Deputat: «İsa Qəmbərin çağırışı təqdir olunmalıdır»
«İsa Qəmbərin boykotdan imtina ilə bağlı çağırışı təqdir olunan, başadüşüləndir. İsa Qəmbər bununla bir partiya sədri və hakimiyyətə iddialı şəxs olaraq artıq gələnilki prezident seçkilərində iştirakda qəti olduğunu ortaya qoyub». Bu sözləri deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Müsavat Partiyasının başqanı İsa Qəmbərin boykotdan imtina çağırışının onun bir sıra Avropa ölkələrinə bu son səfərindən sonraya təsadüf etməsinə və bununla bağlı müxalif mediada bir sıra versiyaların irəli sürülməsinə münasibətini bildirərkən deyib. Partiya sədri xatırladıb ki, ötən 2008-ci il prezident seçkilərində özünü aparıcı adlandıran müxalifətin boykot taktikası alınmadı. Ağamalı:
«Dövlət başçısı İlham Əliyev isə o zaman seçkilərdə iştirak edərək və xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən ölkə Prezidenti seçildi. Ancaq o zaman boykot yolunu tutan partiyalar nə qazandılar? Heç nə! Onların qazandıqları heç nə olmadı, əksinə, itirdikləri çox şeylər oldu. Konkret olaraq «Müsavat»dan qopmalar baş verdi, partiyanın tanınmış simaları istefa verdilər, bəziləri aktiv siyasətdən çəkildilər, bir sıra rayon-şəhər təşkilatları özlərini buraxdılar. Beləliklə, nəticədə partiyanın sosial bazası xeyli zəiflədi və Müsavat Partiyası «mərkəzi aparat» partiyasına çevrildi. Eyni sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyası haqda da demək olar. Bu partiya daha betər vəziyyətlə, aqibətlə üzləşdi».
F.Ağamalının qeyd etdiyinə görə, ancaq müxalifətdən olan digər partiyalar, siyasətçilər prezident seçkilərinə qatılaraq, qanunvericiliklə prezidentliyə namizədlər üçün yaradılmış imkanlardan istifadə edərək, öz təbliğatlarını qurdular, öz baxışlarını ortaya qoydular, özlərinin cəmiyyətdən tərəfindən daha yaxından tanınmasına cəhd göstərdilər və sonda məğlub olmalarına baxmayaraq, müəyyən dərəcədə öz məqsədlərinə nail ola bildilər:
«Eyni zamanda, qalib gələn şəxsi təbrik etdilər və bununla da ölkədə siyasi mədəniyyətin, sivil münasibətlərin daha bir ənənəsi qoyuldu. Bu baxımdan, indi belə hesab edirəm ki, İsa Qəmbərin mövqeyi top-tüfənglə qarşılanmalı deyil. Mən onu da dəqiq deyə bilmərəm ki, o, kimdən və haradan təlimat alıb, bu haqda əlimdə konkret fakt yoxdur.
Amma bununla belə, bir daha hesab edirəm ki, nəhayət, bəzi digər müxalifətçilər də boykotdan əl çəkməli və seçkilərə qatılaraq, öz güclərini sınamalıdırlar. Seçkilərin sonunda isə kimin qalib olmasından asılı olmayaraq, uduzan tərəf məğlubiyyətini etiraf edib, qalib gəlmiş şəxsi təbrik etməli, onun legitimliyini tanımalıdır…»