Elektrik enerjisi üçün vaxta görə tarif tətbiq edilsin
Bir çox ölkələrdə əhaliyə verilən elektrik enerjisinin qiyməti dəyişən tariflə hesablanır. Söhbət gündüz bir tarif, gecə isə daha ucuz olan digər tarifdən gedir. Ən yüksək tarif adətən pik saatlarında tətbiq edilir. Gecə saatlarında isə qiymətlər nisbətən ucuz olur. İnsanlar da öz gəlirlərinə uyğun olaraq elektrik enerjisindən istifadə edir. Ölkəmizdə abonentlərin təxminən 98 faizi smart-kart tipli sayğaclarla təchiz edilib.
Azərbaycan hökuməti gecə saatlarında elektrik enerjisi az istifadə edildiyindən onu nisbətən ucuz qiymətə xaricə satır. Bu da imkan verir ki, elektrik enerjisinin ödənişində dəyişən tarifdən istifadə edilsin. Bu proses vətəndaşların elektrik enerjisindən istifadəsini daha səmərəli və bərabər şəkildə bölüşdürməyə imkan verəcək. Mütəxəssislər bütün sadalananları nəzərə alaraq müvafiq qurumların bu ideyaya diqqət yetirməyini məqsədəuyğun hesab edir.
İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, belə tarifin tətbiqi müsbət addım olardı:
«Elektrik enerjisi və kommunal xidmət ödənişlərində bu kimi dəyişkən tarif bir çox ölkələrdə artıq çoxdan tətbiq olunur. Tarifin formalaşması bir sıra meyarlar əsasında müəyyən edilir. Məsələn, bu meyarlar əhalinin gəlirlilik kateqoriyası üzrə tətbiq edilir. Yəni gəliri çox olan yüksək tarif, gəliri az olanlara isə aşağı tarif tətbiq edilir. Bundan əlavə, əhali və qeyri-əhali qrupu arasında tarifləri birincilər az ödəyir, ikincilər çox. Bir də son dövrlər geniş yayılan və uğur qazanan tarif, vaxta görə tarif adlanır. Məsələn, gecə tarifi gündüz tarifindən daha aşağı olarsa, insanlar bir sıra işini günün bu hissəsinə salmağa çalışacaq. Bu halda enerji sisteminin qeyri-bərabər yüklənməsi aradan qalxacaq. Bu tarifin tətbiqi üçün ən əsas iş tariflərin dəyişəcəyi vaxtı və işlənən enerjini hesablamaqdır. Bunun üçün isə elektron sayğaclar var».