Əbülfəs Qarayev ili uğurlu saydı
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ili uğurlu saydı. «Nizami» Kino Mərkəzində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında etdiyi məruzəsində məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq sahədə qazandığı uğurlar göz önündədir və bu gün Azərbaycan mədəniyyət ölkəsi kimi tanınır. Başçılıq etdiyi sahəyə dair arzu və istəklərini də dilə gətirərkən nazir deyib:
«Mənim əsas marağım odur ki, Azərbaycan mədəniyyəti bütünlüklə internet şəbəkəsinə daxil olsun. Biz bu gün ciddi hücuma keçməliyik. Bütün məlumatlar internet şəbəkəsində olmalı və bu istiqamətdə iş getməlidir. Sözsüz, biz istənilən sahədə uğur qazanmaq üçün var gücümüzlə çalışmalıyıq. Bu gün bir çox mədəniyyət ocaqları əsaslı təmir olunur, hər bir məkan gözəlləşir, amma o məkanların təqdimatı zəif olduğundan bu iş görünmür».
Qarayev həm mədəniyyət, həm də turizm sahəsində çatışmazlıqlar olduğunu da açıq deyir. Kino sahəsindən danışarkən bu sahədə böyük uğurların əldə olunacağına ümid etdiyini əlavə edib, kitabxana sahəsində isə Baltikyanı ölkələrin təcrübəsindən yararlanacaqlar. Nazir görüb ki:
«Bu ölkədə bütün kitabxanalar açıq və rahat fəaliyyət göstərir. Azərbaycanda kitab işinin təkmilləşdirilməsinə ehtiyac var və biz bunun üçün müəyyən addımlar atmağa qərar vermişik».
Əbülfəs Qarayev regionlarda fəaliyyət göstərən mədəniyyət və turizm idarələri rəhbərlərini tənqid edib və onları məsuliyyətli olmağa çağırıb. Nazir haqlıdır, bu il onlardan bəziləri məsuliyyətə cəlb olunmuşdur. Nazir təəssüf edir:
«Bizim problemimiz bəzi işçilərin köhnə təfəkkürlü olmasındadır. Məni çox narahat edir, bizim regionlardakı rəhbərliklər məni o səviyyəyə çatdırır ki, istintaq orqanları ilə işləməyə məcbur oluram. Mən ilk gündən bu vəzifəyə gələndə demişəm, mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar. Rayonlarda mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdır. Ancaq mən məlumatlar alıram ki, hardasa pul oğurlayıblar, hardasa stol «siliblər» və bu cür hərəkətlər ediblər. İki rayonla bağlı məsələni Respublika Prokurorluğu səviyyəsində müzakirə etməyə məcburam. Çünki mən istəmirəm ki, mədəniyyət sözü hansısa cinayətin gedişində, onunla bir arada hallansın. Deməliyəm ki, Şəki rayonunun mədəniyyət və turizm şöbəsinin keçmiş rəhbəri və onun tövsiyələri ilə hərəkət edən bir neçə işçimizlə, Qazax rayonunda isə səhlənkarlıq edən şəxslərlə bağlı elə vəziyyət yarandı ki, sənədlər prokurorluğa göndərildi. Mən belə işçiləri müdafiə etmək niyyətində deyiləm. Əgər onlar bizim ailənin qanunlarına uyğun hərəkət etmirlərsə, mən onları müdafiə etməyəcəyəm».
Nazir fəxr edir ki, «Azərbaycan nümunələri bəşəriyyətin qoruduğu maddi irs nümunəsinə çevrilib. Bu da bəşəriyyətin Azərbaycan mədəniyyətinə verdiyi böyük diqqətdir. Azərbaycan tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün olmayacaq». Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun Maddi-mədəni irs Siyahısına daxil edilməsinə İrandan olan etiraza münasibət bildirərkən deyib ki, bu, sadəcə, fərqli düşüncədə olan alimlərin mülahizələridir:
«Fərqli fikirlər ola bilər. Eyni səpkidə düşünən insanlar da fərqli fikirlər irəli sürə bilərlər. Amma artıq beynəlxalq təşkilat bunu qəbul edib. Onların fikirlərinə qarşı müəyyən izahatlar verilib. Azərbaycan tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün də deyil. Əgər hansısa ölkə o ifa sənətində verdiyi töhfələrin daha çox olduğunu deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da müraciət etsinlər».