Dunya Miyatoviç prezidentin əfv fərmanını alqışladı
ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv fərmanını alqışlayıb. Əfv fərmanına əsasən həbsdə olan iki jurnalist və bir bloger azadlığa çıxıb. «Bu, gözlənilən addım idi və jurnalistlər üçün ümumi atmosferi yaxşılaşdıracaq. Onlar azad və təhlükəsiz fəaliyyət üçün şəraitə malik olmalı, həbsə düşmək qorxusu ilə üzləşməməlidirlər», — deyə Dunya Miyatoviç bildirib.
Əfv aktı çərçivəsində İran TV-nin Azərbaycan müxbiri Anar Bayramlı, «Xural» qəzetinin müxbiri Aydın Canıyev və bloger Taleh Xasməmmədov azadlığa çıxıblar. Onlar bir neçə ay həbsdə olublar. «Ümidvaram ki, bu mühüm addım sonuncu olmayacaq və həbsdə olan bütün jurnalistlər azadlığa çıxacaqlar», — deyə Miyatoviç ayrıca vurğulayıb.
Hazırda həbsdə olanlar «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı, müstəqil reportyor Fərəməz Allahverdiyev, «Xəyal» telekanalının direktoru Vüqar Qonaqov və həmin kanalın redaktoru Zaur Quliyev, həmçinin «Tolışi Sado» qəzetinin redaktoru Hilal Məmmədov, Araz Quliyev (Masallıda Xeber44.com dini online-nəşrin baş redaktoru), Nicat Əliyev (Azadxeber.org dini online-nəşrin baş redaktoru), Fuad Hüseynovdur (Ucar rayonundan jurnalist, polisə müqavimətdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib).
Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı son fərman 87 nəfərə şamil olunub. Onların 79-u həbsdən, 4-ü islah işlərindən, daha 4 nəfər cərimədən azad edilib.
Əfv edilənlərin sırasında bir neçə «vicdan məhbusu» var. Bunlar hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP fəalı Şahin Həsənlidir. Həmçinin yerli hüquq müdafiəçilərinin siyahısı və AŞ PA məruzəçisi Kristofer Ştrasserin hesabatında adları keçən bir neçə məhbusa da bu fərman şamil edilib.
Bunlar Şəmsi Abdulov (sabiq Xüsusi Təyinatlı Polis Dəstəsi), İranın «Səhər» televiziyasının müxbiri Anar Bayramlı, «Xural» qəzetinin bölgə müxbiri Aydın Canıyev, gəncəli iki ruhani — Azər Cəbiyev və Fəxri İlyasov (2011-ci ilin əvvəlində həbs olunublar), hüquq müdafiəçisi Taleh Xasməmmədov və Nemət Pənahlı ilə birlikdə həbs olunan Ceyhun Fərzullayevdir.