Muəllif:

Dağıstanda alovlanan siyasət

Quzey Qafqaz bölgəsini «Qərbi Qafqaz» və «Şərqi Qafqaz» inzibati bölgüsünə ayırmaqla Rusiya etnoqrafları bölgədə yaşayan yerli xalqların milli oyanış prosesinin qarşısını ala biləcəklərinə ümid edirlər. Tək bu deyil, başqa variantlar üzərində də işlməyə başlayıblar. Bu gün Moskvanı buna ən çox vadar edən səbəblərdən biri də Qafqaz toplumlarında ayrı-ayrılıqda tədricən milliyyətçi və ya aşırı dalğanın güclənməsidir. Adıge (çərkəz) kökənli toplumların «Adıge Xase», «Uluslararası Çərkəz Konqresi», «Çərkəz Konqresi» və digər qurumları bu gün adıgey, abaza, şapsuq, kabarda və çərkəz xalqlarını bir araya gətirməklə aşağılardan yuxarıya doğru ümumi vətəndaş cəmiyyətinin yaradılması üçün hərəkətə keçmişlər. İnquşlara məxsus «Ezdel» Mədəni-Maarif Mərkəzi tərəfindən bu toplumun daha radikal məcrada fəaliyyətə başlaması və digər toplumların milliyyətçi axara meyilli olması bölgədə yeni prosesin genişlənməsinə açıq şəkildə bir işarədir.

Bəs Dağıstanda daha nələr qaynayır?

Adıge (çərkəz) kökənli toplumlar bir araya gələrək Quzey Qafqazla yanaşı, Qara və Azov dənizləri hövzəsinə iddia etməklə bərabər, bu ərazilərin tarixən onlara məxsus olmasını milli iradəyə çevirməyə başlamışlar. Eyni etnik mənşəyə malik olan çeçenlər və inquşlar İçkeriya siyasətinin tarixinə söykənərək Stavropol vilayətinin ən azından yarısına özlərinin tarixi ərazisi kimi baxmağa başlamışlar. Belə bir düşüncə indi də Dağıstanı haqlamışdır. Xüsusilə, Dağıstanın şimal-qərb bölgəsində «Avarıstan» coğrafiyasını formalaşdırmaqla yanaşı, paytaxtı Xasavyurt şəhəri olmaqla bu prosesdə milli konsolidasiya istiqamətində artıq açıq hərəkətə keçmişlər.

Xasavyurt şəhərinin meri, Dağıstanda «Şimal Alyansı» qruplaşmasının liderlərindən hesab olunan Seyidpaşa Umaxanov «Avar Milli Muxtariyyəti»nin yaradılması üçün hətta qurultay da keçirmişdir. Bu niyyətə Rusiyada ən zəngin avarlar da dolayı yolla dəstək vermişlər. Bölgədə Umaxanova bağlı olan gizli silahlı qruplar, ənənəvi dini siyasət tərəfdarları, ziyalılar belə milli səfərbərlik yönündə hərəkətə keçmişlər. Botlix, Gergebil, Hümbətov, Qunib, Tələtər, Untsukul, Xunzax, Tsumadin, Çarodin, Kizlər, Buynaksk, Axvax və Kazbek rayonlarının birləşdirilərək «Avarıstan projesi»ni gerçəkləşdirməyə ümid edirlər. Hətta bu siyasətdə geniş mənada Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarında olduqlarını belə gizlətmirlər. Son ümumavar qurultayında hədəflər ortaya qoyulmuşdur.

Faktiki olaraq, avarlarla məskun inzibati rayonlar sayəsində Dağıstanda hökumətin təşkili və eləcə də Moskvanın özünə qarşı öz iradələrini ifadə etmələri daha sərt xarakter almağa başlamışdır.

Dağıstanda bu proses etnoklanlar tərəfindən idarə olunan digər bölgələrdə də inkişaf etməkdədir. Məşhur insan haqları müdafiəçisi İsalməhəmməd Nəbiev qeyd edir ki, zəngin avar liderlər xalqın adından istifadə etməklə öz maraqlarını təmin etmək üçün lazım gələrsə, əllərindəki vəsaitləri hər hansı bir ad altında xərcləməyə hazırdırlar. Onlar heç zaman avar xalqının milli maraqlarını müdafiə etməmişlər.

Bir zamanlar çoxlu sayda təşkilatlar yaradaraq guya avar xalqının milli maraqlarını müdafiə edirdilər. Elə ki, yüksək səviyyədə təminatlarını əldə etdilər, milli maraqlar dərhal unuduldu. Əslində etnoklan adı altında etnomafiya yaradan avar liderlərini öz xalqının taleyi heç vaxt maraqlandırmamışdır. Süni şəkildə ortaya atılmış bu siyasət imitasiyadan savayı heç nəyə yaramır.
Kumukların toparlanması

«Kumuk Ağsaqqllar Şurası» qurumu öz sıralarında bütün ictimai qurumları birləşdirməklə hansısa xalqa qarşı mübarizəyə səfərbər olunmaq üçün deyil, öz tarixi-coğrafi ərazlərini qorumaq üçün bütövlükdə kumuk xalqını milli konsoliadsiya yoluna yönəltməyə çalışır. Paytaxt İnciqala (Maxaçqala), Qorxmazqala, Qarabudaqkənd, Tarki, Qayakənd, Temirxan Şura (Buynaksk), Qumtorqala, Babayurd, Qızılyurd rayonlarında milli inzibati ərazi şəklində yaşamağı üstün tuturlar. Milli muxtariyyət statusunun ortaya atılmasını isə müdafiə etmirlər.

Kumuklar bir etnos kimi öz mövcudluğunu qorumaq və qarşıda gözlənilən torpaqların özəlləşdirilməsi prosesində onlara məxsus tarixi-coğrafi ərazilərin başqa toplumlar tərəfindən inhisara alınmasına qarşı dirəniş göstərmək zorunda qalmışlar. Xüsusilə İnciqala, Qorxmazqala, Atlanaul, Tarki-Qayakənd, Ulubiyaul, Karlanyurt, Dorgeli, Şamxal-Termen, Üçkənd, Kazaniş, Elbörü, Leninkənd, Kyahulay, Lvov və digər yaşayış məntəqələrinə məxsus iri torpaq sahələrini ələ keçirmək istəyən dargin, avar, lak və ləzgi işadamlarına qarşı səfərbər olunmuşlar. Buna görə də İnciqalanın yaxınlığında ayrıca Tarki rayonunun təsis edilməsi tələbini irəli sürürlər.

Heç də təsadüfi deyil ki, paytaxt İnciqalanı 20 ildir idarə edən mer Səid Əmirov (dargin etnomafiyasının xaç atası) dərhal bildirmişdir:

«Ayrıca Tarki rayonunun yaradılması üçün Tarki, Kyahulay və Elbörü qəsəbələrinin birləşdirilməsi Dağıstanın bir neçə inzibati regiona bölünmə təhlükəsini sürətləndirə bilər və burada uduzan tərəf avarlar, laklar, darginlər və ləzgilər olacaqdır. Durumun belə bir həddə çatmasının qarşısını almaq üçün Moskva iradə göstərməlidir».

Hazırda kumuk milli təşkilatları prosesin bu həddə çatmaması üçün onların tarixi-coğrafi ərazilərində başqa millətlərin özəlləşdirmə prosesinə qatılmamalarını bir tələb kimi irəli sürmüşlər.

Lak qurultayının pərdəarxası

Sentyabrın sonunda «Lak Milli Şurası»nın təşəbbüsü ilə qurultay keçirildi. Çeçen-akkinlərə və kumuklara aid Auh rayonunun ərazisinə dağlıq ərazilərdən köçürülən laklar üçün yeni rayon yaradılması ideyası səsləndirildi. Guya keçmiş SSRİ hökuməti lak xalqını dağlıq bölgədən indiki çöl ərazilərinə zorla köçürmüşdür. Guya indiyə kimi lakların bir toplum olaraq sosial-iqtisadi həyat tərzində problemlərin ağırlığı hələ də qalmaqda davam edir. Halbuki laklar dağlıq ərazilərdəki tarixi-coğrafi torpaqlarına geri dönməyi düşünsəydilər, bu zaman Dağıstanda 150 minlik çeçen akkinlərin də problemləri həll edilmiş olardı. Onlar bir millət olaraq 1944-cü ildə Orta Asiyaya sürgün olunmuşlar və indiyə kimi öz tarixi torpaqlarında normal şəkildə yaşamaq problemlərini çözə bilmirlər.

Auh rayonu Dağıstan və Çeçenistan sərhədlərinin uzlaşdığı ərazidə yerləşir. Moskva buranın adını dəyişdirərək Novolak qoyulmasını da rəsmiləşdiribdir. Qurultayda laklardan daha çox, avar siyasi liderləri fəallıq göstərərk Novolak rayonu ideyasını müdafiə etdilər. Ləzgi milli təşkilatlarının nümayəndələri də avar liderlərin bu ideyasına dəstək verdilər.

Siyasi analitiklərin fikrincə, çeçen-akkinlər və kumukların hər zaman bir-birlərini müdafiə etməsi əslində Dağıstanda avar və ləzgi revanşizminin qarşısının alınması deməkdir. Ona görə də avarlar və ləzgilər lakları irəli verməklə öz strateji hədəflərini sərgiləyirlər. Laklar isə Rusiyanın federal büdcəsindən əlavə dotasiya almaqla məskunlaşma siyasətinə ümid edirlər.

Ləzgi anklavı

«Cənubi Dağıstan və «ləzgidilli xalqlar» (ləzgi, aqul, tsahur, tabasaran, budux, rutul, qırız, udin) strategiyası adı altında Dağıstanın güneyinin ləzgilərin nəzarətinə keçməsi üçün irəli sürülən iddialarda mərkəzi Dərbənd şəhəri olmaqla Aqul, Tabasaran, Xiv, Rutul, Axtı, Doqquzpara, Məhərrəmkənd, Süleyman Stalski, Kurax, İzberbaş, Dağıstan Odları rayonlarının bir araya gətirilməsi, sonucda isə «Ləzgistan» ideyasının irəli sürülməsi bir hədəf olaraq görülməkdədir. Bu ideyanın irəli sürülməsinə utopik yanaşanlar da vardır. Belə ki, bütün ümidlərini milyarder Süleyman Kərimova (dünyada ən zəngin ləzgi hesab olunur) dikənlər tədricən bunun fərqinə varmağa başlamışlar.

2008-ci ildən bu yana Kərimov «Cənubi Dağıstan» projesinin tərkib hissəsi olan siyasətə uyğun tələb olunan yatırımları qoymamışdır. Buna görə də radikal ləzgi milliyyətçiləri gözlərini Moskvadakı «Rusiya Ləzgi Milli Mədəni Muxtariyyəti» qurumuna dikmişlər. Bu qurumun isə siyasi bəyanatlardan uzağa getməkdən savayı əlindən heç nə gəlmir.

Beləliklə, bu dəfə ləzgi liderlər Cənubi Dağıstan siyasətində onlara yeni ümid qapısı kimi görünən vəhhabi siyasətinə üz tutmuşlar. Hazırda milliyyətçi və sələfilik ideyaları əsasında heç bir perspektivi olmayan və bu qarışıq siyasətin axarında yeni dalğa üzə çıxmışdır. Bu da terrorlar və təhdidlər əsasında yaşam normasından ibarət olan proses deməkdir.

Yeni alternativ proseslərin axarı

Oktyabrın 26-da Moskvada «Kosmos» mehmanxanasında Dağıstan müxalifəti adı altında növbəti bir qurultay keçirildi. Qurultaya 400 nəfərdən çox nümayəndə qatılmışdı. Bu qurultaya xüsusi bir ad da düşünülmüşdü: «Dağıstan xalqlarının qurultayı». Bu qurultaya çeçen-akkinlər və kumuk, noqay, Azərbaycan türkləri qatılmadılar. Əslində isə burada regional etnoklanlar (avar, dargin, ləzgi, lak) arasında hakimiyyət uğrunda mübarizə aparan mafiyalar toplaşmışdı. Onlar prezident Məhəmmədsalam Məhəmmədovun istefasını irəli sürməklə niyyətlərinin ciddi olduğunu gizlətmədilər də. Ədalətli Rusiya Partiyasının Dağıstan bölgə təşkilatının lideri Hacımurad Ömərov qurultayda çıxış edərək bölgənin indiki durumunu belə ifadə etmişdir:

«Faktiki olaraq bölgə Birləşmiş Ərəb Əmirlikləri rejiminə bənzər qanunlarla idarə olunur. Rusiyanın heç bir qanunu Dağıstanda keçərli sayılmır».

Dağıstan etnoklanlarının başında duranları sadəcə öz şəxsi maraqları ilgiləndirir. Cəmiyyəti mövcud sosial-iqtisadi problemlərin həllində birləşdirə biləcək hansısa siyasi güc ortada yoxdur. Bu səbəbdən yaranmış bu boşluğu tədricən sələfi hərəkatı doldurmağa başlamışdır. Bu yöndə «Dağıstan Mücahidlərinin Azadlıq Cəbhəsi» adlı yeni bir hərəkat güclənməkdədir. On ildən çoxdur belə bir prosesin tədricən revanş götürməsi üçün xüsusi hazırlıqlar görülmüş və bu istiqamət qaçılmaz bir prosesə çevrilməkdədir.

«Dağıstan xalqlarının alternativ qurultayı»nın keçirilməsinin gizli səbəblərindən biri məhz dolayı yolla sələfi hərəkatına dəstək verilməsi idi. Bu prosesin maraqlı görünən tərəfi odur ki, qurultayın təşəbbüsçüləri bir vaxtlar Moskvanın ayırdığı büdcəni talayanlar idi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 252