Cinsi tərbiyə: lehinə və əleyhinə?
Orta məktəblərdə cinsi tərbiyə dərslərinin vacibliyi gündəmdədir. Bu məsələ «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» qanuna əlavədə öz əksini tapacaq. Lakin cinsi tərbiyə dərslərinə ehtiyac varmı? Bizim mentalitetdə müəllimin şagirdlərə bu mövzuda danışması nə dərəcədə uğurlu alına bilər?
«Trend» agentliyi MM Sosial-siyasət komitəsinin üzvü, deputat Elmira Axundovanın sözlərinə istinadən yazır ki, «Yetkinlik yaşına çatmayanlarla mütləq şəkildə cinsi tərbiyə işi aparılmalıdır».
«İnsanları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Hazırda Azərbaycanda bir çox gənclər ailə qurarkən, ailə həyatına tam hazırlıqsız olurlar. Özəlliklə də kənd yerlərində», — deyə agentlik Axundovadan sitat gətirib.
Cinsi tərbiyə dərslərinə ictimaiyyət arasında münasibət bu gün üçün birmənalı deyil, əleyhinə və lehinə olanlar var. Qanuna belə bir fənnin salınmasına «mütləq etiraz» Milli Fikir Mərkəzindən (MFM) gəlib. Mərkəzin sədri Şəhriyar Məcidzadə cinsi tərbiyə dərsinin gələcəkdə «ciddi fəsadlar» törədəcəyinə inanır. O, bu dərsin tədrisindən öncə, cəmiyyətdə sosioloji və psixoloji araşdırmalar aparılmasını istəyir:
«Birləşmiş Ştatlarda bu tip qərar verməzdən əvvəl yeniyetmələri araşdıran, büdcəsi 1,5 milyard dollar olan mərkəzlər yarandı. İngiltərə kimi Qərb ölkələri isə bundan artıq imtina edib».
Məcidzadə cinsi tərbiyə dərslərinin xarici ölkələrdə «QİÇS xəstəliyi və cinsi zorakılığın artmasına səbəb olduğunu» xatırladır. Bu dərslərin «dindarları ayağa qaldıracağını» və «bölgələrdə qızların məktəbə buraxılmayacağı» kimi nəticələri olacağını da düşünür. Belə bir mübahisəli misal da gətirir: 1979-cu ildə əhalisinin cəmi iyirmi faizinin dindar olduğu İranda xalqın sürətlə liberallaşdırılması İslam inqilabı ilə nəticələndi. Məcidzadə «Azərbaycanı da eyni yolun gözləyəcəyini» düşünür.
Fəqət dini radikallığı ilə seçilən Nardaran Ağsaqqalları Şurasının rəhbəri Məşədi Natiq dindarların cinsi tərbiyə dərslərinə «qarşı olmadığını» deyir, Amma şərt qoyur:
«Əsas məsələ fənnin necə təqdim edilməsidir, əxlaqi terminlərdən istifadə etməklə, azərbaycanlı əxlaqı ilə və qızlar və oğlanlar üçün ayrı auditoriyalarda təqdim edilərsə, heç kim qarşı olmaz». Məşədi Natiq bunu BBC Azərbaycancaya deyib. O xatırladıb ki, dini mərkəzlərdə əxlaq dərslərində də «hər şeydən danışırlar, amma qızlar və oğlanlara ayrı-ayrı otaqlarda». MFM sədri Məcidzadə «dindarların etiraz etmə ehtimalından» başqa, qanun qəbul olunarsa, təhsil sisteminə «ziyan gələ biləcəyini» də iddia edir:
«Seksual münasibətlərin necə qurulacağı barədə dərs danışılan auditoriyada ciddilik qalar, təhsil qalar?» deyə Məcidzadə sual edir. Mərkəzin 8 noyabrda yaydığı bəyanatda yazılır ki, «təklif Azərbaycanın mənəvi dəyərlərini aşağılanması kimi qiymətləndilir və onun dərhal gündəmdən çıxarılması tələb edilir».
Yeni qanun layihəsini əldə edə bilməyən Mərkəz, bu məsələnin gündəmdən qalxması üçün «hərəkətə keçəcəyini və tədbirlər və dinc aksiyalar keçirəcəyini» də bildirib. Məcidzadə deyir ki, «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» qanunun nüsxəsini dəfələrlə əldə etməyə çalışsa da, mümkün olmayıb. Yerli media yazır ki, yeni qanunda «yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyə və təhsili ailədə, habelə müvafiq təhsil proqramlarına əsasən təhsil müəssisələrində xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir».
«Təmiz Dünya» İB sədri Mehriban Zeynalova düşünür ki, dərsin adı — «Cinsi tərbiyə» qıcıq doğura bilər. Ancaq mən düşünmürəm ki, bu fənnin tədrisi qızların məktəbə buraxılmaması kimi ağır nəticələrə gətirsin. Deyir:
«İstənilən halda uşaqlar hardansa məlumat alırlar. «Sınıq telefon» deyilən anlayış var, yəni informasiyanın ötürülməsində yanlışlıq olur. O mənada hesab edirəm ki, təklif qəbulediləndir. Amma bu məsələdə mentalitet nəzərə alınmalıdır. Məsələn, dəfələrlə HİV-lə bağlı dərslərdə qarşıdurmalara şahid olmuşuq. Müəllim çəkinib, pərdəni götürmək istəməyib, münasibətləri pozmaq istəməyib, düşünüblər ki, uşaqlar artıq sual verə bilər, cavab verilə bilməz… Bu psixoloji yanaşma da ona səbəb olub ki, HİV-lə bağlı dərs lazımi formada keçilməyib. Eləcə də, insan alveri ilə bağlı. Valideynlər də aqressiv qarşılayırlar ki, sən mənim uşağıma nə öyrədirsən, niyə öyrədirsən, uşaqları yoldan çıxarırsan. Ancaq istənilən halda informasiya texnologiyaları əsridir, uşaqlar həmin informasiyaları hardansa götürürlər…».