Daha nə olmalıdır ki?
«Əqidəsinə sahib çıxa bilməyən, Bakı küləyi kimi gündə bir yana əsən, «ucalmaq» xatirinə müxtəlif alçaqlıqlara imza atan, var-dövlət xatirinə ən doğma saydıqlarını belə ayaq altına atan namussuzlardan uzaq olun, ey mənim gənc dostlarım. Belə şərəfsizlərin dostu olmaqdansa, tək qalmaq min dəfə ləyaqətlidir!» Bu sözlər Azərbaycanın əməkdar artisti, sənətkar-pedaqoq Aybəniz Haşımovaya məxsusdur. İfaçılıqla yanaşı, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan Aybəniz xanımın Facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı bu sözlərdən göründüyü kimi, bəşəri dəyərlərdən kənara çıxmaq hallarına etinasız qala bilməyib. Onu bərk narahat edən məqamları dilinə gətirib:
«Daha nə olmalıdır ki? İnternetdən oxuduqlarım, müğənnilər arasında qalmaqallarla bağlı xəbərlər mənə çox pis təsir edir. Bütün canım ağrıyır. Düz 3 gündür təzyiqim düşmür.
Son günlərdə baş verən qalmaqallardan utandığımdan az qalıb ki, sənəti atım. Gün ərzində müxtəlif tədbirlərdə məni görən ziyalılar, nüfuzlu insanlar mədəniyyətimizdə baş verən bu eybəcərliklərlə bağlı mənə narahatlıqlarını bildirirlər.
Bilmirəm onlara nə cavab verim? Ayıbdır, vallah, ayıbdır. Həm onların yerinə, həm də öz yerimə utanıram. Bəsdirin! Bu nə deməkdir? Bizə Xan Şuşinskidən, Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan əmanət qalan sənəti niyə belə alçaldırsız?
Niyə bizi hörmətdən salırsız? Axı sizə kim bu haqqı verib? Xoşunuza gəlmir, gedin başqa sənətin qulpundan yapışın. Mən atasız-anasız, bir qarnı ac, bir qarnı tox Bakının düzlərində bu sənətə yiyələnmişəm. Saatlarla royal arxasında oturub məşq etmişəm ki, bir mahnını düzgün, səviyyəli şəkildə təqdim edim.
Yaşıdlarım kefi istədiyini etdiyi halda, mən vaxtımı musiqinin, sənətin incəliklərini öyrənməyə sərf etmişəm. Mənim sevgiylə, eyni zamanda da əzab-əziyyətlə gəlib çıxdığım sənətimi niyə xalqımın gözündən salırsız? Niyə?»
Əməkdar artist danışdıqca daha da qəzəblənirdi: «Peşman olublarsa, getsinlər, amma sənəti bu günə qoymağa haqları yoxdur. Başa düşə bilmirəm ki, bunlar sənətə gələndə nə düşünürlər? Populyarlıq xatirinə hər yola əl atırlar. Başları dava-qırğına elə qarışır ki, yadlarına düşəndə aradabir mahnı da oxuyurlar. Bunlar bir-birinin üzünə baxanda utanmırlar, xəcalət çəkmirlər?»
Aybəniz Haşımova tələbələrinin mədəniyyət sahəsində, daha doğrusu, şou-biznesdə baş verənlərin gənc nəslə pis təsir etdiyini, onları vahiməyə saldığını da vurğulayır:
«Tələbələrim çaş-baş qalıblar. Uşaqlar «Aybəniz xanım, bəlkə, bu sənətdən gedək?», — deyə soruşurlar.
Sənətimizi belə hörmətdən salmağa axı nə haqları var? Mən hesab edirəm ki, Azərbaycanın musiqi mədəniyyətinin inkişafını arzulayan, buna çalışan insanlar baş verən bu hadisələrə laqeyd qalmamalıdırlar. Hamımız bir araya gəlib sənətimizi düşdüyü ağır durumdan çıxarmağa çalışmalıyıq».
Qeyd edək ki, son vaxtlar bəzi şou-biznes mühitindəki düşmənçilik münasibətləri, ədavətlərin kriminallaşması və ictimailəşməsi bir çox sənətçiləri gerçəkdən narahat edir.