Muəllif:

DNF investisiya strategiyasında dəyişiklik edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk sərmayə qoyuluşlarını həyata keçirib. ARDNF Londonun Vest End səmtində, Seynt Ceyms, 78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq olan ofis kompleksini alıb. 1845-ci ildə tikilən bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunub və «A» tipli ofis binaları sinfinə tam uyğunlaşdırılıb. Ümumi sahəsi 11018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 mln. funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilib. Qeyd edilən bank hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.
Ardınca Parisin Vandom meydanında yeni bir ofis kompleksinin 135 mln. avroya alındığı xəbəri yayıldı.
DNF-nun daşınmaz əmlaka investiya yerləşdirməsi müsbət hal kimi dəyərləndirilə bilər. Lakin böhran şəraitində olan Avropada daşınmaz əmlak almaq səmərəli sayıla bilərmi?. Bir çox proqnozlara görə, Avropada böhran hələ bir müddət də davam edəcək. Bu baxımdan atılmış addımlara ehtiyatla yanaşılır.
İqtisadçı-ekspert Məhəmməd Talıblı Neft Fondunun investisiya strategiyasında dəyişiklik etdiyini və Rusiya və Türkiyədə daşınmaz əmlakın alınması məsələsinin həmin strategiyada öz yerini tapdığını deyir. Amma investisiya strategiyasında Avropa ölkələri ilə bağlı dəyişiklik nəzərdə tutulmurdu. Ancaq indi görünür, Neft Fondu Rusiya və Türkiyə ilə kifayətlənmir.
Ekspertin sözlərinə görə, Neft Fondunun investisiyaları idarə etmək strategiyası çevik olmalıdır. Amma bu çeviklik sadəcə olaraq dünyada ucuz əmlak almaqdan ibarət olmamalıdır. Həmin ölkədə böhran, böhran dövründə həmin daşınmaz əmlakın Neft Fonduna nə qədər gəlir gətirəcəyi nəzərə alınmalıdır. İndiki halda belə bir əmlakın hansı maraqla alındığı bilinmir. Amma hər bir halda belə strategiyaların tətbiqi nəticə etibarı ilə Neft Fondunun aktivlərinin faiz dərəcələrini yüksəltməlidir.
Ekspert 2010-2011-ci ildə Neft Fondunun idarəetmədən əldə etdiyi gəlirlərin ümumi investisiya portfelinin 0,84 faizini təşkil etdiyini deyir. Əgər bu il bu göstərici 2-3 faizə yüksəlsə, ümumilikdə yaxşı göstərici hesab oluna bilər. Ancaq 0,84 faizdən də az olsa, bu o deməkdir ki, investisiya strategiyası düzgün müəyyənləşməyib və ona uyğun olaraq idarəetmə rentabellik göstəricilərini qaldıra bilməyib:
«İlk növbədə həmin daşınmaz əmlakın alınmasının hansı zərurətdən irəli gəldiyi əsaslandırılmalıdır. Digər tərəfdən, ilin sonunda həmin əmlakın Neft Fonduna nə qədər gəlir gətirəcəyini bilmək lazımdır. Amma hər bir halda investisiya strategeyası çevik olmalıdır və dünyada dəyişən konyukturaya ciddi reaksiya verməlidir».
ARDNF Paris şəhərinin Vandom meydanı-8 ünvanında yerləşən, dəyəri 135 mln. avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksinin satın alınmasına gəldikdə, bu bina XVIII əsrdə inşa edilib və hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədləri ilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir.
1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən, bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də, zərgərlik məmulatları istehsal edən məşhur şirkətlərə icarəyə verilib.
ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib ki, hazırda London, Paris, Roma, Moskva və İstanbul şəhərlərindən əlavə olaraq, Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif daşınmaz əmlak obyektləri nəzərdən keçirilir. Fond rəhbəri həmçinin bildirib ki, bu ilin investisiya siyasətinə əsasən, ARDNF investisiya portfelinin məcmu dəyərinin 50 faizini ABŞ dolları, 40 faizini avro və 5 faizini İngiltərə funt-sterlinqində ifadə olunan aktivlərə yerləşdirir. Qalan 5 faiz isə Kanada, Yaponiya, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin Rusiya, Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə «A» (Standard ənd Purz Fiç) və ya «A2» (mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Ş.Mövsümov investisiyalara dair son məlumatları da açıqlayıb. Onun sözlərinə görə, iyul ayında 800 milyon Türkiyə lirəsi alınaraq bu ölkənin yerli banklarında qısamüddətli depozitlərə yerləşdirilib. Yaxın gələcəkdə fondun investisiya portfelində Türkiyə lirəsinin daha da artırılması nəzərdə tutulur. Növbəti mərhələdə, həmçinin Türkiyə lirəsində olan qiymətli kağızlara investisiyalar planlaşdırılıb.
Rusiya rubluna ediləcək investisiyalarla bağlı isə danışıqlar aparılır. Yaxın gələcəkdə əməliyyatların həyata keçirilməsi üçün hesablar açılacaq. Hesablar açıldıqdan sonra ilkin mərhələ kimi Rusiya rublunun alınaraq həmin ölkənin yerli banklarına qısamüddətli depozitlərə yerləşdirilməsi və növbəti mərhələdə isə həmçinin Rusiya rublunda olan qiymətli kağızlara investisiyalar planlaşdırılıb. Valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə iyul ayında 200 milyon Avstraliya dolları alınaraq həmin ölkənin dövlət istiqrazlarına investisiya edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189