Dünən dünyanın sonu olmadı
Xeyli vaxtdır «21 dekabr»la bağlı insanlarda vahimə doğuran əsassız proqnozlar və dünyanın sonunun gəldiyini inadla təsdiq etməyə cəhd edən bəzi üzdəniraq «alimlər» biabırcasına ifşa olundular. 21 dekabr tarixi, adi günlərdən biri olmasıyla yanaşı nə dünyanın dağılmasına, nə də kainatda buna bənzər bir hadisələrin baş verməsinə şahidlik edə bilmədi…
Azərbaycan MEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov, dünyanın dağılacağını özünətəlqin edən iradəsi zəif insanlar üçün açıqlamasında qeyd edir ki, əslində insanların özünü rahatsız hiss etməsi «qiyamət günü»nün çatması deyil, havada nəmlik dərəcəsinin gözlənilmədən dəyişməsi və təzyiq fərqlərinin əmələ gəlməsi ilə əlaqədardır: «Son bir həftədə günəşdə aktivlik minimum səviyyəsinə enib. Bununla bağlı olaraq Yer kürəsində maqnit qasırğası da azdır». O bildirib ki, Günəş sistemində hansısa hadisə olarsa, bunun nəticəsində 2-3 gün sonra yerdə maqnit qasırğası olur: «Ancaq hazırda Günəşdə sakitlik olduğundan yerdə də maqnit qasırğası olmamalıdır».
Cəlilov bu gün bəzi insanların özlərini rahatsız hiss etməsinin səbəbinin maqnit qasırğası ilə əlaqələndirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, insanların özünü rahatsız hiss etməsi havada nəmlik səviyyəsinin gözlənilmədən dəyişməsi və təzyiq fərqlərinin əmələ gəlməsi ilə əlaqədardır:
«Dünyanın sonu ilə bağlı yayılan xəbərlərdən sonra Günəş sistemində baş verən hadisələri daha tez-tez izləyirik. Amma bu günlə bağlı Günəş sistemində ciddi dəyişiklik yoxdur. Günəşdə aktivlik maksimum fazada olduğuna görə, bu cür sakitliyin olması bir qədər maraqlıdır. Adətən Günəşdəki sakitlikdən bir müddət sonra güclü partlayışlar olur. Amma o partlayışların dalğasının Yerə çatıb-çatmaycağını zaman göstərəcək. Günəşi hər iki tərəfdən arası kəsilmədən müşahidə edirik. Əgər Günəşdə partlayış olsa belə, bu, Yerə 3 gündən sonra çatır. Hələlik belə bir hal müşahidə olunmur».
Merkuri, Saturn və Veneradan ibarət mini parad davam edir
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev isə 21 dekabr tarixi ilə bağlı açıqlama verərkən, tarixdə zaman-zaman bu kimi elmdə təsdiqini tapmayan şaiyələrə rast gəlindiyini qeyd edib: «2000-ci ilin vahiməli «qorxusu» yadınıza gəlirmi? Bu «qorxu», heç bir nəticə olmadan keçib getdi və əksəriyyət tərəfindən unuduldu. Gəlin, bədnam «21 dekabr» haqqında çəkilmiş filmdəki xüsusi rejissor və kompüter effektlərini unudaq və bədbin olmayaq. Dünya dağılmayacaq. Bu gün sadəcə növbəti qış Günəş qarşıdurması deyilən astronomik hadisə baş verəcək. Bizim planet artıq 4 milyard ildir mövcuddur və dünya alimləri 2012-ci illə bağlı hər hansı təhlükə olmadığını qətiyyətlə deyirlər».
Hazırda planetlərlə bağlı vəziyyəti şərh edən E.Babayev bildirib ki, bu günlər, səhər çağında Merkuri, Saturn və Veneradan ibarət mini parad davam edir (səmanın 30 dərəcəlik böyüyən sektorda):
«Yupiter bütün gecə görünür, Mars axşam tərəfi bir saata yaxın, Uran və Neptun isə axşam və gecə görünür. Günəş faktoru haqqında da müntəzəm olaraq söhbət açılır. 2012-ci ilin qalan son günlərində ciddi Günəş alışmaları və müvafiq olaraq geomaqnit fırtınalarının başvermə ehtimalı çox azdır. Hazırda Günəşin səthində 66 ləkə və 3 iri aktiv ləkə regionu müşahidə olunur. Günəş alışmalarının başvermə ehtimalı aşağı səviyyədədir. Digər tərəfdən, geomaqnit fəallığı da yüksək deyil. Bir sözlə, kosmik hava stabildir».
Alim həmçinin bildirib ki, bu sabitliyi meteoşərait haqqında demək olmaz:
«Son günlər hava şəraitinin tez-tez pisləşməsi, atmosfer təzyiqinin kəskin dəyişməsi, temperaturun qalxıb enməsi kimi faktorlar meteolabil insanlar üçün əlverişsiz olmaqla, insanlarda diskomfort yaradır. Bu diskomfort həm də, adətən qış dövrünə xas olan bədbinlik, laqeydlik, həvəsdən tez düşmə kimi hisslərlə (psixoloji faktorlarla) müşayiət olunduğundan, xarakteri zəif olan insanlar «21 dekabr» kimi cəfəngiyyatlara daha tez inanır və ya aludə olurlar».
Sonda alim «21 dekabrda» dəhşət gözləyən insanların nəzərinə bəzi elmi nəzəriyyələrdən sitatlar gətirir:
«Bəşəriyyət hələ 5 milyard il yaşayacaq, inkişaf edəcək, nəsillər bir-birini əvəzləyəcək. Əgər bəşəriyyət öz-özünü nüvə və ya ekoloji fəlakətlərlə məhv etməzsə, bizi əvəz edəcək nəsillər başqa dünyaları da kəşf edəcəklər. Niyə bizlər alimlərin sözünü ciddi qəbul etmir, yalnız şarlatanlara inanırıq? Niyə öz hərəkətlərimizlə onlara qazanmağa (biznes və ya ucuz şöhrət mənasında) imkan veririk? Gəlin optimist olaq, sabaha inanaq, bir-birimizə inanaq. Biz Kainatda beşik kimi yırğalanan və cağa səsi gələn birrəngli dünyamızda — Yer kürəsində yaşayırıq. Bu dünyanı birlikdə qorumalıyıq, onu əl-ələ verib hifz etməliyik — axı ona bir şey olarsa, seçim olmayacaq…»
Orta məktəb müəllimləri 21 dekabrda şagirdləri dərsə gəlməməyə səsləyib
«21 dekabr» — «Qiyamət günü» ilə əlaqədar Azərbaycanın bəzi məktəblərində davamiyyətin düşməsi halı müşahidə olunub. Bu barədə jurnalistlərə açıqlamasında TN ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə deyib. O bildirib ki, TN tərəfindən məktəblərdə vəziyyətin və davamiyyətin necə olması ilə bağlı müvafiq araşdırmalar aparılıb. İlkin məlumata görə, bu günlə bağlı bəzi məktəblərdə davamiyyət aşağı düşüb:
«Təhsil Nazirliyinin əvvəldən təlimatı olub ki, bu gün heç bir əsası olmayan şayiələrə inanmasınlar və hər bir valideyn öz övladını dərsə göndərsin. Məktəblərdə müəllimlərin hər biri işdə olub, təlim prosesinin pozulmaması üçün bütün işlər görülüb. Hazırda məktəblərdə tədris normal şəraitdə davam etdirilir. Amma hansısa valideyn tərəfindən uşaqlar məktəbə göndərilməyibsə, bu hallar da araşdırılacaq».
TN şöbə müdiri bəzi məktəb müəllimlərinin bu günlə əlaqədar valideynlərə müraciət edərək uşaqlarını məktəbə göndərməməsi barədə tapşırığına da münasibət bildirib:
«Ola bilsin ki, bu məsələdə hansısa müəllim zəiflik edib. Bu gün ölkədə 170 min müəllim fəaliyyət göstərir. Onların 1-2-si təşvişə düşərək belə fikirlər səsləndiribsə, bunu bütün müəllimlərə şamil etmək olmaz. Amma bir daha Təhsil Nazirliyi olaraq bəyan edirik ki, bu hal nəinki Azərbaycan, bütün dünyanı bürümüş şayiədir. Bu yalanlara uymadan hər kəs uşağını məktəbə göndərməlidir ki, ölkədə tədris-təlim prosesi normal şəkildə davam etdirilsin».
Paytaxt sakinləri daha soyuqqanlılıq nümayiş etdirib
21 dekabrla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayında ciddi fərq müşahidə olunmayıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. O bildirib ki, ötən sutka ərzində — saat 09:00-dan bu gün səhər 09:00-dək stansiyaya 1515 müraciət daxil olub. M.Həmidovun sözlərinə görə, amma adi günlərdə bundan daha çox müraciət daxil olur: «Hər gün stansiyaya orta hesabla 1400-1600 çağırış edilir. Lakin 21 dekabr tarixi ilə bağlı çağırışların sayında ciddi fərq hiss edilməyib. Həm də bu müraciətlər adi günlərdə olduğu kimi müxtəlif səbəblərlə əlaqədar olub».
Yollarda avtomobil seyrəkliyi müşahidə olunub
21 dekabr tarixində Azərbaycan paytaxtında səhər saatlarında avtomobil seyrəkliyi də müşahidə olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yollarda avtomobilin azlığının səbəbi açıqlayarkən qeyd edib ki, axşam saatlarından etibarən paytaxtın küçə və prospektlərində boşluq müşahidə olunub:
«Bakı küçələrində nəqliyyat vasitələrinin az olmasına səbəb bəzi kütləvi informasiya vasitələrində yayılan «21 dekabr-qiyamət günü» ilə bağlıdır».
V.Əsədov həmçinin qeyd edib ki, adətən paytaxtın avtomobil yollarında şənbə və bazar günləri boşluq olur. Lakin 21 dekabrda olan boşluq sırf bu şayiələrə inanan sürücülərin avtomobillərindən az istifadə etməsi ilə bağlıdır.