Dublin iclası gözləntiləri doğrultmadı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar birmənalı olaraq iflasa uğrayıb. Ermənistan danışıqlardan qaçır. Ermənistan prezidenti açıq-açığına bildirdi ki, neçə ki o sağdır, ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkibində görməyəcəklər. Bakının isə daxili auditoriyaya «danışıqlar hələ öz potensialını itirməyib», «məsələnin dincliklə həllinə ümidlər qalır» kimi bəyanatları ictimai fikirdə daha keçərli deyil. Nə etməli? Azərbaycan rəhbərliyi bundan sonra necə hərəkət edəcək? Sözü qurtarmış, iflasa uğramış, işğalçıya işğalçı deməkdən inadla boyun qaçıran Minsk Qrupu beynəlxalq hüququn maddələri ilə silahlanmış Azərbaycana və onun xalqına indi nə deyəcək? Bu mənada Dublində keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-cu iclası, oradan deyiləcək sözlər, Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının ehtimali görüşü maraqla gözlənirdi.
Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları — Sergey Lavrov, Hillari Klinton və Bernar Kazenevin Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin sülh yolu ilə nizamlanması üçün heç cür anlaşılmayan «siyasi iradə nümayiş etdirməyə çağırış»ları onu göstərdi ki, vasitəçiliyi üzərinə götürmüş ölkələr daha bir 20 il keçsə də, işğal faktına lazımi reaksiya göstərməyəcəklər. Dublindən çıxan başlıca qənaət bu oldu.
Dünən 19-cu iclas başa çatdı. Dağlıq Qarabağa dair birgə bəyanat isə qəbul olunmadı. Elmar Məmmədyarov belə bir məzmun daşıyan bəyanatın qəbul olunmamasına görə İrəvanı təqsirləndirərək dedi ki, «Minsk Qrupu tərəfindən də bu məsələdə yetərli təkid nümayiş etdirilmədi, bu isə İrəvanın qeyri-konstruktiv mövqe sərgiləməsindən irəli gəlir».
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİN rəhbərləri şurasının Dublində keçirilən 19-cu iclası çərçivəsində Minsk Qrupu həmsədrləri ilə baş tutan görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib:
«Təəssüf ki, rəsmi İrəvanın əvvəl razılaşdırılmış məsələdən sonradan imtina etmə kimi adətləri və qeyri-konstruktiv mövqeyi səbəbindən həmsədrlərin və XİN rəhbərlərinin birgə bəyanatı məsələsində razılığa gəlinmədi».
Xarici işlər naziri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə qalmasının münaqişənin həllinə ciddi maneə olduğunu xüsusi vurğulayıb: «Bu qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin tənzimlənmə prosesinin başlanmasını şərtləndirəcək».
ATƏT-ə və onun Minsk Qrupuna olan ümidlərin əbəsliyini baş katib Lamberto Zanyer ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair keçirilən mətbuat konfransında öz dili ilə ifadə edib: «Biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həllinə zorla məcbur edə bilmərik, bunun üçün onların siyasi iradəsi lazımdır. Tərəflər müxtəlif səbəblərdən qarşılıqlı etimad yaradan təklifləri qəbul etməkdə çətinlik çəkirdi» (APA).
Qarşılıqlı etimad mühitinin formalaşması və snayperçilərin ön xətdən geri çəkilməsi ilə bağlı suala cavabında baş katib bunları deyib:
«Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərəflərlə davamlı əlaqəli şəkildə davam etdirdiyi siyasi nizamlama prosesidir. İkincisi isə, yerdəki vəziyyətdir. İkinci məsələdə həyəcan doğuran məqamlar vardı. Bununla əlaqədar biz bir sıra təkliflər, o cümlədən qarşılıqlı etimad tədbirlərinin görülməsi, snayperçilərin geri çəkilməsi və s. irəli sürdük. Tərəflər müxtəlif səbəblərdən bu təklifləri qəbul etməyə çətinlik çəkirdi. Biz isə onları münaqişənin həllinə zorla itələyə bilmərik. Bunun üçün tərəflərin siyasi iradəsi lazımdır».
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında tərəfləri bir-biri və Minsk Qrupunun həmsədrləri ilə münaqişənin həlli istiqamətində birgə fəaliyyət göstərməyə və razılıq əldə etməyə çağırıb. 20 ildir eşitdiyimiz sözlər.
Bir sözlə, Azərbaycan öz problemi ilə baş-başa qalmışdır, nə onu bu problemi qüvvəsini işə salıb həll etməyə imkan verir, nə də özləri öz təsir vasitələrini işə salıb, işğalçını çəkilib getməyə vadar edirlər…