«Ekoloji məhbus» zindanda vəhşicəsinə döyülüb
Urmiya gölünün fəlakətli durumu ilə bağlı məlum etirazların gedişində həbs olunmuş və sonradan ölkəni tərk etməyə nail olan vəkil Musa Bərzin Xəlifəli «Amerikanın Səsi»nə baş verənlərlə bağlı müsahibə verib və bir sıra mətləblərə aydınlıq gətirib. Bəlli olduğu kimi, ötən ilin avqustunda azərbaycanlı deputatların Urmiya gölünün qurumasının qarşısını almaq üçün parlamentə təqdim etdikləri layihə rədd etdildikdən sonra başlanan kütləvi etirazlar nəticəsində Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz və Urmiyada həbslər başlanmışdı.
Həbslərin çoxu etiraz aksiyaları əsnasında və ondan sonra şəhər küçələrində həyata keçirilsə də, 29 azərbaycanlı etirazçı neçə gün öncə, Təbrizin Qumtəpə məhəlləsində qonaq olduğu bir evdə tutuldu. Onlardan biri də Musa Bərzin Xəlifəli idi.
Urmiya gölünün quruması ilə bağlı toplantı keçirmiş məhbuslar milli təhlükəsizliyə qarşı aksiyalar planlaşdırmaqda ittiham olunublar. Bir neçə aydan sonra Qumtəpə görüşündə tutulanların hamısı ağır cərimələr qarşılığında zaminə buraxılsalar da, onların məhkəməsi davam edib və bəzilərinə uzunmüddətli həbs cəzaları verilib. Son günlərdə həbs hökmü alanlardan Həsən Ərk, Əziz Purvəli, Mehdi Həmidi-Şəfiq və Əhməd Riyazı cəza çəkmək üçün Təbriz zindanına göndəriliblər.
Təqribən üç aydır Türkiyədə qaçqın həyatı yaşayan azərbaycanlı vəkil, Musa Bərzin Xəlifəli də vaxtilə Qumtəpə görüşündə tutulmuş 29 türkdən biridir. Musa Bərzin müsahibəsində həmin həbslərlə əlaqəli tutulma günündən məhkəmə və hökmlərin icrasına qədər bütün proseslərin qanunsuz şəkildə həyata keçirildiyinə inandığını bildirir.
Son illərdə vəkil qismində bir çox azərbaycanlı ictimai-mədəni fəalı məhkəmələrdə müdafiə edən Musa Bərzin deyib ki, təhlükəsizlik məmurları fəalları tutduqları zaman güc tətbiq edib və məhkəmənin sanksiyasını göstərməyiblər. Vəkil Bərzin tutulanların təkkameralı otaqlarda saxlandığını və dindirmə zamanı gözlərinin bağlandığını deyir. O, mövcud praktikanın təkcə İran qanunlarına deyil, habelə beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edir.
Musa Bərzinin Qumtəpə görüşündə Urmiya gölünün quruması və ekoloji fəlakətin qarşısını almaq yolları haqqında danışılıb. O əlavə edib ki, insanları, mənfi məqsədlərlə olsa belə, sadəcə, danışmaq üstündə həbs edib məhkəməyə cəlb etmək qanuni deyil.
Əlavə edək ki, Güney Azərbaycanda həbs edilmiş milli-mədəni fəallara qarşı işgəncələrə ara verilmir. Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına əsasən, bir neçə gün öncə həbs edilmiş mədəni-ictimai fəal Məsud Hüseynzadə zindan məsullarının əlaltıları tərəfindən döyülüb.
Hüseynzadə dekabrın 15-də ona qarşı güc tətbiq edənlər barəsində şikayət edib. Məlumata görə, Hüseynzadə şikayəti ilə əlaqədar Təbriz zindanının təhlükəsizlik bölümünə çağırılıb. Bu gənc onunla haqsız yerə dava edənlərin başqa bir bölümə köçürüləcəkləri təqdirdə, şikayətini geri götürəcəyini bildirib. Təhlükəsizlik məsulları isə onun tələbi ilə razılaşıblar və yaxın günlərdə sözügedən şəxsləri başqa bölümə göndərəcəklərinə söz veriblər.
Azərbaycanlı fəal Əziz Purvəli Təbriz zindanının karantin bölümünə köçürülüb. Purvəli bir neçə gün öncə azərbaycanlı fəal Məsud Hüseynzadənin zindan məsullarının əlaltıları tərəfindən döyüldüyünə etiraz etdiyinə görə zindanın təhlükəsizlik bölümünə çağırılaraq, karantin bölümünə köçürülüb.
Onun yeni köçürüldüyü bölüm zindanın ən çətin və ağır şəraitli yeri sayılır. Orada davamlı olaraq yoluxucu xəstəliklərə rast gəlinir.
Xatırladaq ki, Əziz Purvəli 24 aylığa həbsə məhkum edilib. O da Qumtəpə məhəlləsində iftar mərasimi zamanı həbs edilən 29 fəaldan biridir. Ekoloji fəlakət barədə düşüncələri paylaşmaq İran cəmiyyətində sağlamlığa bu dərəcədə təhlükəlidir.