Muəllif:

Dənizkənarı Milli Parkda velosiped yürüşü

Dünən Dənizkənarı Milli Parkda velosipedçilərin yürüşü keçirilib. Avropa şəhərlərində çox rast gəlinən, insanlarda xoş təsir oyadan yürüş bizim şəhərdə də artıq bir ənənəyə çevrilməkdədir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən bu yürüş bir saata yaxın davam edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) «Trend»ə verilən məlumata görə, tədbirdə Yeni ilin gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylayıb, onlara bayram sevinci bəxş ediblər. Şəhər sakinləri bu aksiyanı maraqla qarşılayıb, sovqatlar körpələrin sevincinə səbəb olub.
AVİF bu tip sosial aksiyaları davamlı olaraq keçirməklə idmanın bu növünə olan marağın artırılmasına çalışır. Məlum olduğu kimi, 2012-ci ilin mayında ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ilk beynəlxalq velosiped turu keçirilmiş, bu turda 17 ölkədən 20 komanda iştirak etmişdi. Bunun ardınca ölkənin bütün regionlarında da respublika əhəmiyyətli velosiped yarışları təşkil olunub.
Sentyabrda Azərbaycan velosipedçilərindən ibarət milli komanda ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq velosipedçimiz Elçin Əsədov və Toğrul İsgəndərov velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193