Muəllif:

Diabet ölkəmizdə də «gəncləşir»

Şəkərli diabet və digər endokrin xəstəliklər infeksion təbiətli olmasa da, son 10-15 ildə böyük sürətlə artır, cəmiyyətə, ailələrə, ölkələrin iqtisadiyyatına ciddi maddi və sosial ziyanlar yaradır. Həm də təəssüflə qeyd edilməlidir ki, bu xəstəliyin gəncləşməsi bütün ölkələrdə olduğu kimi ölkəmizdən də yan keçməmişdir. Hazırda 1000 nəfərdən çox uşaq və yeniyetmə diabet və digər endokrin patalogiya ilə qeydiyyatdadır. Bu xəstəliyin məkrli təbiəti onunla izah edilir ki, onun simptomları (əlamətləri) uzun müddət özünü biruzə vermir və diaqnoz müəyyən edildikdə bir çox hallarda artıq onun ağırlaşmaları üzə çıxır.
Məhz bu amilləri nəzərə alaraq Azərbaycan Diabet Cəmiyyəti «Bakı şəhərində I-XI siniflərdə təhsil alan məktəblilər arasında şəkərli diabet və digər endokrin patalogiyaların aşkarlanması və bu sahədə maarifləndirmə işinə ictimai dəstək» adlı maraqlı bir layihəni Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının mütəxəssisləri və bir qrup gənc pediatır-endokrinoloqla əməkdaşlıq çərçivəsində hazırlamış və Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etmişdir. Layihə bəyənilmiş və Şura tərəfindən maliyyələndirilmişdir. Lazımi təşkilatı işlər görüldükdən sonra onun icrasına başlanılmış və yaxınlarda layihə sona yetmişdir.
Biz belə bir layihənin gerçəkləşdirilməsi üçün təhsil naziri cənab M.Mərdanova müraciət etdik. Nazir layihənin əhəmiyyətini qeyd edərək onun reallaşdırılması üçün lazımi göstərişlər verdi. Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi layihənin keçirilməsi üçün paytaxtın Binəqədi, Nəsimi və Yasamal rayonları ərazilərində yerləşən 12 məktəbi ayırmış və bu məktəblərin direktorlarına layihənin uğurla yerinə yetirilməsi üçün lazımi təşkilatı işlərin görülməsini həvalə etmişdir.
Layihə Binəqədi rayonunun 102, 135, 248 və 276, Nəsimi rayonunun 35, 151, 152 və 164, Yasamal rayonunun 18, 31, 60 və 153 N-li məktəblərində keçirilərək 3019 şagirdi əhatə etmişdir.
Azərbaycan Tibbi Universiteti II uşaq xəstəlikləri kafedrası əməkdaşlarının hazırladıqları müayinə-sorğu anketi əsasında hər bir uşaq tibbi müayinədən keçirilmiş, onların fiziki inkişaf göstəriciləri (boy, çəki və bədən kütləsinin indeksi) müəyyən edilmiş, piylənmə dərəcələri, boy defisiti, bəzi oğlanlarda cinsi inkişafın yaş həddinə görə irəliləməsi, bəzilərində isə geri qalması, bir neçələrində ikitərəfli və birtərəfli kriptorxizm, qalxanvari vəzdə hiperplaziya və digər endokrin patalogiyalar aşkar edilmişdir. Beləki, 525 şagirddə artıq çəki, 250 şagirddə birinci dərəcəli, 98 şagirddə ikinci dərəcəli piylənmə, 352 şagirddə isə çəki defisiti aşkar edilmişdir.
Fiziki inkişaf göstəriciləri mövcud Sentel şkalasına əsasən qiymətləndirildikdə 259 şagirdin boy göstəricisində çox geri qalmaları müəyyən edilmişdir. Qalxanvari vəzin müayinəsi zamanı 156 şagirddə qalxanvari vəzin birinci dərəcəli, 19 şagirddə ikinci dərəcəli hiperplaziya, 34 şagirddə isə digər patalogiyalar müəyyən edilmişdir.
Bütün bunlarla yanaşı uşaqların psixomator inkişafı, dərsə davamiyyət, müvəffəqiyyət göstəriciləri və sosial vəziyyəti qiymətləndirilmiş və bu göstəricilərin endokrin patalogiyalarla əlaqəsi araşdırılmışdır. Layihənin keçirildiyi bu məktəblərdə 4 nəfər 1-ci tip şəkərli diabeti olan şagirdlər ətraflı müayinə edilmiş, onların qarşılaşdıqları problemlərlə yaxından maraqlanıb lazımi tövsiyələr verilmişdir.
Endokrinologiya elmi sahəsində son tədqiqatlar ona əsas verir ki, ailələrdə 1-ci və 2-ci dərəcəli qohumlarda şəkərli diabetlə xəstə olanlar varsa, bu ailələrdəki piylənməyə məruz qalan uşaqlar böyük ehtimal ilə 2-ci tip şəkər xəstəliyinə risk qrupuna namizəddirlər. Keçirilən bu layihədə belə ailələrdən olan 167 şagirddə artıq çəki, 77 şagirddə 1-ci, 19 şagirddə isə 2-ci dərəcə piylənmə aşkar edilmişdir. Odur ki, bu şagirdlərlə bu gündən başlayaraq lazımi qabaqlayıcı profilaktik tədbirlərin aparılması, onların qida rasionlarının sağlam və enerji baxımından (kalori vahidinin) nizamlanması, fiziki fəallıqlarının artırılması (fiziki hərəkətlər, həkimin məsləhət gördüyü idman növü) məsləhətdir.
Layihəni keçirən həkim-endokrinoloqlar məktəblərdə şagirdlərlə ətraflı maarifləndirmə işi aparmış, onlara layihə çərçivəsində hazırlanmış diabet, piylənmə və qalxanvari vəzin xəstəlikləri və onların profilaktikasını özündə ehtiva edən bukletlər paylamışlar. Pataloji dəyişiklik aşkar edilmiş şagirdlərin valideynləri məktəbə çağrılmış, onlar və məktəb həkimləri bu barədə məlumatlandırılmış, onlarla lazımi maarifləndirmə aparılmışdır.
Layihənin yekunu, hazırlanmış hesabat və Fiziki inkişaf göstəricilərinin şkalası səhiyyə naziri cənab O.Şirəliyevə göndərilmişdir.
Əlbətdə, Azərbaycan Diabet Cəmiyyətinin həyata keçirdiyi bu layihə bir pilot layihə olaraq maliyyə məhdudluğu səbəbindən yalnız 12 məktəbi və bunlarda təhsil alan 3019 şagirdi əhatə edə bilmişdir. Halbuki ölkəmizdə 5000-ə yaxın ümümtəhsil məktəbi və onlarda bir milyondən çox uşaq və yeniyetmə təhsil alır. Layihənin məqsəd və məramı baxımından bu tibbi müayinələr bütün şəhər və rayonlarındakı ümumtəhsil məktəblərində aparılmaqla oradakı bütün uşaq və yeniyetmələr əhatə olunmalı, alınan nəticələr təhlil edilməli, bu və digər patalogiyaya məruz qalanlarla xüsusi profilaktik tədbirlər keçirməli, geniş maarifləndirmə işi təşkil edilməlidir. Göründüyü kimi, bu mühüm məsələ dövlət səviyyəsində həyata keçirilməlidir.
Gənc nəslin sağlam və gumrah inkişafı xalqımız üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir. Bu baxımdan ümüd edirik ki, keçirdiyimiz bu pilot layihənin məqsədi, alınan nəticələr səhiyyə, təhsil orqanlarını, bütün valideynləri və ictimaiyyəti düşündürəcək, belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyinə inandıracaqdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190