrocərrahiyyənin atası sayılır.
Yeni akademiya onların görümündə
Hamlet İsaxanlı bildirir ki, hökumət bilmir indiki, özünü doğrultmayan akademiya sistemi ilə nə etsin? Yəni, onun özünü doğrltmadığı barədə rəy — birmənalıdır. 5-6 il öncə balaca bir hərəkət başladı, sonra dayandı, fikir birliyi olmadı. Sonra yenə də danışmağa başladılar, məsələ siyasiləşdi və bu barədə danışanlar dağılışdılar. Lakin bu məsələ həllini tapmalıdır. Zaman gözləmir.
Bu dəfə hərəkət azərbaycanla bağlı olan alimlər tərəfindən və xaricdən başlayıb.
Onlar — 5 təsisçi hesab edirlər ki, yeni qurulacaq Azərbaycan Akademiyası elm və sənət adamlarının, mütəxəssislərin, intellektualların birliyindən ibarət, qeyri-siyasi, gəlir güdməyən qeyri-hökumət təşkilatı olmalıdır. Bu qurum elmdə nələrin baş verdiyinə, yeni doğulan elmi cərəyanlara fikir verməli, məqsədi — elm, sənət və insan inkişafına xidmət edən sahələrdə araşdırmalar və yaradıcılıq işləri aparılmasına kömək etmək, elmdə mövcud durumu təhlil etmək, hesabatlar və dəyərləndirmələr aparıb topluma təqdim etmək olmalıdır. Yüksək nailiyyətləri müstəqil şəkildə və obyektiv gerçəkliyə uyğun şəkildə dəyərləndirmək və şərəfləndirmək AA-nın əsas fəaliyyət sahəsi görülür.
Bu alimlərin arasındakı razılaşmaya görə, AA-nın beş bölmə üzrə fəaliyyət göstərməsi planlaşdırılır. Riyaziyyat və təbiət elmləri; canlı həyat haqqında elmlər (tibb, biologiya,…); mühəndislik və texnologiya; humanitar və sosial elmlər; ədəbiyyat, incəsənət, musiqi.
AA-nın bir işi də konfrans, simpozium, seminar və müxtəlif görüşlər təşkil etmək və nüfuzlu nəşrlər vasitəsilə dünya miqyaslı nailiyyətlərin müzakirəsini həyata keçirmək, inkişaf və innovasiyalara, yeni ideyaların yaranmasına və yayılmasına təkan vermək olmalıdır.
«Beşliyin» görümündə AA-ya üzv seçilmək elm və sənət adamlarının qazanacağı yüksək şərəfdir. Ciddi elmi kəşflər etmiş, yüksək sənət əsərləri yaratmış, mütəxəssis kimi böyük uğurlar qazanmış insanlar AA-ya üzv seçilə bilərlər. Üzvlük müddətsiz olmalıdır. Üzvlər məhdud sayda olmalı (say təsisçi üzvlər tərəfindən müəyyənləşdirilir). Vəfat edən üzvün yerinə başqası seçilir. Fikir belədir ki, say nə çox, nə də həddən artıq az olsun. Seçilən üzvlərin siyasi baxışları rol oynamasın, müstəqil düşünən insanlar olsunlar. Yəni, bunlar hökumətlə bağlı, elmin deyil, onun sözünü deməli olan adamlar olmasınlar. Seçkilərdə namizədlərin hökumətlə razılaşdırılması praktikası bir kənara qoyulsun.
Maraqlıdır ki, Türkiyədə Qərb meyarları əsasında akademiya qurulmasına belə bir cəhd olub,lakin hökumətə bağlı adamlar bu ideyanı iflasa uğradıblar.
AA yeniləri seçir, uğur qazanan alimləri və qurumları qiymətləndirir, şərəfləndirir. Şərəfləndirmə iki cür ola bilər: üzv seçmək və ya ən yaxşılara xüsusi medallar vermək. Məsələn, adlı medallarla. Misal üçün Rusiya EA-da «Lomonosov medalı» mövcuddur, bizdə tutalım, «Üzeyir Hacıbəyli», «Mirzə Fətəli Axundov», «Nəsirəddin Tusi» medalları təsis edilə bilər. Yəni klassik azərbaycanlılar ilk sırada olsun. Maliyyə tərəfinə gəldikdə: təsisçilərin özləri tərəfindən medal təsis edilə və bunun maliyyə qarşılığı elan edilə bilər.
Əsasən öz vətəndaşlarından olan üzvlər seçir, fəxri üzvlər qismində xarici vətəndaşları seçə bilər.
Bir variant da belədir ki, bu akademiya Azərbaycanla məhdudlaşmasın, onun coğrafiyası geniş götürülsün, məsələn, bütün türk ölkələri üçün elmi qurum olsun.
Dünya təcrübəsindən bir-iki misal
Əgər atalarımızın «dünya gör-götür dünyasıdır» tövsiyəsini unutmuruqsa, Qərb ölkələrinin akademiya təcrübəsində iqtibas edilməsi çox şeylər var. Fransa təcrübəsinə gəldikdə, onlarda ümummilli və dünya çapında böyük nüfuzu olan iki akademiya var. Fransız Akademiyası — fransız dili və ədəbiyyatının öyrənilməsi, fransızcanın dil və ədəbi normalarının öyrənilməsi məqsədini daşıyır. İldə 60 ədəbi mükafat verir, 40 daimi və ömürlük üzvü var. «Ölməzlər akademiyası» adı buradan doğulub. Kardinal Rişelyenin fərmanı ilə 1635-ci ildən bu yana mövcud funksiyasını daşıyır.
Dünyanın ən «yaşlı» akademiyalarından olan Fransa Elmlər Akamiyası (başqa adı — Paris Elmlər Akademiyası) isə 1666-cı ildə alimləri «ruhlandırmaq və müdafiə etmək» məqsədi ilə yaradılıb və indiyədək bu ampluada fəaliyyət göstərir. Onun «Montion mükafatı» dünyada məşhurdur.
Böyük Britaniya təcrübəsində Britaniya Akademiyası adlı, özünüidarə edən və müstəqil milli qurum mövcuddur. Londonda yerləşən bu qurum 1902-ci ildə Kral Xartiyası əsasında qurulub. Onda 800 alim birləşib, 18 bölməsi var. Funksiyası etibarilə tarix, fəlsəfə və filoloji elmlərə rəvac vermək üçündür.
Britaniya Akademiyasının adi üzvləri, böyük üzvləri (yaşı 70-dən yuxarı olanlar), fəxri üzvləri (20 üzvdən çox olmur) və müxbir üzvləri var. Hər il akademiyaya 35-ə qədər adi üzvlər seçilir.
Amerika təcrübəsi — ölkənin aparıcı elmi qurumu olan ABŞ Milli Elmlər Akademiyası 1863-cü ildə Konqress tərəfindən yaradılıb. «Elm, texnika və təbabət sahəsində millətin məsləhətçisi» funksiyasını daşıyır. İctimai əsaslarla çalışır. 2000 həqiqi üzvü və 350 əcnəbi üzvü var. Onların arasında Nobel mükafatı almış 200 alim olub. Yeni üzvlər həqiqi üzvlərin gizli səsverməsi ilə ömürlük seçilirlər. Akademik seçilmək elmi xidmətlərin etiraf olunmasının ən mötəbər simvolu sayılır. Akademiyanı prezident başda olmaqla 12 üzvdən ibarət Şura idarə edir.
Digər Qərb ölkələrində buna bənzər qurumlar fəaliyyət göstərir. Gördüyümüz kimi, örnək üçün misallar çoxdur.